Qürbətdəki balalara "Ana dili" dərsləri

post-img

Yeni tədris ilindən "Ana dili – Azərbaycan məktəbi” layihəsi məsafədən (onlayn) dərslərə start verib. Bu, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımız üçün ana dilini onlayn öyrənməni təmin edən pilot təlimdir.

İndiyədək 29 fərqli ölkədən 600-ə yaxın soydaşımız layihədə iştirak üçün müraciət edib. Müraciətlərin təhlili aparıldıqdan sonra, ümumilikdə, 35 qrup olmaqla 6-18 yaş kateqoriyası üzrə 300-dən çox iştirakçı ana dili dərslərinə başlayıb.

Qeyd edək ki qruplar layihə iştirakçılarının yaş, dilbilmə səviyyəsi və saat qurşaqlarını nəzərə almaqla təşkil olunub. Layihənin tədris proqramı ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyətinə dair məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb. Dərslər həftədə 2 dəfə olmaqla "Microsoft Teams" platforması üzərindən təşkil edilir. Proqram 2 rüb olmaqla 2023-2024-cü tədris ilini əhatə edəcək.

Vaxt və yaş kateqoriyası baxımından dərslərdə iştirak edə bilməyən şəxslər üçün yaxın vaxtlarda layihənin sosial media hesablarında və onlayn öyrənmə platformasına videodərslər yerləşdiriləcək.

XQ

 

Sosial həyat