Heydər Əliyev dərsləri

post-img

(əvvəli “XQ”-nin ötən saylarında )

“Nə itirmisiniz orada?”

Birinci Qarabağ müharibəsinin qızğın çağında Türkiyənin bəzi iş adamları Ermənistanla əlaqələr ya­ratmağa cəhd göstərmişdilər. İs­tanbula səfərlərinin birində Heydər Əliyev onların bu hərəkətlərini qə­tiyyətlə pisləmişdi. Ulu öndərin Tür­kiyənin iş adamları ilə görüşdəki çıxışından bir hissəni təqdim edirik:

– Ancaq son zamanlar Türkiyənin bəzi iş adamlarının Ermənistanla iş qurmaq cəhdləri bizi rahatsız edir. Bu, Azərbaycanda çox mənfi qarşılanır, anlaşılmır. Mən bunu Türkiyənin döv­lət, hökumət başçılarına demişəm, öz etirazımızı da bildirmişəm. Məsələn, Yerevandan Trabzona təyyarələr uçur. Deyirlər ki, bunlar özəl təyyarələrdir. İndi elə hər şey özəldir. Demək, adını özəl qoyanda özünü kənara çəkəcək­sən ki, mənim bundan xəbərim yoxdur? İndi hər şey özəldir, bundan sonra da özəl olacaqdır. Ona görə mən bunu an­lamıram, Azərbaycanda da anlamırlar. 

Sizin qəzetlər yazır – biz sizin qə­zetlərdən götürmüşük – təyyarələr Ye­revandan Trabzona gedib-gəlir, yaxud da Ermənistandan avtobuslar, yük ma­şınları Gürcüstan vasitəsilə Trabzona gəlirlər. Bunlar bir tərəfə, indi sizin iş adamlarının bəziləri məsələ qoyublar ki, biz gərək Ermənistanla ticarət edək. Ermənistanla nə ticarət edə bilərsiniz, orada nə var, nə itirmisiniz orada? Daş­ları gedib almaq istəyirsiniz? Mən bu barədə sizin hökumət, dövlət başçıları ilə danışdım. Deyirlər, bizim tacirlər bil­dirirlər ki, onsuz da İran bizim malları alır və aparıb Ermənistanda satır, onlar qazanırlar, biz qazanmırıq. Bu, o qədər yanlış fikirdir ki, sizlərdən kimsə bunu hökumət başçılarının qafasına qoymu­sunuz, yanlış şeydir, onlar da bunu de­yirlər. Mən sizə bildirmək istəyirəm ki, İranla Ermənistan arasında çox geniş ticarət aparılır. İran özü də çox böyük bazarlar axtarır, onların biri də Ermə­nistandır. İran Ermənistana elektrik, təbii qaz xətti çəkir. Ermənistan ilə İran arasında 40 kilometrlik sərhəd var, ora­da böyük bir körpü tikiblər. O körpüdən gündə 100-150 yük maşını İrandan Ermənistana keçir. İran öz mallarını Ermənistanda onsuz da satır. İrana nə lazımdır ki, gəlib Türkiyədən mal apar­sın, Ermənistanda satıb pul qazansın? Bu, yanlış fikirdir. Bunu deyən adam­lar gizlin, xəlvət, cürbəcür yollarla öz mallarını Ermənistanda özləri satırlar və hökumət başçılarına da deyirlər ki, bunu İran bizdən alıb, aparıb satır. Ta­mamilə yanlış fikirdir. Hətta sizin bəzi iş adamları oraya gedirlər və oradan bəzi iş adamlarını ticarət əlaqələri qurmaq üçün İstanbula, İzmirə gətirirlər. 

Yaxud da bəzi adamlar Şərq tərəfdə– Qarsda, İqdırda deyirlər ki, gəlin buradan qapı açaq, ticarət edək, bu bizə xeyir verə bilər. Yaxud da son zamanlar Gürcüstandan bizə xəbər verdilər ki, Türkiyədən Gürcüstana mü­raciət olunub ki, Gürcüstanla Türkiyə arasında iki qapı var, birini də açaq. Gürcüstan bizdən soruşur ki, siz buna necə baxırsınız? Dedik ki, bu qapı ha­radadır, hansı yerdədir? Dedilər ki, o qapı Gürcüstanın ermənilər yaşayan sərhədindədir. Biz soruşduq ki, iki qapı sizə yetərlidirmi? Dedilər ki, tamamilə yetərlidir. Demək, Türkiyə üçüncü qa­pını kimlər üçün açmaq istəyir, oradan birbaşa Ermənistana keçmək üçünmü? Biz buna etiraz etdik. 

Amma Gürcüstan hökuməti də bil­dirdi ki, bu, bizim təşəbbüsümüz deyil, Türkiyənin təklifidir. Bilmirəm, Ermənis­tanla həqiqətən ticarət etmək istəyən iş adamları bundan nə qədər para, xeyir, fayda götürəcəklər. Amma nə qədər götürsələr, heç vaxt bizim milli məna­feyimizi, məqsədlərimizi paraya qurban vermək olmaz. İş adamı iş görməlidir, para qazanmalı, öz işini inkişaf etdirmə­lidir. Amma heç vaxt öz milliliyini, milli mənafeyini qurban verməməli, qoyma­malıdır ki, öz milli mənafeyinə zərər gəlsin. Yoxsa elə sən get qurdla, ca­navarla da, o birisi ilə də, təcavüzkarla da alver et ki, mənə qazanc lazımdır? Ona görə sizə müraciət edirəm, nəinki özümün, bütün Azərbaycan xalqının fikrini deyirəm. Türkiyə – Azərbaycan dostluğu, qardaşlığı əbədidir, bizim qa­nımız, canımız, dinimiz, dilimiz birdir. Bunların hamısının olduğu yerdə gərək Türkiyədə iş adamları, dövlət adamları, adi bir vətəndaş da bilsin ki, Azərbay­canın mənafeyi Türkiyənin mənafeyidir, Azərbaycanın dərdi Türkiyənin dərdidir. 

“Ummayan yerdən niyə küsürəm?”

Həmin mövzu ümummilli liderin Türkiyənin televiziya kanallarına ver­diyi müsahibədə davam etdirilmişdi. 

Hacı Tosun ("Samanyolu" televizi­yasının baş direktoru): Bir zaman Qara­bağ məsələsi başlayanda televiziyamız yox idi. Onda Qarabağ hadisələrinə aid bir sərgi açdıq, xaricilər bu sərgiyə bax­dılar. İndi ictimai rəy bu problemi sanki unutmuşdur. Biz arzu edirik ki, bu prob­lem sülh yolu ilə həll edilsin. Zati-aliləri­niz də bunu dəfələrlə dilə gətirdiniz. Bu məsələ türk ictimai rəyində sanki unu­dulmuşdur.

Heydər Əliyev: Sizdə bəzi adamlar, qəzetçilər Yerevana, hətta Dağlıq Qa­rabağa da gedirlər, sonra gəlib burada təbliğat aparırlar ki, Ermənistanla da ticarət edək. Bir neçə ildən sonra deyə­cəklər ki, Dağlıq Qarabağla da ticarət aparaq. Çünki sizin qəzet yazıb ki. "Dağlıq Qarabağ indi de-fakto bağım­sızdır". Bu gün belə yazan on gündən sonra deyəcək ki, "bağımsız dövlət kimi gəlin onunla əlaqələr yaradaq"…

Rica edərdim ki, bu mövzu heç vaxt unudulmasın. Biz unutmuruq. Bilirsi­niz, biz türk dünyası haqqında danı­şırıq, elədirmi? Burada da, Ankarada da, İzmirdə də hamımız böyük iftixar hissi ilə deyirik ki, türk dünyası qalxır, heç vaxt olmadığı kimi bir-birinə yaxın­laşır. Amma bu türk dünyası böyük bir yurddursa, orqanizmdirsə bunun yaralı yeri haradır? Yaralı yeri Azərbaycandır. Hesab edin ki, insanın bədənində ha­rasısa yaralıdır – qolu, qıçı, ya qafası yaralıdır. 

Qarabağ məsələsi, Ermənistanın Azərbaycana təcavüzü təkcə Azərbay­cana qarşı olan təcavüz deyildir. Bunu dəfələrlə çox böyük ehtiram hissi ilə qeyd etmişəm, – böyük Mustafa Kamal Atatürk deyib ki, Azərbaycanın dərdi bizim dərdimiz, Azərbaycanın sevinci bizim sevincimizdir. Bu sözləri unutmaq lazım deyildir. Bu gün Azərbaycanın dərdi var, demək, bu, Türkiyənin də dərdidir. Türkiyənin təbliğat orqanla­rında – televiziyalarında, qəzetlərində bu dərdin ağrısı unudulmamalıdır. Mən demirəm ki, bu dərd var, oturub gözü­müzün yaşını tökək, – yox. Amma dərdi aradan götürmək üçün nə işlər görmək, nə etmək lazımdır və bu işlərin görül­məsinə kim, nə üçün mane olur, – bun­lar unudulanda hissiyyatlar korşalır. Hissiyyatlar korşalanda isə insan bəzən çox şeylərdə yanlışlıqlar buraxır. 

Yunus Şən: Sayın Əliyev, bir neçə gündür Türkiyədəsiniz, görüşlər keçir­diniz. İstər iqtisadi, istər siyasi və digər sahələrdə düşündükləriniz nə dərəcədə gerçəkləşdi?

Heydər Əliyev: Bilirsiniz, istədiyim olsa da, olmasa da Türkiyədən daxilən həmişə rahatam. Çünki Türkiyəyə mə­nim və Azərbaycan xalqının o qədər məhəbbəti var ki, ola bilər, bir şeylə razı olasan, ya olmayasan, razı olmama­ğın da bu məhəbbəti pozmur. Deyirik ki, Türkiyə və Azərbaycan qardaşdır­lar. Bu, adi söz deyil, həqiqətən, dərin məna kəsb edir. Ola bilər, bu qardaş o qardaşdan pul istəsin, o bunu vermə­sin. O bununla razı olmur, amma onun qardaşlıq hissiyyatı o qədər güclüdür, əzizdir ki, razı olmasa da, ola bilər, in­ciyir, ancaq sonra üstündən keçir. Bu, belədir. Başqa, yad adamdan, yaxud da bağlı olmadığın, yəni qan bağlılığı ol­mayan adamdan sən bunu istədin, – o vermədi və sən bu sözü dedin, o sənin­lə razı olmadı. Sən ondan həm küsür­sən, həm də onunla düşmən olursan, tamam inciyirsən. Bu, tamamilə fərqli şeydir. İndi siz də deyirsiniz, dünən də dedilər ki, mən incidim. Bilirsiniz, dost dostdan inciyər. Azərbaycanda bir söz var, insan uman yerdən küsər. Bu söz sizdə varmı – uman yerdən küsərlər? Ummayan yerdən mən niyə küsürəm? Küsdüm – küsmədim, onun üçün də, mənim üçün də bunun əhəmiyyəti yox­dur, uman yerdən küsərlər. Azərbaycan Türkiyədən çox şey umur. 

Bütün xalqımızda, o cümlədən, məndə də belə fikir var ki, Türkiyə böyük dövlətdir, böyük imkanlara malik olan dövlətdir. Türkiyə bizim qardaşımızdır, qan qardaşımız, can qardaşımızdır. Qan qardaşı olan da, Azərbaycanda yenə bir söz var, öz boğazından kəsib qardaşına verir. Lazımdır ki, xalqımızın milli adət-ənənələri dövlətlərimizin ara­sında da olsun. Yaxşı, 1992-1993-cü illərdə "Eksimbank" 250 milyon dollar kredit ayırıb, onun da cəmi 70 milyon dolları verilib. Bu 70 milyon dollara da o vaxt buğda alıb veriblər, çünki insan­lar ac idi, buğda yox idi. Başqa şeyə verməyiblər. Əgər yatırıma veriblərsə, para götürüblərsə, gəl, parasını apar! Dərmana veriblər, – çünki bizim döyüş­çülər qan içində idilər, buğdaya veriblər, başqa bir şeyə verməyiblər. İndi Tür­kiyə boğazımızdan tutub ki, bunu qay­tar. Qaytara bilmirəm, 20 milyon dollar da faiz vermişəm. Mən bundan incimə­yim? 

“Keçmişdə bir–iki xəta baş vermişdir”

Türkiyənin Ədalət və İnkişaf Parti­yasının sədri Rəcəb Tayyib Ərdoğan və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdən sonra jurnalist­lər onlara maraqlı bir sualla müraciət etmişlər. 

Sual: Cənab Prezident, cənab Sədr, mən hər ikinizə eyni sualla müraciət etmək istəyirəm. Azərbaycan–Türkiyə münasibətlərində bir sıxıntı və ya prob­lem olubmu, əgər olubsa, bu, aradan qaldırıldımı? Möhtərəm Heydər Əliyev Türkiyə ilə əlaqələrində hər hansı prob­lem ilə üzləşdimi, cənab Ərdoğan Azər­baycan–Türkiyə əlaqələrini kifayət qə­dər möhkəm hesab edirmi? 

Heydər Əliyev: Mən dedim ki, Türkiyə–Azərbaycan əlaqələri çox yük­sək səviyyədədir. Bunu bir daha təkrar edirəm. Amma problem deyəndə, prob­lemsiz həyat olmur. Problem olur və biz onu həll edirik. Türkiyə ilə Azərbaycan arasında həll edilə bilməyəcək problem yoxdur, olmayıbdır. Keçmişdə bir-iki xəta baş vermişdir. Onlar da məlumdur. Onları yada salmaq istəmirəm. Ancaq bizim dövlətlər arasında, hökumətlər arasında həllini tapa bilməyən problem yoxdur. Problemləri biz birlikdə həll edi­rik.

Rəcəb Tayyib Ərdoğan: Mən də cənab Prezidentin sözləri ilə razıyam. Onu da əlavə etmək istəyirəm ki, keç­mişdə olmuş xətaları gələcəyə apar­maq siyasətin xarakterinə ziddir. Si­yasət əsla kin qəbul etməz. Xüsusilə qardaşlar arasında, bu, əsla mümkün deyildir. Biz bunların hamısının üstün­dən keçib gedirik.

(ardı var)

Faiq SADIQOV,
Əməkdar jurnalist

Sosial həyat