“Kəpəz”i batıranlar kənarda təqsirkar axtarırlar

post-img

Müdrik filosof Konfutsi vaxtilə demişdi: “Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də əgər pişik otaqda yoxdursa”.
Birbaşa mətləbə keçirəm. Hazırda Azərbaycanın ikinci böyük şəhəri Gəncədə “Kəpəz” futbol klubunu pis günə salanlar, acınacaqlı bir duruma gətirib çıxaranlar istefa vermək əvəzinə, təqsirkar axtarırlar. Halbuki baiskar elə özləridir. Onda özlərini qoyub kimi axtarırlar, görəsən?
Elə isə “istefa vermək də bir mədəniyyətdir” deyimini xatırladaq: “Kəpəz”i bu günə salanlar, cavab verin, yaxud da sakitcə, üzüsulu çıxıb gedin. Lakin inanmırıq ki, müvafiq qurumlar, o cümlədən hüquq-mühafizə orqanları sizin başınızı sığallasın. Çünki son 4-5 ayda böyük ənənələri, adı-sanı olan klubun daxilində elə hadisələr cərəyan edib ki, onlara biganə qalmaq, sadəcə, mümkün deyil.
Xatırlayırsınızsa, bu ilin martında qəzetimizdə bir yazı getmişdi. Adı belə idi: “Futbol dedi-qodu sevmir”. O zaman da yazmışdıq ki, böyük futbolun yenidən Azərbaycanın ikinci şəhərinə qayıtması Gəncədə sonsuz coşqu yaradıb. İstər şəhər rəhbərliyi, istərsə də AFFA və digər əlaqədar təşkilatlar oyunların şəhər stadionunda keçirilməsi üçün tədbirlər görüblər və buna nail olublar. Bildiyiniz kimi, “Kəpəz” bir neçə tur ev oyunlarını başqa şəhər və rayonların stadionlarında keçirmək məcburiyyətində qalmışdı və komandanın aktivində bir xal belə yox idi. Məhz belə bir vaxtda, yəni, ötən il sentyabrın əvvəllərində “Kəpəz” PFK İctimai Birliyi İdarə Heyətinin iclası keçirildi və o vaxtadək klubun icraçı direktoru olan İlqar Nadiri sədr seçildi, Tərlan Əhmədov isə komandanın baş məşqçisi təyin olundu.
O zaman klubun daxilində gedən xoşagəlməz proseslər, dedi-qodu, giley-güzar elə ilk andan diqqətimizi cəlb etmişdi. Doğrudur, Tərlan Əhmədov artıq mübariz bir komanda yarada bilmişdi və “Kəpəz” sonuncu yerdən aralanmış və premyer liqada qalmışdı. Amma Gəncədə “yerli-yersiz” söhbəti yaranmışdı və baş məşqçinin klub daxilində dedikləri, nizam-intizama üstünlük verməsi başqa cür yozulmuşdu. Belə bir əhval-ruhiyyəni kimlərin yaratdığını şəhərdə hamı bilirdi. Lakin klub rəhbərliyi, ilk növbədə, keçən ilin payızında idarə heyətinin sədri seçilmiş İlqar Nadiri heç kimin gözləmədiyi halda Tərlan Əhmədov kimi çox təcrübəli bir məşqçini daxildəki müəyyən qüvvələrin təsiri ilə, necə deyərlər, “oyundan kənarda qoydu”, onunla təkrar müqavilə bağlamadı.
Elə klubun enişi də bundan sonra başladı. “Tərlan Əhmədov komandada yoxdursa, biz də yoxuq”– deyərək bir neçə futbolçu klubu tərk etdi. Halbuki bu oyunçuların çoxu AFFA-nın maaşları hər ay gecikdirməsinə baxmayaraq, komandada qalıb mübariz, peşəkar oyun göstərirdilər.
Komandaya yeni baş məşqçinin – Azər Məmmədovun gətirilməsi də birmənalı qarşılanmadı. Doğrudur, keçən əsrin 90-cı illərində “Kəpəz”in heyətində maraqlı və məzmunlu oyunu ilə yadda qalan A.Məmmədov, təbii ki, Tərlan Əhmədova çata bilməzdi. “Səbail” klubunda ikinci məşqçilikdən dəvət olunan mütəxəssis ciddi dönüş yaratmağa nail olmadı. Rəhbərlik də lazımi köməklik göstərmədi.
Bugünlərdə klubda vəziyyəti öyrənmək üçün bazaya getmişdik. Azər Məmmədovla ayaqüstü, qısa söhbətimiz oldu, məşqə tələsirdi. Bu o məşq idi ki, “Qarabağ”la keçiriləcək və biabırçı məğlubiyyətə uğrayacaq oyuna hazırlaşırdılar. Dedik: “Azər, hiss olunur ki, çalışırsan və çox istəyirsən ki, “Kəpəz” qələbə qazansın. Hər dəfə də görürük ki, çox üzülürsən. Amma alınmır.”
Heç nə deməyib gülümsəyərək yaxınlıqdakı yaşıl meydançada onu gözləyən futbolçuların yanına üz tutdu.
Sonra Gəncə Futbol Akademiyasının direktoru Cabir İbrahimovla söhbət etdik. Üç aydır ki, bu vəzifədədir. Əvvəllər stadionun, sonra klubun icraçı direktoru olub. Tanınmış idmançıdır, Dünya və Avropa yarışlarında mükafata layiq yerlər tuta bilib. Hiss olunur ki, akademiyada sağlam əhval-ruhiyyə, işgüzar mühit, nizam-intizam yaratmaq istəyir. Deyir ki, burada 12 yaş qrupu üzrə məşğələlər, dərslər keçirilir. Bunlardan biri qızlar qrupudur. Hər bir şərait var. Sadəcə, bizə göstərilən etimadı doğrultmalıyıq.
Akademiyanın yataq, istirahət otaqlarını, akt zalını və digər guşələri göstərir. Təzə mebellər, digər avadanlıq quraşdırılıb, bəzisinin heç yeşiyi açılmayıb. Qürurla deyir ki, Azərbaycanda ikinci belə bir baza yoxdur.
Dörd tərəfi hasara alınmış şəhər stadionunun yenidən qurulmasının vəziyyəti ilə maraqlandıq. Əslində, bu barədə bir qədər əvvəl Gəncə–Daşkəsən Regional Gənclər və İdman Baş İdarəsinin rəisi İntiqam Hüseynovdan soruşmuşduq. Cavabı qəribə olmuşdu: “Düzü, idarəmiz “Kəpəz” ilə yaxından məşğul olmur, həm də nazirliyimiz icazə vermir ki, stadionda təmir işlərinin gedişi haqqında mətbuata açıqlama verək. “Dövlət sirri”dirsə, sözüm yoxdur” – deyib telefonu qapatmışdıq.
Gənclər və İdman Nazirliyinin,
AFFA-nın isə birbaşa vəzifəsidir ki, klubların maddi-texniki bazasının yaxşılaşdırılmasından tutmuş, oyunçuların seçilməsinə, transferlərə, sağlam mühitin qorunub saxlanmasına, nizam-intizama kimi hər şeyi yoluna qoysun. Məsələn, bu günlərdə məlum olub ki, Kəpəzin ən yaxşı futbolçularından biri, nigeriyalı Abdullahi Şuaybu “Hepatit- B” virusu daşıyırmış. Klubun rəhbərliyi onunla müqavilə bağlanmayacağından ehtiyat edərək bu faktı gizlədiblər, AFFA-ya saxta sağlamlıq arayışı təqdim ediblər. Düzdür, klubun rəsmiləri deyirlər ki, bu irsi xəstəlikdir, keçici deyil. Elə isə niyə gizlədirdiniz? Təbii ki, bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən yoxlanmalıdır. Bu və ya digər faktlara görə adlarını çəkdiyim qurumlar məgər məsuliyyət daşımırlar?
Başqa bir məsələ. Klubun bazasından hamının gözü qarşısında dəmir borular oğurlanır, bir məşqçi müəllim digərinə kəllə atır, başqa birisi “burda mənəm, Bağdadda kor xəlifə” deyirsə, biz niyə qaranlıq otaqda qara pişik axtarırıq?
“Kəpəz” yüksək liqada çıxış edən yeganə komandadır ki, onun sponsoru yoxdur. Nə özünün avtobusu var, nə oynamağa stadonu, nə də normal maliyyə vəsaiti. Əslində, ayrılmış 3 milyon manat vəsait kluba lazım olan bütün işləri görməyə imkan vermir. Ona görə də idarə və təşkilatlar kluba yaxından köməklik göstərməlidirlər, heç olmasa sponsor tapılanadək. Klubun bazasında bir dənə də olsun məişət tullantısı qabı yoxdur. Akademiya binasının qarşısında qurumuş ağaclar hər an buradan keçən uşaqların, yeniyetmə idmançıların üzərinə düşə bilər. Dəfələrlə deyilməsinə, ekologiya idarəsinin razılığına baxmayaraq, Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bu işi görmür. Məişət tullantılarının daşınması üçün bu qurum elə yüksək şərtlərlə müqavilə bağlamağı təklif edir ki, klubun belə bir vəziyyətində onu etmək, sadəcə, mümkün deyil.
Gəncənin futbol azarkeşləri qədər öz klubu üçün can yandırana, sözün əsl mənasında, cəfakeşlik edənə başqa bir yerdə rast gəlmək mümkün deyil. Onların əksəriyyəti klubu bu günə salanların tezlikə istefa verəcəklərinə inanırlar.
Prezident İlham Əliyevin “Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamasını şəhər sakinləri, çoxminli azarkeş ordusu böyük coşqu və sonsuz razılıqla qarşılayıblar. Bunu dövlət başçımızın Gəncəyə və gəncəlilərə növbəti qayğısı kimi qiymətləndiriblər.
Sərəncamla Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Bu, ilkin rəqəmdir. Həmişə idmanın, o cümlədən futbolun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyən Prezidentin Gəncədə sanballı, müasir, 16 minlik tamaşaçı tutumu olan stadionun tezliklə tikilib başa çatdırılması üçün daha bir xeyirxah addımının şahidi olacaqlar.
Göründüyü kimi, Azərbaycanın ikinci şəhərinin futbol klubu pis durumdadır. Daha doğrusu, onu bu vəziyyətə salanlar var. Cavab verməlidirlər – heç olmasa, öz vicdanları qarşısında.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə





Sosial həyat