Lukaşenko: Türkiyə müstəqil siyasət aparır

post-img

Belarus Prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın ölkədə müstəqil siyasət qurulması sahəsində böyük xidmətlər göstərdiyini bildirib. Bu barədə o, Türkiyənin Minskdəki səfiri Mustafa Özcanla görüşündə bəyan edib. Məlumatı “Anadolu” verib. 

Belarus prezidenti deyib: “Sizin suveren, müstəqil siyasətinizə böyük marağımız var. Siz məsələləri türk xalqına lazım olduğu kimi həll edirsiniz. Bu məsələdə sizin prezidentiniz türk xalqının gözlədiyindən də artıq işlər görür”. 

Onun sözlərinə görə, Minsk Ankara ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə çalışır. 

Lukaşenko qeyd edib: “Biz hər şeyi etməyə hazırıq ki, ölkəniz inkişaf etsin. Biz xeyriyyəçi deyilik. Ona görə də müəyyən nəticələr götürməliyik və götürürük. Ancaq bizdə olan həll edilməmiş məsələləri də aradan qaldırmalıyıq. Ümid edirik ki, bu çətin vəziyyətdə Türkiyə bizə dayaq olacaq”. 

Paşa ƏMİRCANOV,
XQ

Dünya