Zəfər sevincini bizə yaşadan Azərbaycan Ordusu ilə qürur duyuruq

post-img

Azərbaycan tarixdə ən böyük qələbəsini – Zəfər Gününü qeyd edir. Tarix boyu həmişə birləşməyi bacaran, həmrəylik nümayiş etdirən millətlər, xalqlar qələbəyə nail ola biliblər. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyası, müdrik, uzaqgörən siyasəti ətrafında birləşib dəmir yumruğa çevrilən xalqımız məhz milli birliyi sayəsində böyük Zəfər qazandı. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, cəmiyyətimizin bütün üzvləri, xüsusilə gənclər bir əsgər kimi vuruşdular, şəhid oldular. Bu güc, bu qüdrət milli həmrəyliyimizdən, birlik və dostluğumuzdan, doğma Vətənin hər qarış torpağına sərhədsiz sevgidən irəli gəlir. Bu gün qalib xalq kimi sonsuz qürur hissi keçiririk. 

Bu sözləri “Xalq qəzeti”nə açıqlamasında təhsil eksperti, “Əsgərə Xatirə” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva deyib. Onun sözlərinə görə, Müzəffər Azərbaycan Ordusu qəhrəmanlığı, peşəkarlığı ilə təkcə düşmən ölkənin silahlı qüvvələrini məhv etməyib. Ermənistanın illərcə öz ordusu haqqında yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın edib. 

Ölkənin hərbi potensialının dayanmadan artması, Azərbaycan Ordusunun Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilməsi müstəqil dövlətimizin artan gücünü göstərir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir ki, ötən 17 ildə ölkəmizin müdafiə sistemi möhkəmləndirilib. Döyüş hazırlığına görə MDB məkanında ön sıralarda olan Ordumuz maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlük qazanıb. 

N.Şıxəliyeva qeyd edib ki, 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan əsgərinin sarsılmaz iradəsi gənclərimiz üçün nümunə olmuşdur. Vətən müharibəsində gənclərimizin göstərdiyi fədakarlıq, həm də Azərbaycan gəncliyinin qüdrəti kimi tarixləşdi, bəşəri əhəmiyyət kəsb etdi. Döyüşlərdə yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasına çevrildi, ürəkləri sızlatdı. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanına çevrilərək müqəddəsləşdi. Bu gün şəhid ailələrinə ölkəmizdə göstərilən xüsusi diqqət dünya miqyasında nümunə sayıla bilər. Qarabağ döyüşlərinin qazilərinin məişət problemlərinin həll olunması, onlara dövlət tərəfindən lazımi dəstəyin verilməsi dövlətin bundan sonra da öz əsgərinin yanında olacağını göstərir. 

Bugünkü reallıqlar birmənalı şəkildə təsdiqləyir ki, yeni nəsil vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişib və onların təşəbbüsləri, əməyi cəmiyyətin bütün sahələrində görünməkdədir. 

Vətənə və xalqa sədaqət andını yüksək səviyyədə və inamla yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev vurğulayıb ki, Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. 

Dövlətimizin rəhbərinin “Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır” fikrini vurğulayan Nuranə Şıxəliyeva qeyd edib ki, bu gün sürətlə inkişaf edən dünyada məhz yüksək bilik və savadla gənclərimiz daha uca zirvələr fəth edə bilərlər. Təqdirəlayiq haldır ki, bu gün gənc nəslin nümayəndələri bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor, milli məfkurəmiz olan azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşərək qüdrətli Azərbaycanın sağlam düşüncəli vətəndaşları kimi ölkəmizin inkişafına əhəmiyyətli töhfələr verirlər. Torpaqlarımızı düşmən işğalından azad etmiş gənc nəsil dahi şəxsiyyət Heydər Əliyev məktəbinin, qalib lider İlham Əliyev idarəçiliyinin yetirmələridir. 

Dövlətimizin başçısı həmişə öz dəyərlərimizə bağlı olduğumuzu və bugünkü gənclərin daim bu məsələyə çox böyük diqqət yetirməli olduqlarını tövsiyə edib. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. 

Xüsusi olaraq onu da vurğulayaq ki, Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsinin çətin və şərəfli günlərində torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərlə bağlı rəsmi “İnstaqram” səhifəsində çoxsaylı paylaşımlar edərək onların şücaətini əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi kimi qiymətləndirmişdir. 

“Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq,” –deyən ölkəmizin birinci xanımı Mehriban Əliyeva şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını vurğulamışdır. 

Bu gün Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Bu möhtəşəm Zəfər sevincini bizə yaşadan güclü Azərbaycan Ordusu ilə qürur duyuruq. Qalib ölkənin qalib gəncliyi öz Lliderinə, Azərbaycan Prezidenti İlham Əliyevə həmişə sadiq və minnətdardır! 









Sosial həyat