Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektronlaşdırma proqramı çərçivəsində yeni “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” elektron xidməti istifadəyə verilib. Geniş funksional imkanları olan e-xidmət emas.sosial.gov.az internet portalında ayrıca bölmə kimi yaradılıb.
Bölmə hər bir sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağa qulluq ilə bağlı sosial sığorta hadisələri baş verdiyi zaman ona ödəniləcək sosial sığorta ödəməsinin məbləğini hesablamaq imkanı verir. Xidmətdən yararlanmaq üçün sığortaolunanlar emas.sosial.gov.az portalında şəxsi kabinetə daxil olaraq “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” bölməsinə keçid etməli və açılan pəncərədə sosial sığorta ödəməsinin növünü seçməlidirlər. Bundan sonra seçilmiş sosial sığorta ödəməsinin növünə uyğun olaraq tələb olunan məlumatları müvafiq xanalara daxil etməlidir. “Hesabla” düyməsi sıxıldıqda ona ödəniləcək sosial sığorta ödəməsinin məbləği ekranda əks olunacaqdır.
Yeni e-xidmət elektron xidmətlərin tətbiq dairəsinin genişləndirilməsinə, xidmətlərin keyfiyyət və əlçatanlığının, sığortaolunanların sosial sığorta ödəmələri ilə bağlı məlumatlılığının artırılmasına xidmət edir. 2021-ci ilin əvvəlindən nazirlik tərəfindən “Pensiya kalkulyatoru” elektron xidməti də istifadəyə verilib və ötən dövrdə bu e-xidmətdən 2 milyon dəfədən çox istifadə edilib.
Sosial sahədə son 5 ildə geniş elektronlaşma proqramı icra olunub və bu gün nazirliyin 153 xidmətindən 140-dan çoxu (90 faizdən çoxu) artıq e-qaydada təqdim edilir. Ötən müddətdə, həmçinin 50-dən çox proaktiv xidmət, 31 e-arayış xidməti yaradılıb.
Zərifə HÜSEYNOVA
XQ