Quşüzümü ilə qodjini bəzən səhv salırlar, onlar xarici görünüşcə biri-birinə bənzəsələr də, fərqli xüsusiyyətlərə malikdirlər. İngilislər bu bitkini qodji adlandırsa da, “Tibet zirinci” kimi də tanınır.
Cavanlaşdırıcı və arıqladıcı təsirlərinə görə, Hollivud ulduzları qida rasionlarında əlavə və tamamlayıcı vasitə kimi ondan istifadə edirlər. Bəzi pəhrizlərdə bu zirincin miqdarının 50 qram, bəzilərində isə 1 xörək qaşığından artıq olmaması göstərilir. Tərkibindəki antioksidantların miqdarına görə bitkilər arasında birinci yerdədir. Qaragilə ilə müqayisədə ondakı antioksidantların miqdarı 25 faiz, narla müqayisədə 2,5, çiyələklə müqayisədə 10 dəfə çoxdur.
Alimlər qiymətli dərman bitkisi kimi Tibet zirincinin xərçəng xəstəliyi əleyhinə güclü təsirini aşkar ediblər. Tədqiqat nəticəsində aydın olub ki, zirinc giləmeyvələrindən müntəzəm istifadə edilməsi xərçəng və Alzheymer xəstəliyinin, həmçinin şəkərli diabetin yaranma ehtimalını azaldır. Onun giləmeyvələri ürək-damar sisteminə də müsbət təsir göstərir. Zirinc əhval-ruhiyyəni yaxşılaşdırır, depressiyanın qarşısını alır, maddələr mübadiləsini sürətləndirir, qocalmanı ləngidir, yuxunu möhkəmləndirir.
Lakin ilin isti vaxtlarında, həmçinin şəkərli diabet, hipertoniya və arı məhsullarına qarşı allergiyası olanlar ondan istifadə edərkən ehtiyatlı olmalıdırlar.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”

