Ceyhun Bayramovun Rumıniyada görüşləri

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Marçel Çolaku ilə görüşüb.
Tərəflər Azərbaycanla Rumıniya arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, qarşılıqlı səfərlərin, yüksək səviyyəli dialoqun, habelə mütəmadi əsasda siyasi məsləhətləşmələrin intensivləşməsinin iki ölkə arasında iqtisadi, humanitar, təhlükəsizlik, təhsil və digər yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıblar.
İki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın inkişaf etdirilməsinin önəminə toxunulub və parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri Luminitsa Odobesku ilə görüşüb.
Rumıniya ilə iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm, əczaçılıq və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və Rumıniya şirkətləri sözügedən quruculuq fəaliyyətlərində podratçı və investor kimi iştiraka dəvət olunub.
Heydər Əliyev Fondu tərəfindən Rumıniyada həyata keçirilən xeyriyyə layihələri yüksək qiymətləndirilib, humanitar sahə üzrə mübadilələrin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə nazir Ceyhun Bayramov ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib. Nazir, eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırıb.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniya parlamenti Senatının sədri Nikolae Çuka ilə də görüşüb.
Nazir Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində dəstək və həmrəyliyə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunun təqdirəlayiq olduğunu qeyd edib.
Senatın sədri Nikolae Çuka, Rumıniyanın Baş naziri qismində ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, cari ilin oktyabr ayında isə Parlament Senatının sədri qismində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirdiyi görüşlərə istinad edərək, bu kimi təmaslar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsinin əməkdaşlığa töhfə verdiyini bildirib. Rumıniyanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində Azərbaycanın səylərini dəstəklədiyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Siyasət