Böyük Qayıdış proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin fəal məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam etdirilir. Dövlət Məşğulluq Agentliyi Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində əmək yarmarkası təşkil edib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XQ-yə verilən xəbərdə bildirilir ki, işğaldan azad edilən ərazilərimizdə keçirilən ilk əmək yarmarkası Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə təşkil edilib. Dövlət və özəl sektorun Füzulidə fəaliyyət göstərən 20 işəgötürən qurumun iştirak etdiyi aksiyada müxtəlif istiqamətlər üzrə 200-ə yaxın vakansiya təqdim edilib. Yarmarkaya qatılan sakinlərə iş yerləri və öhdəlikləri haqqında məlumat verilib. Müraciət edənlərin qeydiyyatı aparılıb.
Sonra keçirilən görüşdə işəgötürənlərə agentliyin fəaliyyəti, məşğulluq tədbirləri, köçürülən sakinlərin məşğulluqlarının təmini istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, köçürülən ailə üzvlərinin məlumatları təhlil olunub, onların məşğulluğa cəlb edilməsinə başlanılıb. Hazırda 73 nəfər münasib işlə təmin olunub, 20 nəfər özünüməşğulluq proqramına cəlb edilib və daha 150-dək sakinin məşğulluğu üçün işlər aparılır.
Zərifə BƏŞİRQIZI
XQ