Vətən – atasız böyümüş Qarabağ veteranının ana ünvanı...

post-img

Onunla şəxsi tanışlığım olmasa da, haqqında çox eşitmişdim. Bilirdim ki, atası – Zəngilan həsrəti ilə yaşayan və həmin dərddən də cavankən iş başında, sükan arxasında ürəyi dayanan Eldar Məhərrəmov dünyasını dəyişəndə, o, altı yaşında olub. Atasız böyüyən bütün uşaqlar kimi, o da anasının ikiqat himayəsini görüb. Gecəli-gündüzlü övladlarının bir tikə çörəyi üçün çalışan ananın ürəyinin istisi onların həqiqi, nümunəvi vətəndaş kimi böyüməsini təmin edib.

İndi ailənin ilk övladı Arzu xanım Məhərrəmova Türkiyədə tibb təhsili üzrə magistraturanı bitirib uzman doktor statusu qa­zanmış tanınmış həkimdir. O biri qardaşı Zaur ilə Kərəm isə cəmiyyətdə öz mövqeyi olan gənclərdir. 

Kərəm 2020-ci ilin yayında – ali təhsili başa çatdıran kimi hərbi xidmətə yollanmış, elə ilk vaxtlardan erməni təxribatları­na cavab vermək üçün başlanan hərbi əməliyyatlarda iştirak etmişdir. Anası – redaksiyamızın işçisi Səriyyə xanım danışır ki, oğlu Kərəmin mərhum general Polad Həşimovun rəhbərlik etdiyi hərbi əməliyyatlarda iştirakı onu həqiqi hərbçiyə çevirmiş, mətinləşdirmişdir. 

Elə ona görə də, İkinci Qarabağ müharibəsi günlərində, demək olar ki, bütün rayonların işğaldan azad olunmasında işti­rak etmişdir. Ağır yaralansa da ( həkimlər hələ də onun qıçının dayaq sümüyündəki mili çıxartmırlar) müharibə bitəndən sonra da bir neçə müddət hərbi xidmətdə qalmışdır. Kərəm, ulu söz sahiblərinin “Bu dünyada ən əziz şey – bir anadır, bir Vətən” kəlamını həmişə bayraq etmişdir. 

Son günlər eşitdim ki, ana Vətən üçün canından keçməyə hazır olan qazi Kərəm Məhərrəmov öz anasına bir şeir həsr etmiş və hansısa məclisdə oxumuşdur. Mən, ağsaqqal qələm sahibi kimi bu qazi qardaşımızın həqiqi ürək çırpıntılarından ibarət olan həmin şeiri ictimailəşdirməyi özümə borc bildim. Kərəm isə bu fikirlə razılaşmadı ki, mən şair deyiləm, şeirim zəif ola bilər. Mən də ona cavab tapdım: Sən yaxşı şair olsan da, olmasan da, Vətənin və Anan üçün yaxşı oğulsan. 

Anam, sənə qurban olum!

Dərdimizdir, odumuzdur saçlarına dən salan, 

Biz qayğısız böyüdükcə, sənə olubdur olan.

Beşiyimiz başında sübhədək oyaq qalan,

Anam, sənə qurban olum!

Ömrünün acı anların, gücüm çata silǝm, atam, 

Öz ömrümün günlərini kaş sənin ömrünə qatam! 

Nə qədər sağsan, başımı dizin üstə qoyub, yatam 

Anam, sənə qurban olum!

Nə qədər yorğun olsan da, övladına mehribansan, 

Müqəddəsdir hər qədəmin, əvəzolunmaz ünvansan.

Biz səninlə eyni canıq, mənim canımdakı cansan

Anam, sənə qurban olum!

Bizimçün vuran ürəyin döyündükçə mən də varam, 

Əgər səni incidərsəm, dünya mənə olsun haram.

Şükür ki, yanımızdasan, Allahıma minnətdaram,

Anam, sənə qurban olum!

Ayağın altı cənnətdir, bu məqamda bir tək sənsən, 

Sevgi sənsən, həyat sənsən, ömrümüzə bəzək sənsən, 

İlahinin xəlq etdiyi, ən qayğıkeş mələk sənsən, 

Anam, sənə qurban olum! 

Ana sənə qurban olum!

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Sosial həyat