Tənhalıq da xəstəlikdir

post-img

Avropa Kardioloqlar Cəmiyyətinin alimləri tənhalığın yüksək risklə ürək-damar xəstəliklərinə səbəb olduğu qənaətinə gəliblər. Onların fikrincə, tənhalıq siqaret, içki, depressiya və pəhriz qədər təhlükəlidir. 

Luiziana şta­tının Yeni Orlean şəhərindəki Tu­leyn Universite­nin əməkdaşı Lu Çinin fikrinə görə, sosial ünsiyyət ürək sağlamlığı üçün vacibdir. Xüsusən, yaşlı insanlar və diabet xəstələri tənha qalmamalıdır. O, deyib ki, fiziki və emosional sağlamlıq üçün tənhalıqdan çıxıb, müəyyən qruplara qoşul­maq lazımdır: “Diabet xəstələrinə tövsiyə edərdim ki, ümu­mi maraqları olan, ya da eyni diaqnozlu xəstələrlə ünsiyyət qrupları yaratsınlar, dərnəklərə, klublara getsinlər”.

Bu məqsədlə aparılan tədqiqatda iştirak edən 18 min nəfər 37–70 yaş arası britaniyalının tənhalıq və ünsiyyət dəyərləri, fiziki fəallığı, bədən çəkisi, dərman və xəstəlikləri, zərərli vərdişləri və tibbi analizləri qeydə alınıb.

Nəticələr göstərib ki, 10 il ərzində 3 min 500 insanda ürə­yin işemik xəstəliyi, infarkt və insult yaranıb. Müəyyən olunub ki, tənhalıq üzrə ən yüksək balı alanlarda ürək xəstəliyinin inkişafı daha çox olub.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat