Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin missiyası əhalinin əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə DOST mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin etməkdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanda son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir. Bu konsepsiya əmək, məşğulluq, əlillik, reabilitasiya, sosial müdafiə və sosial təminat sahələrinə dair 15 istiqamət üzrə 160 sosial xidmətin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir. İndiyədək Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST Mərkəzi, həmçinin Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Şuşa şəhərində isə Qarabağ Regional DOST Mərkəzinin filialı istifadəyə verilib. DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,3 faiz təşkil edir.
Mustafa KAMAL
XQ