Qanlı separatizmin iflası

post-img

İndi Xankəndidə həyat Günəşə, sülhə və əməkdaşlığa açıqdır

Tarixin şahidlik etdiyi müharibələrin bir–birinə bənzəyən səhnələri, mənzərələri az deyil. Qalib tərəfin qürur və sevinci, məğlubun peşmançılığı ilə yanaşı, əli dinc insanların qanına bulaşmış müharibə cinayətkarlarının ittiham olunması, təslim və sülh müqavilələrinin imzalanması kimi hadisələr yetərincə olub. Amma bunların arasında ən yaddaqalanı Azərbaycanın Dövlət Bayrağını işğaldan azad etdiyi məkanda ucaltması məqamıdır. Bu, həm də Qələbənin rəmzi kimi qəbul olunan hadisədir. Adətən, bu tarixi missiyanı döyüşən əsgər və zabitlər yerinə yetirirlər. 

Separatçılığın ruporu eyni ölkədir

Oktyabrın 15-də Azərbaycan xalqı Xankəndidə möhtəşəm mərasimi bö­yük fəxarət və sevinc hissi ilə seyr etdi. Amma bu dəfə üçrəngli bayrağımızı ucalt­maq kimi müqəddəs missiyanı Azərbay­can Prezidenti, Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi. Əslində, bu, sadə­cə Qarabağdan süpürülüb atılmış sepa­ratçı-daşnak ünsürlərinə deyil, daha çox xaricdə Azərbaycanı bəyənməyənlərə, ermənipərəst müsyölərə, sem dayılara ünvanlanmış diplomatik jest idi. 

“Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, mü­naqişəni əbədi etmək istəyirdilər. İstəyir­dilər ki, bu yara heç vaxt sağalmasın”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə bayraqqaldırma mə­rasimindən sonrakı çıxışında söylədi. Prezident çıxışında həmçinin, Qarabağda separatçılığın nə zaman və hansı şərait­də baş qaldırdığına da aydınlıq gətirib: “1987-ci ildə Heydər Əliyev öz vəzifəsin­dən kənarlaşdırıldı... Üstündən iki həftə keçməmiş erməni millətçiləri məsələ qal­dırdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayə­ti Azərbaycandan Ermənistana verilsin. Məsələni qaldıran Kremldə oturan ermə­ni millətçisi idi. Bəs bu məsələ barədə ilk dəfə harada yazıldı? Fransanın bir qəze­tində. Yenə həmin Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb”.

Daha Qarabağda separatizmin yuva salmasına imkan verilməyəcək. Bunu daşnak-separatçı hay ünsürləri kimi, onlara hələ də dəstəyini davam et­dirən bəzi ölkələr, dairələr və institutlar da unutmamalıdır. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, daxilində se­paratizm meyilləri baş qaldırmış heç də bütün ölkələr bu zərərli təmayüllə mü­barizədən qalib ayrılmayıblar. Onların arasında geri çəkiləni də olub, məğlub olanı da. Bu kontekstdən yanaşanda, Xankəndidə bayrağımızın ucaldılması Azərbaycan tarixinin ən yaddaqalan ha­disələrindən biri olmaqla yanaşı, həm də Cənubi Qafqazda, həmçinin ondan kənarda geosiyasi reallıqları, qüvvələrin konfiqurasiyasını dəyişən məqamdır. 

Beynəlxalq rezonans doğuran hadisə

Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri Levan Mamaladze hesab edir ki, baş verənlər region üçün tarixi bir hadisədir. “Report”a açıqlama­sında gürcü ekspert deyib ki, 2003-cü ildə İlham Əliyev inauqurasiyası zamanı Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyini söyləmişdi: “Prezident İlham Əliyev bunu dedi və sözünü tutdu. Azər­baycan Bayrağı Azərbaycan ərazisi olan Xankəndidə qaldırıldı. Bu, bir daha sübut etdi ki, doğru və əzmkar çalışaraq bütün maneələri aşıb, ərazi bütövlüyünü bərpa edib, bütöv və güclü dövlət qurmaq müm­kündür. Azərbaycan xalqı itkilərlə, qanla özünün suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Bu, bizim üçün də bir nümunə­dir. Biz Azərbaycan nümunəsi üzərində düşmənlə necə mübarizə aparmaq lazım olduğunu öyrənməliyik. İnanıram ki, vaxt gələcək, biz də ərazi bütövlüyümüzü bər­pa edəcəyik”.

Politoloq Simon Kapadze isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 20 illik hakimiyyəti dövründə çox uğurlara imzasını atıb: “Ən əsası isə o, Azərbay­canın ərazi bütövlüyünü bərpa edib. Arzu edirəm ki, Azərbaycanda baş verənlər tezliklə Gürcüstanda da olsun. Gürcüstan da öz ərazi bütövlüyünü bərpa etsin. Azər­baycan Bayrağı Xankəndidə dalğalandığı kimi, Gürcüstan bayrağı da Suxumidə dal­ğalansın”.

Tehrandan gözlənilən reaksiya

Dünyanın nüfuzlu media qurumları cənab Prezidentin Xankəndiyə səfərini və oradakı çıxışında verdiyi mesajlara geniş yer ayırıblar. İlham Əliyevin Qarabağa səfəri İranın müxtəlif media orqanlarında geniş işıqlandırılır. Səfərlə bağlı xəbərlər, zarisovkalar, fotolar və videolar paylaşılır. Amma bu xəbərlərin bəzilərində diqqəti çəkən məqamlar da var. Misal üçün, bir sıra xəbərlərdə Qarabağda yaşamış er­mənilərin sayının 150 minə yaxın olduğu­nu iddia edən sayt və portalların yazdığı­na görə, “Azərbaycan Ordusunun keçən ay “sürətli hücumundan” sonra ermənilər Qarabağdan Ermənistana qaçmağa məc­bur olublar. Ardınca oxuyuruq: “Xankəndi­də Azərbaycan Bayrağının qaldırılmasının rəsmi mərasimi Bakının Qarabağ üzərin­də tam suverenliyinin bərqərar olması, bölgədə “müstəqil Artsax erməni dövləti­nin” rəsmi sonu deməkdir”. 

Yeri gəlmişkən, Ermənistan hakimiy­yətinə yaxın media portalları Qarabağdan köçən ermənilərin sayını şişirdərək 120 min göstərdiyi halda, Tehran rejiminin ma­liyyələşdirdiyi medianın 150 min rəqəmini hardan götürdüyü sual doğurur. Bölgədə 30 il ərzində cərəyan edən hadisələrin xronoloji mənzərəsinə baxanda nəyi görü­rük? Bu gün Azərbaycana qarşı dezinfor­masiya cəbhəsi açan, onu siyasi şantajla hədələyən, açıq düşmənçilik edən ölkələr 1992-1993-cü illərdə Ermənistanın yanın­da duranlardı. Məhz bu xarici qüvvələr hayları işğala təhrik edirdi, bu yolda onları dəstəkləyirdi və yeri gələndə, beynəlxalq arenada İrəvana bəraət qazandırırdı. Bəli, təəssüflə qeyd etrməliyik ki, 30 il ərzində o cəbhədə heç nə dəyişməyib. 

Doğru sözə nə deyəsən? 

“Bəli, Ermənistan zəif, Azərbaycan isə güclüdür. Biz fərsiz liderlərin sayəsində məğlub olduq və bu vəziyyətə düşdük. İndi bu reallığı nəzərə almalıyıq. Aydındır ki, danışıqlar prosesində üstünlük daha çox güclüyə verilir”. Bu sözləri erməni hər­bi ekspert, ehtiyatda olan polkovnik Ayk Nahapetyan deyib.

Nahapetyan daha sonra bölgədə ya­ranmış reallığa şərhini verir: “Paşinyanın ziddiyyətli fikir və bəyanatlarına baxma­yaraq, ona kifayət qədər ciddi baxırıq. Odur ki, Paşinyanın açıqlamalarını əsas götürməməliyik. Etiraf edək ki, Cənubi Qafqazdakı 3 əsas oyunçu (Türkiyə-Rusi­ya-İran - red.) arasında regionda sabitliyin qorunub saxlanması məsələsində fikir bir­liyi əldə edilib. Bu üç regional gücün for­malaşdırmağa çalışdığı “3+3” formatı, ilk növbədə, bölgədə sabitliyin və tərəqqinin təminatıdır. 

Doğrudur, bu ölkələr arasında müəy­yən ziddiyyətlər var, amma həmin ziddiy­yətlər danışıqlar yolu ilə həll olunur. Yeri gəlmişkən, Azərbaycan və Gürcüstan da “3+3” formatının tərəfdarıdır, Ermənis­tan isə əleyhinədir. İndi təsəvvür edək ki, regional proseslərə ciddi təsir göstərən beş dövlət öz aralarında razılaşır, amma Ermənistan bunun əleyhinədir. Belə olan vəziyyətdə, sizcə, Ermənistan udacaq, yoxsa uduzacaq? 

Əlbəttə ki, uduzacaq. Bu, aydındır. Horadiz–Mehri–Ordubad–Arazdəyən də­mir yolunun bərpası üçün yollar açılsa, Er­mənistanın çox sərfəli mövqedə qalacağı­nı düşünürəm. Ermənistan tranzit ölkəyə çevrilə bilər. Açılmalı və ya yeni tikilməli olan kommunikasiyalarda Ermənistan iş­tirak etməlidir”. Bu, sağlam düşüncəli er­məninin fikirləridir. 

Azərbaycan sülhə, əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan edib. İndi söz və iş qalır İrəvanın boynunda. Çox gümün ki, Ermənistan iqtidarı doğru seçim edəcək.

İlham Əliyev erməni separatçıların özlərinə yuva qurduqları binadakı pən­cərələri açdı və otağın havasını dəyişdi. O, bunu səbirlə və qətiyyətlə, bütöv Qara­bağın iqlimini yad nəfəslərdən təmizləmək məqsədilə etdi. Həmin epizoda bütün dünya baxdı. Bu, o deməkdir ki, bundan sonra Xankəndidəki binaların pəncərələri daim Günəşə və sülhə açıq olacaq...

 

İmran BƏDİRXANLI
XQ

Siyasət