Əgər ki, yıxılsam, çinar göstərin...

post-img

Nəbi Xəzri söz verdiyi müsahibədən nə üçün imtina etdi?

Onu televiziyada çox görmüşdüm. İlk dəfə yaxından görməyim isə qəribə bir təsadüf nəticəsində olmuşdu. Belə ki, Nərimanov prospektinin (İndi Hüseyn Cavid prospek­ti) Mikayıl Müşfiq küçəsi ilə kəsişməsindəki “Almaz” zərgərlik mağazası olan bina partlamışdı. Hamı kimi biz – 20-ci sahə deyilən ərazidəki Neftçilər yataqxanasının sakinlərindən üç-dörd nəfər də hadisə yerinə getmişdik. 

Bir də gördüm Nəbi Xəzri camaatın ara­sındadır və kiminləsə söhbət edir. Bayaqdan partlayış haqqında bir-birinə “təfsilat” xarak­terli “məlumatlar verən” izdihamın diqqəti qeyri-ixtiyari şairə yönəldi. Otaq yoldaşımız Oqtay soruşdu ki, o kimdir? Dedim, Nəbi Xəzri. Oqtay çıxışa hazırlaşırmış kimi boğa­zını arıtlayaraq dedi: “Əgər ki, yıxılsam çinar göstərin, mən ona söykənib arana baxım”. Dedim, bəli. 

Sonralar Nəbi Xəzrini Qoşa qala qapıla­rının qarşısındakı meydanda Sabir Poeziya günləri münasibətilə şairin abidəsi önündə keçirilən tədbirdə gördüm. Tədbiri professor Abbas Zamanov aparırdı. 

Daha sonralar Dövlət Filarmoniyasında onun 50 illiyi münasibətilə keçirilən tədbir­də iştirak etdim. Rəhmətlik Rəsul Həmzətov ona avar yapıncısı bağışladı və israrla xahiş etdi ki, geyinsin. Yapıncını Nəbi müəllimə geyindirdilər və Rəsul Həmzətov gülərək dedi ki, çox əzəmətli göründün. Nəbi Xəzri­nin cavabı da maraqlı idi: “Bəli, yapıncı məni əzəmətli göstərdi. Ancaq avarlar yapıncısız da möhtəşəm və əzəmətlidirlər.”

... 1992-ci ilin sentyabr ayı idi. Mən o günlərdə Dövlət radiosunda işləyirdim. Pre­zident Aparatından (o zaman məhz elə ad­lanırdı) Teleşirkət rəhbərliyinə tapşırmışdılar ki, Prezident Əbülfəz Elçibəyin hakimiyyəti­nin 100 günü münasibətilə görkəmli ziyalı­ların dediklərini yazaq və efirə verək. Həm­söhbətləri şirkət sədrinin radio üzrə müavini Şamil Məcidov müəyyən edir və bəziləri ilə özü telefon əlaqəsi yaradaraq görüş vaxtını dəqiqləşdirirdi. Bəstəkar Arif Məlikov və şair Nəbi Xəzri ilə görüşməyi mənə həvalə etmiş­dilər. Arif müəllimlə söhbətimiz efirə gedən­dən sonra yaxşı əks -səda verdiyinə görə Nəbi müəllimlə görüşə daha böyük həvəslə getdim. 

Nəbi müəllim əvvəllər Teleradio sədrinin müavini vəzifəsində çalışdığına görə kol­lektivdə hamı onun xasiyyətini bilirdi və ona görə də işdə mənə demişdilər ki, bugünkü həmsöhbətin müsahibə verməyə o qədər də həvəs göstərmir. Amma deyilən olmadı. 

Onun iş yerinə – Korqanov, indiki Rəsul Rza küçəsində yerləşən “Azərbaycan Dün­yası” Beynəlxalq Əlaqələr Mərkəzinə get­dim. Mehribanlıqla qarşıladı. Adımı soruşdu. Dedim. Verilişlərimdən bir neçəsini eşitdiyini söylədi, məmnun oldum. Çay və şirniyyat gətirdilər və tam arxayın oldum ki, tapşırığı yüksək səviyyədə yerinə yetirəcəyəm. 

Bir qurtum çay içib, məqsədimi soruşdu. Dedim, cənab Prezidentin hakimiyyətinin 100 günü münasibətilə görkəmli ziyalıların fikirlərini öyrənir, təbriklərini lentə alırıq. 

Stəkanı yerə qoydu: 

– Bəs gəlişinizin məqsədini nə üçün mənə deməmisiniz?

Dedim: – Sizə mən zəng eləməmişəm, sədr müavini zəng edib. 

Stəkanı bir də götürdü və bir də yerə qoydu: 

– Bəlkə də ölkədə Əbülfəz Elçibəyi ən yaxından tanıyanlardan biri də mənəm. O, həqiqi vətəndaşdır, məsuliyyətli ziyalıdır, tanınmış alimdir, yaxşı insandır... Amma, o siyasətçi, dövlət adamı deyil, axı! Niyə məni istəmədiyim müsahibəni verməyə təhrik edirsiniz? Şamil Məcidova deyin ki, Nəbi Xəzri bu məzmunda müsahibə vermək istəmədi. Soruşsa nə üçün, deyin ki, o, öz müsahibəsini Prezidentin bir illiyinə saxladı. 

Sonra səsini bir az mülayimləşdirdi ki, mən çox da pərt olmayım: 

– Gələn ay mənim xarici səfərim olacaq. Qayıdandan sonra gələrsən, bir söhbət ya­zarıq.

Mən səsyazanın mikrofonunu yığışdıra­raq ayağa qalxanda: 

– Yox, yox, o çay qismətinizdir, çayı için – dedi ki, vəziyyət bir az da mülayimləşsin.

Lap sonralar – 1998-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevin Prezident kimi ikinci dəfə andiçməsindən sonra Nəbi müəl­limin təbrikini yazmışdım. 

Allah rəhmət eləsin!

 

İttifaq MİRZƏBƏYLİ
XQ

Sosial həyat