Həkimlərin hər zaman tövsiyə etdikləri keçibuynuzu kalium, kalsium, natrium, maqnezium və dəmir kimi minerallar, A, B, D və E vitaminləri ilə zəngin olub ən müalicəvi qida qaynaqlarından biridir. O, güclü antioksidant xüsusiyyətə malik olduğu üçün orqanizmi toksinlərdən təmizləməyə kömək edir və bədəni xəstəliklərdən qoruyur.
Onun çox yayılmış faydalarından biri pis xolesterolu salmaqdır. Qəbulu damar sağlamlığına müsbət təsir edir. Dadı şirin olsa da, qan şəkərinin yüksəlməsinin qarşısını alır. Uzunmüddətli istifadəsi ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Bağırsaqda zərərli bakteriyaların böyüməsinin qarşısını alır, tərkibindəki vitamin və mineralların köməyilə qrip, soyuqdəymə, öskürək kimi problemlərin tez sağalmasına kömək edir. Bundan başqa, bol kalsium ehtiva etdiyi üçün yaşlı insanlarda osteoporoza qarşı sümük sağlamlığına müsbət təsir göstərir.
Hazırda keçibuynuzunu bəhməz, un və ya toz kimi müxtəlif formalarda da tapmaq olar. Bəhməzini digər növlər (tut, üzüm, xurma) kimi içmək, unu ilə hər cür xəmir və şirniyyat hazırlamaq mümkündür. Tozunu ilıq südə əlavə edib içmək də olar.
Z.HÜSEYNLİ
XQ