Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixində imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycanda Dövlət bayrağı günü bayram kimi qeyd edilir. 9 noyabr tarixində dövlətçilik tariximizin şanlı səhifələrindən biri kimi Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən və Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı milli suverenliyimizin simvolu kimi 17 noyabr 1990-cı il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ulu öndəri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. NMR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 5 fevral 1991-ci il tarixində həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Ulu öndrə Heydər Əliyev sonralar bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanunu ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında ağ rəngdə aypara və səkkizguşəli ulduz təsviri vardır. Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. Dünyada ilk dəfə ən hündür və böyük bayraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 1 sentyabr 2010-cu il tarixində Bakıda qaldırılmışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir...”
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisi Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. Dünya dövlətləri bayraqları sırasında şərəfli yer tutan özünütəsdiq simvolu olan Dövlət Bayrağımız bütün dünya azərbaycanlılarını birləşdirir.
Ümummilli lider Heydər Əliyevin dövlət atributları haqqında müdrik kəlamı olan: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” ifadəsi hər bir azərbaycanlı üçün əbədi örnəyə çevrilib. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”.kimi ifadəsi xalqımızın milli bayrağımıza olan ümumi sevginin təcəssümüdür.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 27 sentyabr 2020-ci ildə erməni işğalçılarına qarşı başlanılan əks hücum əməliyyatları Möhtəşəm Zəfərlə nəticələnmişdir. Bu gün hər birimiz çox sevincli və qürurluyuq ona görə ki, cəmi 44 gün davam etmiş İkinci Qarabağ, Vətən müharibəsi zamanı işğal altındakı bütün ərazilərimiz azad edilərək üç rəngli bayrağımız Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada, Ağdamda , Kəlbəcərdə, Laçında və neçə-neçə qəsəbə və kəndlərimizdə dalğalanır.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini