Qarabağ mədənlərinin qanunsuz istismarına son qoyulub

post-img

Cinayətkarlar isə lazımi cəzalarına çatacaqlar

Ermənistanın işğalı zamanı Azərbaycanın nəzarət zonasından kənarda qalan Qarabağ qeyri-qanuni fəaliyyət üçün əlverişli meydan olub. Burada işğalçı dövlət beynəlxalq şirkətlərlə birgə dağ-mədən yataqlarını qanunsuz istismar edib. İşğalın davam etdiyi uzun illər ərzində təbii sərvətlərimiz talan edilərək xaricə daşınıb. 

Təbii sərvətlərin istismarı

İstismar edilmiş ərazilər arasında Tərtər rayonunda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqları da var. "Qızılbu­laq" yatağının qiymətlədirilmiş ehtiyatı 13 min 700 ton qızıl, “Dəmirli”nin ehtiya­tı isə 457 min ton misdir. Hər iki yatağın istismarında Lixtenşteyndə qeydiyyata alınmış “Base metals” şirkəti əsas rol oynayıb. İllik gəliri 8 milyon ABŞ dolla­rı təşkil edən şirkət “Qızılbulaq” yata­ğından hər ay 12 min ton filiz çıxarıb. Xammal Ermənistana aparılıb və orada təkrar emal olunduqdan sonra dünya bazarına çıxarılıb. 

“Base metals” şirkəti yalnız “Dəmir­li” yatağını deyil, “Heyvalı” qızıl və mis mədənlərini də talayıb. Bu yataqdan 2009–2011-ci illərdə 400 min ton filiz emal edilib. Həmin müddətdə texnoloji emal həddi 150 min ton olmalı idi. “Də­mirli” yatağından çıxarılan filiz Avropa ölkələrinə ixrac edilib. 

2020-ci ilə qədər “Qızılbulaq” və “Dəmirli” qızıl yataqlarını talayan xari­ci şirkət cinayətkar fəaliyyətinə haqq qazandırmaq üçün qondarma Xankən­di rejiminə maliyyə dəstəyi göstərib. Məsələn, 2019-cu ildə 38,5 milyon dollar qanunsuz fəaliyyət vergisi ödə­yib. Rejimin himayəsi ilə ixracın 60 fa­izi, ümumi gəlirlərin 32 faizini məhz bu şirkət təmin edib. 

“Herq” nəşrinin məlumatında isə bildirilib ki, 2019-cu ildə dağ-mədən sənayesi qondarma rejimin ÜDM-nin 13,7 faizini (97,6 milyon ABŞ dolları) istehsal edib. Bununla yanaşı, “Base metals” şirkətinin öz gəlirləri də az ol­mayıb. Azərbaycan Baş Prokurorluğu onun 2009–2017-ci illərdə “Qızılbulaq” yatağını amansız istismar edərək 178 milyon dollar qazandığını sübuta yetirib. Digər yataqların istismarını da nəzərə alsaq şirkət 2009–2017-ci illərdə 301 milyon 918 min manat məbləğində qa­nunsuz gəlir əldə edib.

Ciddi ekoloji risklər 

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzindən bildirilib ki, Qarabağda təbii ehtiyatların heç bir norma gözlənilmədən amansız istis­marı iqtisadi ziyanla yanaşı, ciddi eko­loji təhlükə də yaradıb. Təbiətə vəhşi münasibət çox çirklənmiş tullantı ho­vuzların əmələ gəlməsinə gətirib çıxa­rıb. Məsələn, “Heyvalı” filiz yatağında 3 tullantı hovuzu var. “Dəmirli” mədən yatağının 740 hektar ərazisində isə qa­nunsuz geoloji kəşfiyyat, qazıntı-hasilat işləri və yeni infrastruktur tikintisi aparı­lıb. Bu zaman ərazidəki tarixi-memarlıq və arxeoloji abidələrimiz də məhv edi­lib. Bundan başqa, “Dəmirli” dağ-mədən kompleksinin tikintisi zamanı 82 hektara yaxın meşə örtüyü sıradan çıxarılıb. Nə­ticədə, ətraf mühitə böyük ziyan dəyib, çaylar və yeraltı sular ağır metallarla çirklənib. Uzun illər bu ərazidə yanğın­lar təşkil edilib, su hövzələri kimyəvi çirklənməyə məruz qalıb.

Tullantı hovuzlarının yaxınlığın­da isə Sərsəng Su Anbarı yerləşir. Bu ərazilər seysmik cəhətdən təhlükəli zo­nadır. Zəlzələ və ya texnogen proses­lər nəticəsində tullantı hovuzlarından zəhərli maddələr su anbarına sıza bilər. 2012-ci ildə belə bir hadisə olmuşdu. Həmin vaxt Heyvalı kəndi yaxınlığında­kı mədəndən sianid turşusunun sızması nəticəsində Sərsəng Su Anbarında ba­lıqlar məhv olmuşdu.

Cinayətkar şirkətləri cəza gözləyir

Ölkəmizə iqtisadi ziyan vurmaq­la yanaşı, ekoloji təhlükə yaradanları ikiqat cəzalar gözləyir. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir. Baş Prokurorluğun İstintaq İdarəsi işğal olunmuş rayonların əra­zilərində xarici dövlətlərin erməniəsilli vətəndaşlarının ekologiya və yerin tə­kinin istismarı qaydalarını kobud şəkil­də pozması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma­ları üzrə 2015 və 2018-ci illərdə Ci­nayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) ci­nayət işləri başlanıb. Məcəlləyə görə, “Qızılbulaq” və “Dəmirli” mədənlərində qanunsuz sahibkarlıqla məşğul olaraq sərvətlərimizi talan edənləri 7 ilədək həbs cəzası gözləyir. Onlar Azərbay­can Respublikasına dəymiş ziyanın 4 mislini dövlət büdcəsinə ödəməlidirlər. Onu da bildirək ki, Azərbaycan dövləti işğal nəticəsində dəyən zərərin ödən­məsi məqsədilə Ermənistana qarşı bey­nəlxalq məhkəmələrdə iddia qaldırma­ğa hazırlaşır. 

Artıq "Qızılbulaq" və “Dəmirli” ya­taqları Azərbaycan Ordusunun nəzarə­tinə keçib. Düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqları azad edən ordumuz ölkənin hərbi-siyasi nüfuzunu yüksəltməklə yanaşı, gələcək iqtisadi inkişafımıza da zəmin yaradıb. Tezliklə bu resursların qeyri-qanuni istismarı ilə bağlı kompleks qiymətləndirilmə aparı­lacaq. Düşmən ölkənin və separatçı re­jimin rəhbərlərinin, bu prosesdə iştirak edən cinayətkar xarici şirkətlərin mə­suliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbir həyata keçiriləcək. 

Pünhan ƏFƏNDİYEV
XQ



Sosial həyat