Ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq şəhərdəki Heydər Əliyev Mərkəzində “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransın əvvəlində eyni adlı sənədli film nümayiş etdirilib. Sonra çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faizə qədər ərazisini erməni qəsbkarları işğal etmişdi. 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan ümummilli lider ölkəmizin iqtisadiyyatının, ordumuzun güclənməsi üçün ciddi tədbirlər həyata keçirdi. 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bu inkişaf davam etdirildi. Az müddətdə ordu quruculuğu sahəsində xeyli nailiyyət əldə edildi. Azərbaycan öz gücünə haqqı, ədaləti bərpa etdi. Artıq işğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri görülür, şəhər və kəndlər məskunlaşdırılır. 3-cü ildir ki, ölkə rəhbərinin imzaladığı sərəncamla respublikamızda Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunur.
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, həmçinin Mingəçevir Dövlət Universitetinin müəllimləri – tarix üzrə fəlsəfə doktoru Nizami Zeynalov və filologiya üzrə fəlsəfə doktoru Ayna Babazadə məruzələrlə çıxış ediblər.
İ.MUSAOĞLU
XQ