Bakıda "Türk Dünyası Beynəlxalq mədəniyyət konfransı"

post-img

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Türk Dünyası Beynəlxalq mədəniyyət konfransı" keçirilib.

XQ xəbər verir ki, konfransda Milli Məclisin deputatları, Fəzail İbrahimli, Sabir Rüstəmxanlı, Rafael Hüseynov, Arzu Nağıyev, Vüqar İskkəndərov ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyənin “Kızılelma” Qadın Gənclik Uşaq Dərnəyinin rəhbəri Yasemin Meydan və qardaş ölkədən gəlmiş bir sıra tarixçi və ədəbiyyatçılar iştirak ediblər.
Öncə  Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, 2023-cü il xalqımız və Türk dünyası, Türkiyə Cümhuriyyəti üçün əlamətdar hadisələrlə zənginliyi ilə seçilir. Rektor həm ulu öndər Heydər Əliyevin, eyni zamanda, Türkiyə cumhuriyyətinin 100 illiklərinin qeyd olunduğunu bildirərək hər iki önəmli təqvimlərə dair müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb.  

Sonra Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığının ən zirvədə olduğu bir tarixə şahidlik edirik: “Türkiyə və Azərbaycan, Türk dünyası və oğuzlar bir çatir  altına toplaşaraq birliyimizi, bərabərliyimizi qeyd edirik, birgə işlərə başlamışıq.  Oktyabr çox önəmli tarixlərin baş verdiyi aydır. Həm müstəqilliyimizi bərpa etdiyimiz aydır, həm ümummilli lider Heydər Əliyevin yüz illik yubileyidir. Eyni zamanda Türkiyə Cümhuriyyətinin yüz illiyidir. Bu tədbir də iki böyük şəxsiyyət Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsinə həsr edilib. 

Daha sonra “Bir millət, iki dövlət” adlı videoçarx nümayiş olunub.
Xalq şairi, Milli Məclisin deputatı, Azərbaycan Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı çıxış edərək, Türkiyədən ölkəmizə gələn və tədbirdə iştirak edən qonaqlarımıza təşəkkür edib və qeyd edib ki, belə bir əlamətdar ildə bir yerə toplaşmaq çox böyük əhəmiyyət kəsb edir.  S. Rüstəmxanlı bu ilin Azərbaycan üçün fərqli əhəmiyyətini qeyd edərək,  2020-ci ildə başlanan müqəddəs savaşdan, qalibiyyətimizdən sonra, 23 saatlıq antiterror əməliyyatı ilə torpaqlarımızı bütünləşdirdiyimizi, dövlət sərhədlərimizi bərpa etdiyimizi, Azərbaycan torpaqlarında yuva qurmaq istəyən terror qruplaşmalarının, separatizmin, erməni vəhşiliyinin kökünün kəsildiyini və üçrəngli bayrağımızın dalğalandığını vurğuladı.

Daha sonra  Milli Məclis sədrinin müavini, professor Fəzail İbrahimli, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Türkiyənin Kırıkkale Universitetinin professor İsa Eliri, Qazi Osmanpaşa Universitetinin professor Mehmet Tekin, Kızılelma Kadın Çocuk Derneyinin sədri, Yasemin Meydan, Uludağ Universitetinin professor Mehmet Yüce , professor Hayretddin İvgin, Əməkdar müəllim, filoloq Məhbubə Məmmədova, professor Əli Əmirli və digərləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dünya tarixində yeri və rolundan, ölkələrimiz arasında günü-gündən daha da güclənən dostluq və qardaşlıq münasibətlərdən, Türk dünyasının birliyindən, oğuz türklərinin ortaq mədəniyyətindən, mənəvi dəyərlərimizdən söhbət açıb, məruzələrlə çıxış ediblər.  

Natiqlər böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladıb, bu birliyin, dostluğun, qardaşlığın əbədi və sarsılmaz olduğunu, tarixi köklərə bağlı olduğunu diqqətə çatdırıb, elmi konfransın əhəmiyyətini qeyd ediblər.

Sonra “Oğuz türklərində mədəniyyət və incəsənət”, “Oğuzların ədəbi görüşü” və “Türk dünyasında təhsil və sosial elmlər” mövzusunda dəyirmi masalarda Azərbaycan və türkiyəli alimlərin məruzələri dinlənilib.

Anar TURAN,
XQ









Sosial həyat