(əvvəli XQ-nin 20 sentyabr tarixli nömrəsində)
Vətənə və xalqa xidmətə həsr olunmuş ömür
Heydər Əliyev böyük insan, tarixi şəxsiyyət idi. Belə insanlar, bəlkə də, əsrdə bir dəfə, ən çətin zamanda, məhz onlara daha çox ehtiyac duyulan vaxtda meydana gəlirlər.
Sağlığında Azərbaycan xalqının ümummilli lideri kimi tanınan Heydər Əliyev cismani gedişindən sonra da xalqın rəğbətini və sevgisini itirməmişdir. O, təkcə ölkənin bənzərsiz rəhbəri kimi deyil, həm də dərin ahəngdar, bütöv, hərtərəfli inkişaf etmiş şəxsiyyət olaraq hər bir azərbaycanlı üçün ideala çevrilmişdir. Bu dahi şəxsiyyətin ümummilli liderlik zirvəsini fəth etməsi onun ölkənin və xalqın taleyinin ən çətin anlarında həlledici rol oynamaq, dövləti və milləti istiqamətləndirmək, xilaskarlıq missiyasını dərhal həyata keçirmək bacarığı sayəsində mümkün olmuş doğru yoldur.
Amma bununla yanaşı, Heydər Əliyev təbiətcə yorulmaz bir insan idi, onun öz üzərində çalışması bütün həyatı boyu davam etdi. Tanrının bəxş etdiyi istedadlar həmişə yeniliklərə can atmağa, zamanı qabaqlamağa çalışırlar.
Ümummilli lider müasir dövlətçiliyin banisi oldu. Onun zəngin dövlət təcrübəsi bütün dünyada yüksək qiymətləndirilir. O, elmi əsaslara və dərin intellektual potensiala əsaslanan mükəmməl dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoyub getmişdir. Bu gün Azərbaycan ulu öndərin göstərdiyi yolu davam etdirir. Respublika Prezidenti İlham Əliyev Heydər Əliyevin dövlət idarəçiliyi ideyalarını davam etdirir.
Heydər Əliyevin 80 illik yubileyi günlərində “Kiyev şəhərinin fəxri vətəndaşı”, “Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru” adlarına layiq görülməsi, Kiyevdə Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin yaxınlığındakı onun adını daşıyan parkda dünyada ilk abidəsinin məhz Kiyev şəhərində ucaldılması yuxarıdakı fikirlərin təsdiqidir. Onun layiqli davamçısı İlham Əliyevin Ukraynada Taras Şevçenkonun adını daşıyan Kiyev Milli Universitetinin Fəxri doktoru adını alması da bu mövqedən diqqəti cəlb edir.
İqtisadi-siyasi və mədəni inkişafın banisi
Heydər Əliyev çox qısa müddətdə Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxararaq dövlət müstəqilliyini möhkəmləndirməyə, əhalinin firavan həyatını bərpa etməyə nail oldu.
Ulu öndərin ölkədə nizam-intizamın bərpasında titanik fəaliyyəti neft strategiyasının inkişafı ilə paralel getdi. Ümummilli liderin sayəsində Azərbaycan dünya siyasət elminə inkişafın “Azərbaycan modeli” kimi daxil olan dövlət quruculuğunun özünəməxsus yolunu əldə etdi.
Onun rəhbərliyi ilə 1994-cü ildə Azərbaycan ölkənin neft yataqlarının işlənməsinə dair dünyanın ən böyük neft-qaz korporasiyaları ilə “Əsrin müqaviləsi”ni imzaladı. Və dünyanın qabaqcıl ölkələrinin ən qabaqcıl şirkətlərinin bu müqavilədə iştirakı ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırıb. Bu müqavilə investisiyaların cəlb edilməsində və ölkə sənayesinin inkişafında, iqtisadiyyatının yaxşılaşdırılmasında müstəsna rol oynadı.
Ümummilli liderin uzaqgörənliyi sayəsində respublikada yeni iqtisadi münasibətlərin əsasları qoyuldu, özəl sektor yaradıldı, iri xarici investisiyalar cəlb edildi, sahibkarlar üçün geniş imkanlar yaradıldı. Sovet dövründən qalan fabrik və zavodlar fəaliyyətə başladı, dünya bazarına çıxa bilən malların istehsalı yerli və xarici sahibkarlara tapşırıldı. Beləliklə, nəinki yeni sənaye sahələri yaradıldı, həm də yeni iş yerləri açıldı. “Güclü iqtisadiyyatı olan dövlət hər şey edə bilər”, deyən Heydər Əliyev bu prinsipi rəhbər tuturdu.
Neft müqavilələri və ölkə daxilində sabitliyin və əmin-amanlığın bərqərar olması, iqtisadi islahatlar və mədəniyyətin yüksəlişi, nəhayət, 1994-cü ilin mayında Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistanla müharibədə atəşkəs və Azərbaycanın ilk uğurları, münaqişənin həllində diplomatiya və Heydər Əliyevin sözünün və əməlinin böyüklüyünün nəticələri özünü təsdiqlədi. Ümummilli lider Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə çalışdı. “Diplomatiya döyüş meydanı deyil,” – dedi. “Burada aqressivlik yox, xeyirxahlıq və rəqibinə güvənmək, ehtiras ünsürlərinə təslim olmamaq, müdriklik və səbr göstərmək, onların əlində alət olmamaq lazımdır. Azərbaycan liderinin problemlərə bu cür yanaşması hələ də münaqişənin həlli üçün ən optimal modelin işlənib hazırlanmasına və son nəticədə Cənubi Qafqazın bütün qaynar nöqtələrində sülh perspektivlərinin yaxınlaşmasına ehtiyacı olan Azərbaycan diplomatiyası üçün əsas prioritetdir.
Heydər Əliyev siyasi və diplomatik fəaliyyətini Azərbaycan haqqında hamı tərəfindən qəbul edilmiş fikirlərin dəyişdirilməsinə həsr etmişdir. Şərq–Qərb layihəsinin həyata keçirilməsində Heydər Əliyevin xidmətlərini qeyd etmək lazımdır. 1998-ci ildə onun təşəbbüsü ilə səkkiz ölkə rəhbərinin və otuzdan çox dövlətin nümayəndə heyətlərinin iştirakı ilə “İpək Yolunun bərpası” beynəlxalq forumu keçirilmişdir. Bu, Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində, Qərb və Şərq dövlətləri ilə əməkdaşlığının intensivləşməsində mühüm rol oynadı.
Müstəqil və sabit dövlət quruculuğu yolunda Heydər Əliyevin atdığı addımlar nəticəsində Azərbaycanın da milli maraqlarının keşiyində dayanmağa qadir olan milli ordu formalaşdı, Azərbaycanın müstəqilliyinin qorunub saxlanması üçün mümkün olan hər şey edildi.
İncə psixoloq və təcrübəli diplomat olan ulu öndər həmsöhbətinin əhval-ruhiyyəsinin ən xırda nüanslarını tutmağı bacarırdı. Azərbaycan dili Heydər Əliyevin xüsusi diqqət mərkəzində idi. O, qəti əmin idi ki, ancaq “hər bir xalqı ana dili yaradır”. Heydər Əliyev 1978-ci il Konstitusiyasında hüquqi cəhətdən təsbit olunmuş Azərbaycan dilinin dövlət dili statusuna nail oldu. O zaman belə bir addım qəhrəmanlığa bərabər idi. 2007-ci ildə (ölümündən sonra) dil problemini həll etdiyinə görə Atatürk mükafatına layiq görülüb.
Ulu öndər Azərbaycan xalqının milli varlığının qorunub saxlanmasının açarına çevrilən azərbaycançılıq konsepsiyasını işləyib hazırladı. Azərbaycançılığın əsas dəyərlərinə sadiqlik xalqı birləşdirən, sosial sabitliyin və rifahın, islahatların uğurunun təmin edilməsində, qlobal siyasətdə milli maraqların həyata keçirilməsində mühüm amil olmuşdur.
Azərbaycan diasporunun yaradıcısı
Heydər Əliyevin xatirəsi həm ölkədə, həm də xaricdə yaşayan azərbaycanlıların qəlbindən silinmir. O, Azərbaycan diasporunun yaradıcısı idi. Məhz o, Azərbaycan xalqını ayağa qaldıraraq, ideal və mənəviyyat zirvəsinə ucaldaraq, bununla da azərbaycançılıq məfkurəsini bütün dövrlər üçün milli ideala çevirdi.
Ulu öndər həmişə milli–mənəvi və mədəni dəyərlərin qorunub saxlanması uğrunda mübarizə aparmış, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə inteqrasiya yolu ilə zənginləşməsi üçün əlindən gələni etmişdir.
Qürur hissi ilə qeyd edirəm ki, mən də bu böyük insanla (1976-cı ildən 2003-cü ilədək) dəfələrlə şəxsən görüşmüşəm, hətta onun qarşısında dəfələrlə çıxış etmişəm. 1980-ci ildə mənim namizədliyimi təsdiqləyərək Bakı Partiya Məktəbində oxumağa yaşıl işıq yandıran Heydər Əliyev oldu. Onunla Yaltada görüşdükdən sonra diasporun fəal üzvü, “Xalq qəzeti”nin jurnalisti və Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının tələbəsi kimi ona Ukrayna jurnallarında “Millət Atası, nə üçün müdrik Azərbaycan xalqı Heydər Əliyevdən xahiş etdi ki, məsuliyyəti öz üzərinə götürüb respublikanı xilas etsin”, “Heydər Əliyevin portreti üçün ştrixlər” (Ukrayna dilində).
Bununla əlaqədar daha bir fakt... 2000-ci ilin sentyabrında Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alarkən bir professorla söhbət zamanı bildirdi ki, “Azərbaycan geri qalmış ölkədir... mədəniyyəti yaxşı deyil... demokratiya yoxdur... Sumqayıt hadisəsində ermənilərə qarşı vəhşilik-terrorçuluq hərəkətləri törədilib... və s.” Soruşanda ki, “Siz Azərbaycanda olmusunuz?” dedi: “Yox”. Dedi: “Arqumentin var?”. Dedim: “Bəli”. Növbəti mühazirəsi zamanı Heydər Əliyevin son 7 illik fəaliyyəti zamanı faktlarla təsdiqlənən Azərbaycan reallıqlarını əks etdirən məqaləmi həmin professora təqdim etdim. Növbəti həftədə mühazirəsindən sonra mənə yaxınlaşaraq bildirdi ki, “Siz məni millilik baxımından tərbiyə etdiniz, Sizin materialı vermişəm “Politika” jurnalına, çap olunacaq. Get redaktorla görüş, əlavələrin varsa qeyd et...”. Beləliklə, mənim “Millət Atası, nə üçün müdrik Azərbaycan xalqı Heydər Əliyevdən xahiş etdi ki, məsuliyyəti öz üzərinə götürüb Respublikanı xilas etsin” başlığı ilə 2000-ci ilin sentyabrında “Politika” jurnalında məqaləm çap olundu.
Onu Bakıya göndərdim. Bir həftə sonra bu məqalə bütün Azərbaycan qəzetlərində tərcümə olunub çap olundu.
Bir az sonra GUAM-ın tədbirində Heydər Əliyev məni görəndə “...Bütün bərdəlilərə salamlar” sözü ilə salamladı və ətrafındakı rəhbərlərlə tanışlıqla yanaşı, mənim diplomat vəzifəsinə namizədliyimi Xarici İşlər nazirinə tövsiyə etdi.
2023-cü ilin Azərbaycanımızda “Heydər Əliyev ili” olması ilə əlaqədar bu yaxınlarda mənim elmi, diplomatik və ictimai fəaliyyətim zamanı Heydər Əliyevə həsr etdiyim məqalələrin toplusundan ibarət “Millət Atası” monoqrafiyamın çap edilməsi Ukrayna və Azərbaycan MEA-larında, digər qurumlarda təqdimatı da bu nöqteyi-nəzərdən öz dəyərini nümayiş etdirməkdədir.
Bu baxımdan da mən özümü dahi ulu öndərimizin – millət atasının tələbəsi hesab edirəm.
İstedad və iradə
Görüşlərin birində jurnalistlər onu “böyük güc sahibi” adlandırdılar. Heydər Əliyev cavabında gülümsəyərək dedi ki, hakimiyyətin yalnız bir mənbəyi var – xalq. Onun siyasi məharətinin və uzunömürlüyünün sirlərini, xalqın inamında, təkcə inamında deyil, həm də insanların ümidinin canlı təcəssümündə axtarmaq lazımdır.
Sabahın dinc, xoşbəxt olacağına ümid edirəm. Müharibəsiz, doğma yurdunda qaçqınsız, canı rahat, evdə çörək. Heydər Əliyevə inamın mahiyyətini isə bu ümid müəyyən edir...
Ümumbəşəri məhəbbəti qazanmaq üçün təkcə yaxşı siyasətçi olmaq kifayət deyil, həm də müstəsna universal insani keyfiyyətlərə malik olmaq lazımdır. “Böyük siyasət xırda hisslərə, maraqlara tabe edilə bilməz”, deyən Heydər Əliyev buna əmin idi. Onun tükənməz enerjisi Azərbaycan xalqını yeniləşən, qurucu, xoşbəxt Azərbaycana inamla ruhlandırdı. Heydər Əliyev xalqa heç vaxt icrası mümkün olmayan vədlər verməmiş, əksinə, əldə edilə biləcək nəticələri həmişə bəyan etmişdir. Onun əsas keyfiyyətləri müstəsna dürüstlük və güclü iradə, eləcə də ən yüksək təşkilatçılıq və tələbkarlıq, xüsusən özünə qarşı, hər bir insanı dinləmək və eşitmək bacarığı idi.
***
Heydər Əliyev fəaliyyətinin bütün sahələrində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsinin təmin edilməsi prinsiplərinə əsaslanmışdır. O, hakimiyyətə gəldiyi ilk vaxtdan və fəaliyyətinin sonuna kimi güclü, müstəqil, hüquqi dövlət quruculuğu üzərində titanik xidmətlər göstərib.
“Müstəqillik yolundan çətin yol yoxdur” – deyən ulu öndər başa düşürdü və bununla belə, o, xalqını bu yolda inamla irəli aparır, cəmiyyətin sosial, iqtisadi, mədəni və ideoloji sahələrini inkişaf etdirir, eyni zamanda, xarici siyasət məsələlərini həll edir. Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin Direktorlar Şurası 1999-cu ildə sülhsevər siyasətinə və demokratiyanın inkişafında böyük xidmətlərinə görə Heydər Əliyevi “XX əsrin görkəmli xadimi” adına layiq görüb.
İnsan əməli ilə böyük olur. Amma böyük işlər görmək üçün insanlarla birlikdə olmaq lazımdır. Heydər Əliyev son dərəcə çətin bir dövrdə xalqının xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək, müstəqillik və Azərbaycanın formalaşmasının çətin yolunu öz xalqı ilə birlikdə, çiyin-çiyinə keçdi. Onun ürəyi milyonlarla azərbaycanlının qəlbi ilə vəhdətdə döyünürdü.
Azərbaycan həmişə müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşadığı ölkə olub. O, Şərqlə Qərb arasında mədəni körpü idi. Bu gün Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşaması ulu öndərin ən böyük sərvətlərindən və irslərindəndir. Ən qısa müddətdə, biz özümüzü etibarlı beynəlxalq tərəfdaş, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən müstəqil xarici siyasət yürüdən ölkə kimi göstərə bildik.
Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrildi, etibarlı beynəlxalq tərəfdaş kimi özünü sübut etdi, Avropanın enerji təhlükəsizliyinin qarantı, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən isə BMT-nin qeyri-daimi üzvü olan ilk nümayəndəsi oldu. Təhlükəsizlik Şurası, müxtəlif mədəniyyətlərin mədəniyyətlərarası dialoqunun təşəbbüskarıdır. O, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq strukturların üzvüdür.
Əminəm ki, idealımız və ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycanla fəxr edərdi və biz hər ürək döyüntüsü ilə onun vəsiyyətlərinə hörmətlə yanaşmalı, Azərbaycanı yeganə doğru, layiqli yola yönəldən şəxsiyyətin müqəddəs xatirəsi qarşısında baş əyməliyik.
Azərbaycanın İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlər 20 illik bir müddətdə bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə aparır. Bu uğurların banisi ulu öndər Heydər Əliyevin adı xalqımızın qəlbində əbədi yaşayacaqdır. Düz deyirlər: nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
Arif QULİYEV,
hüquq elmləri doktoru, Kiyev Əqli Mülkiyyət və
Hüquq Universitetinin professoru, Ukrayna Ali Təhsil Akademiyasının akademiki

