Füzuli yenidən bar-bərəkət libasına bürünüb

post-img

2025-ci ilə kimi burada taxıl istehsalı 130 min tona çatdırılacaq

 

Bu gün Füzuli rayonunda böyük ti­kinti-quruculuq işləri aparılır. Yaşayış məntəqələri yenidən qurulur. Sakinlə­rin işlə təmin edilməsi diqqət mərkə­sində saxlanılır. Burada emal və ərzaq sənayesinin inkişafı potensialı var. Bu barədə iqtisadçı–ekspert Eyyub Kə­rimli bildirib: “İşğaldan əvvələ qədər Füzuli rayonu böyük potensiala malik kənd təsərrüfatı rayonu idi. Rayonun əkin sahələrinin 77 faizi taxılçılıq, 21 faizi pambıqçılıq üçün istifadə edi­lirdi. Rayonda həm də üzümçülük və heyvandarlıq inkişaf etmişdi. Geniş su ehtiyyatları da mövcuddur. Bunun sayəsində rayonda kənd təsərrüfa­tının bütün sahələrinin inkişafı üçün geniş imkanlar var”.

Ekspert qeyd edib ki, Füzuliyə köçün başlaması ilə həmin bölgənin ölkə iqtisa­diyyatına reinteqrasiyasının təməli qoyu­lub. “Ora köçən əhali işlə təmin olunacaq, sosial obyektlərin də fəaliyyəti nəzərdə tutulub. Yeni əkin sahələri dövriyyəyə cəlb ediləcək. Bu da onu deməyə əsas verir ki, artıq Füzuli rayonunun iqtisadi həyatı bərpa olunmağa başlayıb”.

Hazırda müvafiq dövlət qurumları tərəfindən müxtəlif sahələr üzrə təhlillər aparılır. Aydındır ki, rayonun iqtisadiyya­tında kənd təsərrüfatı əsas yer tutacaq. İlkin araşdırmalar göstərir ki, müasir texnika və texnologiyalardan istifadə et­məklə rayonda məhsul istehsalını işğal­dan əvvəlki illərlə müqayisədə artırmağa imkan var. Məsələn, 1980-1988-ci illərdə rayonda taxıl istehsalı respublika üzrə is­tehsalın 2,3 faizini təşkil edirdi. Bu rəqəm hazırda 3,3 faizə çatıb. Aparılan tədqiqat­lardan məlum olur ki, 2025-ci ilə qədər rayonda taxıl istehsalını 130 min tona çatdırmaq olar.

Əvvəllər rayonda taxılçılıqdan sonra istehsalına üstünlük verilən kənd təsərrü­fatı sahəsi pambıqçılıq olub. 1980-ci ildə 3 min 200 hektar sahədən 12 min 993 ton pambıq yığılmışdır. İşğaldan öncəki dövr ərzində (1980-1988) pambıqçılıqda məhsuldarlıq respublika üzrə maksimum 35,4 sentner olduğu halda, Füzuli rayo­nunda 40,6 sentnerə çatmışdır. Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qə­dər Füzulidə pambığın intensiv üsullarla əkilib-becərilməsi hesabına 41 sentner məhsuldarlıqla istehsalın 5,5 min tona çatdırılması nəzrdə tutulur. Bu da ölkədə pambıq istehsalının təxminən 1,4 faizinin həmin rayon hesabına formalaşacağı deməkdir.

Üzümçülük də Füzulinin aparıçı sahəsidir. Burada üzüm plantasiyalarının olması və əhalinin mütəmadi məşğul ol­ması şərabçılığın inkişaf etdirilməsi üçün zəmin yaradır. Bu baxımdan, Füzulidə də şərab zavodlarının tikintisi və üzüm plan­tasiyalarının salınması zəruridir.

Yuxarıda qeyd etdiyim kimi, üzüm­çülük Qarabağda, eləcə də Füzulidə təsərrüfatçılıq ənənəsinə malik bitkiçilik sahəsi hesab edilir. Rayonda 1,6 milyon ədəd şərti butulka istehsalı üçün şərab zavodlarının yaradılmasını nəzərdə tutan investisiya layihəsi hazırlanıb. Layihənin həyata keçirilməsi üçün investorların cəlb edilməsi planlaşdırılır. Üzüm bağlarının salınması üçün subsidiyaların, güzəşt­li kreditin, investisiya təşviqi sənədinin verilməsi dövlət dəstəyi hesabına təmin olunacaq. Müəssisənin xammalla təmin edilməsi üçün rayonun Yuxarı Veysəlli kəndində ümumi sahəsi 131 hektar olan hazır üzüm bağlarından istifadə oluna­caq. Həmçinin ümumi sahəsi 356,3 hek­tar olan perspektivli sahələrdə yeni üzüm bağlarının salınması planlaşdırılır.

Hazırda dövlət tərəfindən Yuxarı Vey­səlli kəndində üzümlüklərin orqanik ser­tifikat (Ecocert Organic Standard, EOS) alması istiqamətində danışıqlar aparılır. Layihənin dəyəri 19,6 milyon–21,3 mil­yon manat (cari məzənnə ilə 11,5 - 12,5 milyon dollar) arasında dəyişir. Bu qiy­mətləndirməyə şərab istehsalı müəs­sisəsinin yaradılması üçün nəzərdə tutu­lan xərclər (16 milyon manat), həmçinin 356,3 hektar sahədə yeni üzüm bağla­rının salınması xərcləri (3,6 milyon - 5,3 milyon manat) daxildir.

Hökumətin qiymətləndirmələrinə görə, layihə hazır üzümlüklərin mövcud­luğu, yüksək aqrar turizm imkanları, tor­paqların əkinə yararlı olması, o cümlədən bağ sahələrini genişləndirməyə imkan verən perspektivli boş sahələrin olması kimi bir sıra üstünlüklərə malikdir.

Xatırladaq ki 1980-ci ildə 18,2 min hektardan 76,7 min ton üzüm istehsal edilmişdir. Lakin sonrakı illər məlum sə­bəbdən üzüm sahələri azaldılaraq 1988-ci ildə 14,1 min hektara düşmüşdür. Həmin il üzümlüklərdən 100,8 min ton məhsul əldə edilmişdir. 2019-cu ildə isə Füzulidə üzüm istehsalı cəmi 960 ton olmuşdur. 

İşğaldan azad edilmiş torpaqlar üçün qəbul edilmiş tədbirlər planı çərçivəsin­də digər bitki növləri ilə yanaşı, üzüm sahələrinin artırılması və daha yüksək məhsuldarlıq hesabına ölkənin üzümə olan tələbatının tam təmin edilməsi göz­lənilir. Üzümçülük sahəsinin, o cümlədən texniki üzüm sortlarının yetişdirilməsi bu rayonda şərabçılıq sektorunun da can­lanmasının bilavasitə əsas amili olacaq. Belə ki, 2025-ci ildə Füzuli rayonunun ölkə üzrə üzüm istehsalında payının 5,1 faiz təşkil edərək 10,5 min ton civarında olması proqnozlaşdırılır.

Bağçılıq və tərəvəzçilik də Füzuli ra­yonunun aparıcı sahələridir. 2025-ci ilə qədər rayonda 47,4 min hektar əkin və bağ sahələrindən 208 min min ton bitkiçi­lik məhsulları istehsalı imkanları var. Bu da ümumilikdə ölkədə müvafiq məhsul­lar üzrə proqnoz istehsal göstəricilərinin 2,1 faizni təşkil edir. Bitkiçilik məhsulları istehsalı nəticəsində rayonun yaratdığı əlavə məhsulun dəyəri 119,8 milyon ma­nat olacaq.

Qeyd edək ki, Füzuli rayonunda möv­cud olan örüş-otlaq və biçənək sahələri respublikanın müvafiq sahələrinin təx­minən 1,1 faizini təşkil edir. 2025-ci ilə qədər Füzuli rayonunda 56,3 min baş iribuynuzlu (inək və camışlar), həmçinin 260,4 min baş xırdabuynuzlu (qoyun və keçilər) olmaqla heyvandarlığın bərpa edilməsi ölkədə bu sahənin inkişafına və sürü dövriyyəsinin təqribən 2,4 faiz artımına səbəb olacaq. Bununla yanaşı, quşların sayının 470,9 min başa qədər, arı ailələrinin sayının isə 4 min olması gözlənilir. 

Rayonun ölkə istehsalındakı payı ət istehsalında 0,6, yun istehsalında təqri­bən 2,4, süd və yumurta istehsalında isə müvafiq olaraq 1,2 və 1,6 faiz təşkil edə­cəyi proqnozlaşdırılır. Üstəlik, rayonun keçmişdən qalan baramaçılıq ənənəsi onu göstərir ki, burada təxminən 200 ton barama istehsalı potensialı da mövcud­dur.

Ümumilikdə kənd təsərrüfatı infrast­rukturunun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlığın inkişafı üçün zəruri tədbirlərin görülməsi nəticəsində məhsuldar dövrün başlanğıcı hesab olu­nan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı məhsulları istehsalına Füzuli rayonunun birbaşa əlavə töhfəsinin 147,8 milyon manat olacağı proqnozlaşdırılır.

Təbii ki, bu proqnozlar, sadəcə, aq­rar potensialı əhatə edir. Sonrakı dövrdə gözlənilən emal və dəyər zənciri üzrə aqrosənaye potensialı da hesablanarsa, daha böyük miqyasda ümumi daxili məh­sulda və yeni iş yerlərinin yaradılmasında həndəsi silsilə ilə müsbət dinamika qaçıl­maz olacaq.

P.ƏFƏNDİYEV
XQ

Füzuli

Sosial həyat