Türk Xəbər Agentlikləri Alyansı yaradılıb

post-img

Türk Xəbər Agentlikləri Media Zirvə görüşü keçirilib.
İstanbulda baş tutan tədbirdə ölkəmizi Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev təmsil edib.
Çıxışlarda türkdilli ölkələrlə bağlı xəbərlərin daha geniş miqyasda çatdırılması və səsimizin daha gur eşidilməsi baxımından birliyin vacibliyini vurğulayıblar.
Bildirilib ki, beynəlxalq ictimaiyyətin Türk dünyasına baxışını dəyişəcək ölkələrimizin media birliyi fikirlərimizin, ortaq miras və mədəniyyətimizin dünyaya çatdırılmasında əsas rol oynayacaq. Birliyin yaradılması tarixi an kimi qiymətləndirilib, bunun həm də ölkələrimiz arasında qardaşlıq bağlarının daha da güclənməsi baxımından əhəmiyyəti vurğulanıb.
Birliyin ortaq fəaliyyəti daha da gücləndirəcəyini əminliklə ifadə edən natiqlər dezinformasiya ilə mübarizənin də önəmini vurğulayıblar. Dünyanın bir sıra ölkələrində islamofobiya, irqçilik halları yaşanmaqdadır. Bu baxımdan ölkələrimizin TDT ətrafında sıx birləşərək dezinformasiyaya qarşı mübarizə aparması çox vacibdir.
Sonra Türk Xəbər Agentlikləri Alyansının (ATNA) yaradılması barədə Bəyannamə imzalanıb.

XQ

Sosial həyat