Oskanyanın “gizli xilas” boxçası

post-img

Hayastanın sabiq baş diplomatının səyləri poçtalyon Peçkinin davranışını xatırladır

Ermənistan xilas edildi. Onun canını “Qarabağ” kodlu ağır yük­dən Azərbaycan əsgəri qurtardı. Bu, işğalçılıq mərəzindən müali­cə etməyə çalışdığımız dövlətin həqiqi müstəqillik, qonşularla tə­cili şəkildə sülhə gəlmək, onlar­la faydalı əməkdaşlığın perspek­tivləri və bu tarixi imkanı əldən buraxmamaq barədə düşünmək şansıdır. Amma kənardan aydın görünən həqiqət bundan ibarətdir ki, şovinist və revanşist hayların bir qismi bu reallığı görmək, onu düzgün dəyərləndirmək iqtidarın­da deyil. Belələrindən biri də Er­mənistanın sabiq xarici işlər naziri Vardan Oskanyandır. 

Sosial şəbəkədə, canlı efirdə audi­toriyaya “siyasi mühazirə” oxuyan V.Os­kanyan bəyan edib ki, onun Ermənistanı və “Dağlıq Qarabağı” düşdüyü dalandan çıxarmağa dair “hərəkət planı” var. O, bu planın hətta konkret bəndlər üzrə hazırla­dığından söz açır. “Amma planın detalla­rı barədə danışa bilmərəm”,– deyən eks baş diplomatın bu “strateji jestləri” ötən əsrin 70–80-ci illər sovet animasiya filmi­nin məhşur qəhrəmanı, nümunəvi vətən­daş və poçtalyon Peçkinin hərəkətlərinə bənzəyir. Yəqin, yaşlı nəsil onun qoltu­ğunda “banderol” qapını döyərkən içəri­dəki azyaşlılara dediyi və sonralar afo­rizmə çevrilmiş sözlərini xatırlayır: “Mən sizə banderol gətirmişəm. Amma onu sizə verə bilmərəm, çünki hələlik paspor­tunuz yoxdur”. Komik poçtalyondan fərqli olaraq, uğursuz diplomat Oskanyanın qoltuğunda nəinki hansısa “banderol”, heç məktub belə yoxdur. 

Bu gün İrəvan iqtidarına qarşı ən barışmaz mövqedə olan qatı radikallar belə artıq Qarabağın Azərbaycanın tam nəzarətinə keçməsi faktını qəbul etmək məcburiyyətində qaldıqlarını etiraf edir­lər. Daha Ermənistan paytaxtında bu coğrafiyanın adının hallandırıldığı nə etiraz mitinqləri, nə də küçə yürüşləri ke­çirilir. İntəhası, eks nazir Oskanyan yenə baş nazirə “Qarabağ uğrunda mübarizə apar” xarakterli bəyanatları ilə onun başı­na ağıl qoymağa çalışır. 

Oskanyan, əslində, Nikol Paşinyanı Fransanın dəstəyindən yararlanmağa çağırır. Yəni o, bununla demək istəyir ki, Fransa Azərbaycanla mübarizəni davam etdirən yeganə Avropa ölkəsidir. İki həftə bundan əvvəl özünün “dahiyanə” fikirlə­rini ictimaiyyətə açıqlayan erməni “siya­si strateq”in Bakının Qarabağda həyata keçirdityi antiterror tədbirindən sonra gü­lünc duruma düşdüyü şəksizdir. Dünən onun fikirlərinə az-çox qulaq asanlar bu gün haqlı olaraq Hayastanın bir dövlət kimi hansı yolla xilas edilməsi üzərində baş sındırmaqla məşğuldurlar. 

Ermənistan hakimiyyətində Qarabağ klanından bir nəfəri belə görməyi arzula­mayan indiki səlahiyyət sahiblərinin Os­kanyanın dediklərinə qarşı diqqəti sıfır üzərindədir. Xalqın qulağına boş vədlər üfürən “Mister X” özü də yaxşı anlayır ki, bundan sonra ona heç bir kürsü və ya səlahiyyət verilməyəcək. Maskasının arxasından keçmiş şefi Robert Koçarya­nın “sifəti” görünən eks nazirin sayıqla­maları daha çox psixodispanser pasiyen­tinin sayıqlamalarına bənzəyir. Müharibə cinayətkarı, müxalifətin lideri, separatçı Koçaryanın özü isə ictimaiyyətin diqqətini ona sadiq məhz əsgər-diplomatın vasitə­silə yayındırmağa çalışır. Yəni Oskanya­nın dili ilə demək istəyir ki, beynəlxalq elita ilə əlaqələri sayəsində bu işin “təş­kilinə” yardım göstərə bilər. 

Fəqət, Oskanyan bunları publikaya deyərkən, Fransanın, guya, davam etdir­diyi mübarizənin sonunda hansı nəticəni əldə edə biləcəyini söyləməyi unudur. Axı oskanyanbeyinli ermənilər üçün Fransa–Azərbaycan münasibətlərinin gərginləş­məsi perspektivindən savayı, pozitiv heç nə görünmür. Bu zaman itirən yenə birin­ci tərəf olacaq. Yalnız bir məsələdə Os­kanyana haqq qazandırmaq mümkündür. Bəli, Paşinyan Qarabağ yükündən canını qurtardığına və Azərbaycanın yaratdığı reallıqları nəzərə aldığına görə, sadəcə, özünə və ölkəsinə aid məsələlərlə məş­ğul olmaq istəyir. Keçmiş Dağlıq Qara­bağ münaqişəsi istər regional, istərsə də beynəlxlaq gündəlikdə müzakirə edilən məsələlər siyahısında deyil. Bu mövzu qapanıb. Həm də birdəfəlik! 

 

İ.HƏSƏNQALA
XQ

Siyasət