Partiyalar uğurlardan qürurlanır

post-img

Azərbaycanda fəaliyyət göstərən 23 siyasi partiyanın sədri Prezident İlham Əliyevə Qarabağda aparılmış antiterror tədbirlərinin nəticələri ilə bağlı və ölkəyə rəhbərliyinin 20 illiyinin tamam olması münasibətilə müraciət ünvanlamışlar. 

Sənəddə qeyd edilir ki, Azərbaycan xalqının milli birliyi, müzəffər ordumu­zun qəhrəmanlığı və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi bütün dünya azərbaycanlılarına bugünkü qü­rur dolu anları yaşadır: “Siyasi baxış­larından asılı olmayaraq indi hər bir Azərbaycan vətəndaşı dərk edir ki, ta­rixin bütün dövrlərində başımıza gələn faciələr, torpaqlarımızın itirilməsi, soy­daşlarımızın öz doğma yurdlarından didərgin salınması, suverenliyimizin pozulması milli birliyin olmamasından, hərbi və iqtisadi gücümüzün zəifliyin­dən irəli gəlmişdir”.

Bildirilir ki, dövlət başçısının uzun zaman böyük səbir, təmkin və iradə göstərərək Azərbaycanın daxili və xari­ci siyasətində nail olduğu uğurlar ölkə­mizi addım-addım Zəfər gününə, ərazi bütövlüyünün təmin olunmasına, suve­renliyin tam bərpa edilməsinə yaxınlaş­dırmışdır: “Ötən 20 il ərzində Azərbay­can Sizin rəhbərliyiniz altında öz ərazi bütövlüyünü təmin etmək, suverenliyini bərpa etmək, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmasına nail olmaq üçün çətin sınaqlardan keçmiş­dir. Siz Qarabağda kök salmış cinayət­kar rejimin, terrorçu dəstələrin, onların xarici havadarlarının ölkəmizə yönələn təhdidlərinin qarşısının alınması üçün bu illər ərzində Azərbaycan üçün güclü iqtisadiyyat və müasir ordu qurmusu­nuz. Bununla yanaşı, Siz Azərbayca­nın beynəlxalq aləmdə nüfuzunun yük­səldilməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması, güclü beynəlxalq tərəfdaşlar qazanması üçün uzaq­görən siyasət həyata keçirmisiniz. Bu baxımdan 44 günlük haqq savaşımızda bütün Azərbaycan xalqı həm də xarici siyasətdə əldə olunan uğurların möh­təşəmliyinə şahidlik etmişdir”.

Müraciətdə daha sonra qeyd edilir ki, indi Azərbaycan dövləti uzun tarixi dövrdən sonra Vətən müharibəsi Zəfə­rinin təntənəsini yaşayır. Azərbaycan ərazisində heç bir mənəvi, siyasi və hüquqi əsası olmadan yaradılan qon­darma rejim böyük Qələbənin nəticə­sində tarixin qaranlığına qərq olmuş­dur: “Bu gün böyük siyasi iradənin, milli birliyin, güclü ordunun nəticəsində Azərbaycan bayrağı Xankəndidə, Xo­calıda, Xocavənddə, Ağdərədə dal­ğalanır. Azərbaycan Respublikasının Konstitusiyası bütün ölkə ərazisində vahid Ana qanun kimi tətbiq olunur. Ya­şadığımız bu qürurlu anlar məhz güclü iqtisadiyyatımızın, qəhrəman ordumu­zun və milli birliyimizin, həmrəyliyimizin nəticəsində mümkün olmuşdur. 

Cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ölkə­mizin xoşbəxt gələcəyi naminə bir daha siyasi həmrəyliyini bildirir, xalqımızın fi­ravanlığı, dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir”.

XQ

Siyasət