Macarıstan etibarlı dost, perspektivli tərəfdaşdır

post-img

Ortaq maraqlar, faydalı əməkdaşlıq ölkələrimizi daha da yaxınlaşdırır

Macarıstanın Qarabağda vəziyyətlə bağlı Avropa İttifaqının birgə bəyanatının qəbulu zamanı özünün veto hüququndan istifadə etməsi bir daha bu ölkənin həqiqətin tərəfində dayandığını, Azərbaycanla əlaqələrinin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə möhkəmləndiyini göstərir. Hazırda dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli münasibətlərin daha da genişləndirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Macarıstan respublikamızın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biri kimi diqqət çəkir. 

Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik dövlətlərdir. İki ölkə arasında imzalanan strateji tərəf­daşlıq haqqında Birgə Bəyannamə, ha­belə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın getdikcə genişlənməsi və möhkəmlən­məsində əhəmiyyətli baza rolunu oyna­yır. 

İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqi kimi diqqət çəkən bəzi məqamlara nəzər sa­laq. Əvvəlcə onu qeyd edək ki, tərəflər arasında əmtəə dövriyyəsinin həcmi son illərdə geniş həcmdə artıb. Belə ki, 2021-ci ildə Azərbaycan ilə dost ölkə arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. Keçən il bu göstərici 47,4 milyon dollara çatıb. İki ölkə arasında ticarət dövriyyəsinin bö­yük hissəsi idxalın payına düşür. Başqa sözlə, Azərbaycan–Macarıstan əmək­daşlığında 45 milyon dollar idxal, 2,3 milyon dollardan bir qədər artıq isə ixrac təşkil edir.

Beləliklə, Macarıstan ixrac və idxala görə sıralamada ən balanslı mövqeyə malik ölkədir, ixrac üzrə dünyanın 35-ci ən böyük ixracatçısı, idxal üzrə isə 34-cü ən böyük idxalatçısıdır. Düzdür, Rusiya-Ukrayna müharibəsi mövcud vəziyyətə mənfi təsir göstərir, müəyyən ciddi problemlər yaradır. Onun bu çətin­liklərin aradan qaldırılmasında Azərbay­can önəmli rol oynayır. Çünki Avropaya çatmış TAP qazının Yunanıstanın qonşu ölkələrinə daxili konnektorlar vasitəsilə çatdırılması məsələsində Macarıstan da ciddi istəklidir.

Azərbaycan–Macarıstan arasında ötən illər ərzində nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq daim diqqətdə saxlanılıb. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu im­zalanıb. Eyni zamanda, dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbay­cana, həmçinin əks istiqamətə yüklərin ötürülməsinə başlanılıb. Bundan başqa, dost ölkənin “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviareyslərin həyata keçirməsinə başla­yıb. Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərində real­laşdırılan bərpa-quruculuq prosesində artıq fəaliyyətə başlayıb.

Hazırda Macarıstan şirkətləri tərə­findən düşməndən təmizlənən ərazilə­rimizdə aparılan bərpa-quruculuq işləri ilə əlaqədar ölkəmizə müvafiq layihələr təqdim edilib. Döst dövlət düşməndən azad olunan torpaqlarımızda minatə­mizləmə əməliyyatında da dəstəyini əsirgəmir. Macarıstanın bu məqsədlə Azərbaycana 25 min avro ianə etmə­si də bunun bariz ifadəsidir. Bu gün ölkələrimiz arasında iqtisadi əlaqələrdə davamlı inkişaf özünü qabarıq büruzə verir. Azərbaycanda 21 Macarıstan in­vestisiyalı şirkətin fəaliyyət göstərməsi, bu ölkənin respublikamıza 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycanın isə dost ölkəyə 18,1 milyon ABŞ dolları həcmində investisiya yatırması bunun məntiqi nəticəsidir.

Ümumiyyətlə, Macarıstanın Azər­baycana yatırdığı investisiyanın respub­likamızın bu ölkəyə qoyduğu sərmayə­dən 55 dəfə çox olması (1,1 milyard dollar və 18 milyon dollar), yuxarıda qeyd etdiyimiz kimi, Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memoran­dumunun imzalanması, düşməndən təmizlənən ərazilərimizdə minatəmiz­ləmə fəaliyyətinə dəstək məqsədilə 25 min avro ianə etməsi və digər çoxsaylı məqamlar tərəflər arasında iqtisadi mü­nasibətlərin dinamik inkişafından xəbər verir.

– Göründüyü kimi, belə bir artım tendensiyasına baxmayaraq, Azərbay­can ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etdirilməsi potensialı kifayət qədər böyükdür. Hər iki ölkənin birgə sərmayə qoyuluşlarını, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanla­rı yüksək qiymətləndirilir. Bu baxımdan dost ölkəyə qarşılıqlı rəsmi səfərlər iki dövlət arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edir. 

Macarıstanın “MVM CEEnergy”, Azərbaycanın isə SOCAR şirkətləri ara­sında imzalanan müqaviləyə əsasən, respublikamız 2023-cü ilin sonunadək dost ölkəyə 100 milyon kubmetr qaz tədarük etməyi nəzərdə tutur. Bütöv­lükdə Macarıstan Azərbaycandan ildə 2 milyard kubmetr qaz idxal etməyi plan­laşdırır. Yunanıstan-Bolqarıstan İnter­konnektoru (IGB) istifadəyə verildikdən sonra daha 5 Avropa ölkəsinin, o cümlə­dən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanlarının genişlənməsi bu göstəricinin reallaşacağına əminlik yaradır. 

Cənubi Qaz Dəhlizinin (CQD) yeni elementinə çevrilən IGB-nin ötürmə gü­cünün 3,5 milyard kubmetrdən 5 milyard kubmetrədək artırılması Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbay­candan daha çox qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yaradır. Bu məqamla bağlı xatır­ladaq ki, dost dövlət Cənub Qaz Dəhlizi (CQD) təşəbbüsünü daim dəstəkləyir və bu layihəyə qoşulmaqla bağlı marağını daim diqqətə çatdırır. Məhz elə buna görədir ki, qarşı tərəf CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. 

Ölkələrimiz arasında enerji sahə­sində əməkdaşlıqda ötən il dekabrın 17-də Buxarestdə imzalanan Azərbay­can, Macarıstan, Rumıniya və Gürcüs­tan Hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair mü­vafiq Saziş xüsusi yer tutur. Həmin ta­rixi sənədə əsaslanılaraq adları çəkilən ölkələr arasında “yaşıl enerji”nin ötü­rülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin ic­rası istiqamətində səylər hazırda uğurla davam etdirilir. Bununla da 1200 kilo­metr uzunluğunda dünyanın ən uzun su­altı kəmərinin tikintisi planlaşdırılır. 

Ekspertlərin fikrincə, sözügedən “yaşıl enerji” layihəsinin gerçəkləşmə­si region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarını ge­nişləndirəcək, eyni zamanda, Xəzər də­nizinin respublikamıza aid sektorundakı zəngin külək enerjisi potensialı Avropa­nın enerji təhlükəsizliyinin şaxələndiril­məsini gerçəkləşdirəcək. 

Bütün bu deyilənlərdən belə bir qə­naət hasil olur ki, Azərbaycanla Maca­rıstan arasında əməkdaşlıq təkcə qaz tədarükü, eləcə də “yaşıl” enerjinin inkişafı və təchizatı ilə məhdudlaş­mır. İki ölkə arasında sənaye, nəqliy­yat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət və s. sahələrdə də əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait var və bu potensialın reallaşdırıl­ması məqsədilə zəruri tədbirlər görülür. Bu, isə Azərbaycan-Macarıstan əlaqələ­rinin getdikcə genişlənməsini, iqtisadi sahədə yüksək nəticələrin əldə edilmə­sini şərtləndirir.

Vaqif BAYRAMOV
XQ

Siyasət