Dualarımızın Tanrı dərgahına qovuşduğu gün

post-img

Həqiqətən, baş verənlər insana yuxu kimi gəlir. Xüsusən də yaşlı və orta nəslin nümayəndələrinə. Söhbət Azərbaycan Bayrağının Xocavənddə, Xocalıda, Əsgəranda, Ağdərədə və nəhayət, Xankəndidə dalğalanmasından gedir. Ancaq gözlərimizi ovuşdurub diqqətlə baxırıq. Bəli bayrağımızı ucaldan odur – Azərbaycan Prezidenti, Silahı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev. Deməli, gördüklərimiz yuxu deyilmiş.

Dövlətimizin başçısının Xankəndidəki geniş və məz­munlu çıxışını dinlədikdə xatirələr ötən əsrin sonlarına doğru apardı. O dövrə ki, erməni avantürizmi yenicə baş qaldırmışdı. “Miatsum” ideoloqlarından olan Abel Aqanbek­yanın fikirləri Azərbaycan cəmiyyətində sanki partlayış ef­fekti yaratmışdı. Topxana meşəsinin qırılması, ardınca xalq hərəkatı, nəhayət, 20 Yanvar faciəsi. Bəlalarımız sanki ba­şımıza gəlmək üçün sıraya düzülmüşdü. Bizi aşağılamağa, mənliyimizi sındırmağa, heysiyyətimizə toxunmağa hesab­lanmış bəlalar...

Dərd insanları birləşdirir, deyiblər. Amma, nədənsə, biz birləşə bilmirdik. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız yeni bəlalara, sanki hamilə idi. Nəhayət, doğuldu o bəlalar. Torpaqlarımız işğala məruz qaldı, yurd yerlərimiz xarabazara çevrildi. Üstəlik, bu miskin mənzərəni tamam­layan durum yaşandı – bir milyondan çox vətəndaşımız qaçqına və məcburi köçkünə çevrildi. Dəhşət idi. İnsanın öz evindən, yurdundan-yuvasından zorla çıxarılması, do­ğulub boya-başa çatdığı doğma diyarın havasından uda, suyundan içə bilməməsi, hər şeydən məhrum olması təsviri mümkünsüz olan dəhşət. 

Ancaq bizi təkcə dərd deyil, həm də, o, birləşdirdi – Ulu öndər Heydər Əliyev. Birləşdirmə milli qürur və ləyaqətin, mənlik şürunun təbliği fonunda baş verdi. Bu böyük şəxsiy­yət hər çıxışında “Qarabağ” deyərək hayqırdı. O hayqırtı­da bir Vətən övladının haqsızlıqla barışmazlıq ruhu var idi. Elə bir ruh ki, özündə varisliyi şaxələndirdi. Varislik prinsipi İlham Əliyevin şəxsində özünün ən ali mərhələsinə çatdı. Dünyada görünməmiş mərhələsinə. İlham Əliyev Ulu öndə­rin başladığı yolun davamına, xüsusən Qarabağ uğrunda mübarizəni sona çatdırmağa sahiblik əzmini yaşatdı. Nəin­ki yaşatdı, habelə bu miras üçün yeni savaş platforması müəyyənləşdirdi.

Prezident İlham Əliyev Ümummilli Liderin Qarabağ uğ­runda mücadilənin məfkurəvi xəttini zənginləşdirməklə ya­naşı, əməli fəaliyyəti ilə həm yuxu kimi görünən xəyalların gerçəkləşəcəyinə xalqda dərin inam hissini aşıladı, həm də bunun üçün baza formalaşdırdı. Səbr və təmkinlə gördü hər işini. Bu mənada, dövlətimizin başçısının prezidentliyinin iyirmi ilini həm də səbr və təmkinin qələbəyə doğru aparan mərhələsi də adlandırmaq mümkündür. Buna necə dözdü, necə tab gətirdi? İnanılmazdır...

Bəli, qətiyyətlə söyləyə bilərik ki, bu gün tarixi anların şahidləriyik. Qarabağ, Xankəndi heç vaxt indiki qədər Azər­baycanın olmayıb. Son iki yüz ildə heç vaxt bu qədim di­yarımızın bizə məxsusluğunun xoşbəxtliyini bugünkü qədər yaşamamışıq. Bəlkə itirməyincə qədrini bilməmişik əlimizdə olanların? Bəlkə düşünməmişik ki, nə zamansa onları itirə bilərik? Halbuki, düşünməli idik. Axı, İrəvan, Göyçə Zəngə­zur itkisinin ağırlığını duymuşuq! Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda da fikirləşməli, özümüzdə müqavimət hissi formalaşdırmalı idik. Axı, yurd yerlərimizə sevgimiz təkcə mahnılarda, şeirlərdə, tablolarda yaşayacaq mövzu deyil. Axı, doğma yurda sahiblik əzmkarlıqdır, ali ruh işidir. 

Qətiyyətlə deyə bilərik ki, İlham Əliyevin liderliyi xalqı­mıza Heydər Əliyevin aşıladığı Qarabağ ruhunu doğma­laşdırdı. Dövlətimizin başçısı oktyabrın 15-də Əsgəranda, Ağdərədə, Xocalıda, Xocavənddə, Sərsəng su anbarında və Xankəndidə ucaltdığı ay-ulduzlu, üçrəngli bayrağımızı sanki bu qədim yurd yerlərimizin üzərinə qoruyucu qalxan kimi sərdi. Bu, misli görünməmiş sahiblənmə nümunəsidir. Bu bayraq ucalığı əbədilik təminatıdır, bəlalara, dərdlərə, acılara qarşı immunitetdir, dirənişdir. 

Bu dirənişin təsvirini sözlə ifadə etmək müşküldür. Göz­lərimiz önündə tarix yazılır. Tarixə layiqli qiymət üzərindən illər keçdikdən sonra verilir və veriləcək də. Heç şübhəsiz, tariximiz İlham Əliyev nəhəngliyinə dəyərini daha səlis notlarda göstərəcək. Hələlik yaşantılarımıza dalırıq və bu zaman şair Elçin Mirzəbəylinin “Kabus qatar” şeirindən bu bənd yada düşür:

İndi bütöv elim – bütöv taleyim,

Dünyanın ən gözəl ölkəsindəyəm.

Ən uca zirvəyə könül bağlayan

Üçrəngli bayrağın kölgəsindəyəm.

Bəli, iki əsrlik niskil yaşantımız başa çatıb. Oktyabrın 15-də dövlət başçımızın Xankəndidəki çıxışında səsləndir­diyi fikirlər yalnız ərazi bütövlüyümüzün və suverenliyimizin yox, eyni zamanda, milli qürur və ləyaqətimizin bərpasının ən xoş müjdəsi oldu. Tariximizi isə unutmağa haqqımız yoxdur. Bundan sonra heç yoxdur. Çünki yuxular heç də hər zaman gerçək olmur. Çox şükür ki, çin oldu. Prezident, müzəffər Ali Baş Komandan, ordumuz var olsun! Uca Tanrı Vətənimiz Azərbaycanı qorusun! Amin!

 

Əflatun AMAŞOV,
baş redaktor

Siyasət