İşığın mübarək, Füzuli!

post-img

Sabir RÜSTƏMXANLI,
Xalq şairi

 

Qarabağda bayraq yürüşü

 

Üç ildir Şuşaya bayrama gedir kimi gedirik. Köhnə təmas xəttindən başlanan görüntülər, viran qoyulmuş kəndlərimiz, izi silinmiş şəhərlərimiz ürək parçalayır, söz yox... Lakin Zəfər yolu ilə meşəli dağlara qalxdıqca, Şuşaya yaxınlaşdıqca, sanki, bu ağrılar azalır. Şuşaya qovuşmağın sevinci təsəlli olur. Bir daha Şuşada olmaq fürsətinin təkcə xoş duyğusu yox, həm də qısa müddətdə görülən bərpa işlərinin, çəkilən möhtəşəm yolların ürəyimizə doldurduğu qürur hissi ovqatımızı dəyişir.

“Su gələn arxa bir də gələr!” deyib babalarımız – təbiətin dövr etməsinə və arasıkəsilmədən yenilənməsinə bel bağlayıb gözləyiblər. Ancaq indi gözləməyə vaxt yoxdur. Düşmənin 30 ildə dağıtdıqlarını ən qısa müddətdə əvvəlkindən daha gözəl şəkildə bərpa edib, ona, necə deyərlər, daha bir dağ çəkməliyik: yəni, sən dağıdıcısan – biz qurucu, sən ziyankarsan – biz yaradıcı, sən vəhşisən, insanlıqdan xəbərin yox­dur – amma biz izindən çiçək göyərən, addımından yol düşən, əlindən binalar ucaldan insanıq – Böyük İnsan. Dilinə görə dilçəyi olan, dünyanın bütün riya­kar tələlərindən səbirlə keçib öz hədə­finə doğru gedən, yalandan, fitnədən uzaq, öz milli ləyaqətini diplomatiya ba­taqlıqlarından bacarıqla adladıb Vətə­ninə şöhrət gətirən İnsan! 

Şuşada keçirilən Türk dövlətlərinin 1-ci Mədəniyyət Forumuna belə bir ovqatla gedirdik. Sürətlə tikilən İkin­ci Şuşa yolu, torpağa qayıdan nəfəs, özəlliklə düşmənin vəhşiliklə dağıtdığı Füzuli şəhərinin öz külündən yenidən doğulması görəni heyrətləndirir. Bu ilin əvvəlinə kimi Füzuli şəhərinin yerində daş qalaqlarından, uçuq divarlardan başqa bir şey yox idi. İndi isə xarabalıq­lar arasından ucalan balaca bir şəhərin ağ evləri Günəş şüalarının altında göz qamaşdırır. 

Yüz dəfə görsən də Daşaltıya doğ­ru aşanda birdən-birə göz önündə açılan mənzərə, Şuşanın belinə dola­nan kəmər yolların, quşqonmaz qaya­ların əzəməti adamı heyrətləndirir. Bu qayalardan qalxaraq Şuşanı düşmən işğalından azad edən Azərbaycan əs­gərinin qəhrəmanlığı ilə bir daha qürur duyursan. Mən artıq neçənci dəfədir xarici ölkələrdən gəlmiş qonaqlara bu qayaları göstərib əsgərimizin Şuşaya buradan qalxdığını deyərkən onların necə heyrətləndiklərinin şahidi oluram.

Bu dəfə də həmin hal təkrar olunur: Birinci Türk Dünyası Mədəniyyət Foru­muna gələnlər Azərbaycan əsgərinin gücünə və sarsılmaz ruhuna olan hey­ranlığımıza və sevgimizə şərik olurlar.

Bu il Türk Dünyasının Mədəniyyət paytaxtı – Baş kəndi elan olunmuş Şuşa payızın günəşli günündə elə bir saflıq və təmizlik haləsinə bürünüb ki, dağıdılmış məhəllələri, skleti qal­mış evləri görmürsən sanki. Mənim gözümdə yenə Şuşa gənclik illərində xoş günlər keçirdiyimiz sənət beşiyidir. Şəhərin bugünkü mənzərəsinin üstün­dən gələcəyi görünür. Qısa müddətdə tikilmiş “Şuşa” oteli dünyada görüb qaldığım ən gözəl, müasir otellər səviy­yəsindədir. Otaqlarının səliqə-sahma­nından tutmuş, xidmətin səviyyəsinə, restoranındakı yeməklərin çeşidinə və keyfiyyətinə görə Bakının seçmə otellərinə nümunə ola bilər. Bu oteldə gələcək Şuşanın addımlarının səsini eşidirsən. Ancaq təkcə bu otel deyil, qısa müddətdə bərpa olunmuş muzey­lər, otellər, məscidlər, gözəl orta mək­təb binası da yavaş-yavaş şəhərin əski havasını özünə qaytarır. Lakin görülən işlərin miqyasını təsəvvür etmək üçün gərək əsas küçələrdən çıxıb şəhərin iç məhəllələrinə baxasan, onda bir-iki il sonrakı Şuşanı daha yaxşı təsəvvür et­mək olur; çünki hər tərəfdə bərpa-tikinti işləri gedir.

Bir anlığa Şuşadan ayrılıb bütün Qarabağın coğrafiyasını göz önünə gə­tirsən onda Azərbaycanın hərbi gücü ilə yanaşı, iqtisadi gücü ilə də qürur du­yarsan. Araz boyu çəkilən dəmir yolu və beynəlxalq səviyyəli avtomagistrallar, Zəngilanda və Laçında görülən işlər, Füzuli və Zəngilan aeroportları, Laçın –Kəlbəcər yolu, Kəlbəcəri Gəncə ilə bir­ləşdirən yol, qırxa qədər tunel...Bütün bunlar savaşdan çıxmış ölkəmizin qısa müddətdə gördüyü işlərin bir qismidir.

Mən “Şuşa” otelində iki gün ərzində keçirilən, Türk dünyasının gələcəyinə işıq tutan mədəniyyət forumundan, TÜRKSOY-un çox mühüm müzakirələ­rindən, mədəni proqramlardan geniş danışmaq istəmirəm. Bunlar mətbuat­da işıqandırıldı. Müzakirələrdəki çıxışı­mı da önə çəkmək istəmirəm; niyyətim daha çox bu səfərdəki ovqatımı çatdır­maqdır. 

Oktyabrın 14-də forum başa çatdı. Avtobuslarımız Şuşadan çıxanda hava yenicə qaralmışdı. Zəfər yolu, sanki, qı­salmışdı və eniş-yoxuşu da hiss olun­murdu. Ancaq məni ən çox sevindirən və kövrəldən Füzuli şəhərinin gecə mənzərəsi oldu. Şəhər işıq içində üzür­dü, pəncərələrdən süzülən işıqlar 30 il­lik həsrət qaranlığını əridirdi. Balkonlar­dan paltar asılmışdı, başqa vaxtı buna hirslənsəm də, Füzulidə buna sevin­dim. Elə bildim işıqların hər biri Füzu­lidən olan dostlarımın işığıdır. “İşığınız mübarək, dostlar!” – deyə pıçıldadım! 

Şuşada, Füzulidə duyduqlarımı­zı Laçında da yaşamışdıq. Bir azdan Xankəndidə, Xocalıda, Əskəranda, Xo­cavənddə, Ağdərədə də eyni duyğular­la gəzib dolaşacağıq. 

Mən Şuşa səfərimiz haqqında qeydlərimi yazandan bir gün sonra Ali Baş Komandan İlham Əliyev Qarabağ şəhərlərində Azərbaycan Bayrağını ucaltdı. Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyində Qa­rabağan millətə verdiyi hesabat onun Prezident kimi gördüyü böyük tarixi işlərin yekunu oldu. Xankəndidə ucal­dılan bayrağın önündə cənab İlham Əliyev qalib sərkərdə inamı və qüruru ilə Qarabağın bütün bir əsrlik tarixinə nəzər saldı, dostlarımıza və düşmənlə­rimizə gərəkli mesajlar verdi. 

Bu müraciət, əslində, onun 2020-ci ildə Şuşanın işğaldan azad edildiyi gün Şuşaya müraciətlə dediyi həyəcanlı sözlərin davamı idi. Prezident öz böyük Qələbə sevincini və Qarabağın gələ­cəyi ilə bağlı düşüncələrini xalqla pay­laşdı. Onun Qarabağ şəhərlərini gəzib hər yeri gözdən keçirməsi, Kərkicahan, Malıbəyli kəndlərinə, Əsgəran qalasına baxması bu torpağın tarixi abidələri ilə maraqlanması Prezidentin bu gün yaz­mağa başladığı Qarabağ salnaməsinin gələcək fəsillərinə işıq tutur. Qarabağın dirçəlişi milli-mənəvi mühitimizə yeni hava gətirməklə yanaşı, Azərbaycanın iqtisadi gücünün də qat-qat artmasına səbəb olacaq.



Sosial həyat