Heydər Əliyev və Azərbaycanın xarici aləmi

post-img

Azərbaycan Dillər Universitetinin (ADU) Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı universitetin Elmi Şurasının qərarı ilə çap olunub.

Məqalələr toplusu olan yeni nəşrdə 1993–2003-cü illərdə müxtəlif ölkələrdə olan ingilisdilli mətbuatda Azərbaycan haqqında dərc olunan məqalələrin dili­mizə tərcüməsi yer alıb. Dövrün tələbinə uyğun olaraq, yazılar əsasən Ermənis­tan–Azərbaycan münaqişəsi, Azərbay­canın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları ahatə edir. Bəzi məqalələrdə bəhs edilən hadisə və proseslərlə əlaqəli yol verilən qeyri-dəqiqliklər, təhriflər və s. barədə ki­tabın "Qeydlər" bölməsində şərhlər veri­lib. Kitab tədqiqatçılar, siyasətçilər, Azər­baycan tarixi, iqtisadiyyatı, mədəniyyəti və respublikanın beynəlxalq əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulub. 

Layihənin ideya müəllifi və rəhbəri ADU-nun rektoru, akademik Kamal Ab­dulladır. İcraçı-koordinatorlar “Azərbay­canşünaslıq” Elmi Mərkəzinin müdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstə­mov və həmin mərkəzin elmi işçisi Suğra Ələkbərlidir. Layihənin məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Aqil Şahmu­radov, kitabın tərtibçiləri isə Şəhla Xudi­yeva, Nərgiz Seyidova, Aysu Hüseynli, Pərvanə Cəfərova, Röya Əzizova, İradə Nəcəfova, Gülnar Nağıyeva, İlahə Tağı­zadə, Eleonora Babayeva, Sabir Əliyev, Təvəkkül Zeynallıdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin Hey­dər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, ADU-nun “Azərbaycan­şünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi, Bakı Dövlət Universitetinin slavyan tarixi kafedrasının müdiri Abutalıb Cəlilov kitaba rəy veriblər. 

Ön sözdə akademik Kamal Abdulla bildirib: “Qeyd etmək lazımdır ki, 1993–2003-cü illərdə Ümummilli Liderin rəh­bərliyi altında Azərbaycanda reallaşdı­rılan köklü dəyişikliklərin, cərəyan edən hadisə və proseslərin və həyata keçirilən xarici siyasət kursunun intensivliyi ingilis­dilli xarici mətbuatda Azərbaycan haqqın­da çap edilmiş materialların sayının ki­fayət qədər çox olmasını şərtləndirmişdir. Bütün bu materialları bir kitabda əhatə etməyin qeyri-mümkünlüyü şübhə doğur­mur. Eyni zamanda, inanırıq ki, ilk təşəb­büs olan bu layihə müəyyən mərhələlərlə bundan sonra da davam etdiriləcək, ye­ni-yeni materiallar üzə çıxarılacaq və təq­dim ediləcəkdir. Oxucu kitabla tanış ola­duqca ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə xarici mətbuatda Azərbaycan haqqında verilən yazıların məzmunun müsbətə doğru necə dəyişdi­yinin şahidi olacaq, respublikanın inkişa­fının həqiqi əks-sədasını duyacaq”.

Kitab üzərində iş məqalələrin Azər­baycan dilinə tərcümə edilməsi ilə məh­dudlaşmayıb. Eyni zamanda, Azərbay­can reallıqlarını mətbuat səhifələrində işıqlandırmağa çalışan bəzi müəlliflərin yol verdikləri qeyri-dəqiqliklər, təhriflər və ya saxtalaşdırmalar üzə çıxarılmışdır və belə məqamların hər biri barədə, həm­çinin kitaba daxil edilən materiallarda öz əksini tapan hadisə və proseslərlə bağlı olan şəxslər, şəhər və kəndlər haqqında da müvafiq şərhlər verilib. 

Bütün bunlara əsaslanaraq, siyasət­çilər, tarixçilər, regionşünaslar, diplo­matlar və digər mütəxəssislər üçün son dərəcə faydalı vəsait olan "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbay­can obrazı" kitabını həm də ciddi tədqiqat işi kimi qiymətləndirmək olar.

R.QURBANLI
XQ

Sosial həyat