Goranboyda vətəndaşların aqrar sahə ilə bağlı müraciətlərinə baxılıb

post-img

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov sentyabrın 11-də Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Goranboy, Yevlax, Şəki və Gəncədən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiyanın verilməsi, işlə təminat, təsərrüfatın fəaliyyətinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Şöbə müdiri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sosial həyat