İlisulu ananın üç oğlu–biri şəhid, ikisi qazi

post-img

Onlar üç qardaş Qax rayonunun qədim İlisu kəndində dünyaya gəliblər. Üç əsrlik İlisu sultanlığının qürurlu tarixi, dağların əzəməti və təbiətinin ilahi gözəlliyi ilə bütün Azərbaycanı özünə vurğun edən kənddə. Belə bir məkanda doğulub boya-başa çatanların canına-qanına hopub dağların vüqarı da, təbiətin ülviyyəti də. Onların yurd-yuva sevgisi də bir başqadır. Elə yazımda niyyətim üç qardaşın bu sevgisindən söz açmaqdır.

Cavanşir, Nihad və Bilal Abbasov­lar. İlisulu Mövlüdün və Jalənin oğulla­rı. Hər üçü tariximizin ən şanlı qələbə salnaməsini yazan igidlərimizdəndir. Onlar İlisu kənd məktəbini bitirib, ni­zam-intizamı ilə də həmişə nümunə olublar.

Cavanşir ailənin ilkidir. Böyük qar­daş kimi atasının sağ əli olub. Hər işdə atasına kömək olub, davranışı, oturu­şu-duruşu ilə ona oxşamağa çalışıb. Əsgəri xidməti başa çatandan sonra da doğmalarının yanına qayıdıb. Vətən müharibəsinin başlanması ilə ölkə­də qismən səfərbərlik elan ediləndə Cavanşirə də çağırış vərəqi gəlib. O, tərəddüd etmədən Vətənin çağırışına qoşulub. Sentyabrın 21-də artıq Gən­cədəki hərbi hissədə təlimlərə başla­yıb. Az sonra xidmət yerinə göndərilib. Qardaşı Nihadın şəhid xəbərinə kimi – oktyabrın 24-dək düşmənlə üz-üzə dayanıb. Oktyabrın 24-də qardaşının dəfn mərasiminə göndərilib. Və ordu­dan təxris olunub. Az sonra müharibə qələbəmizlə bitib.

Nihad Jalə ananın ortancıl oğlu idi. Məktəbdə idmanı çox sevirdi. 100 metr məsafəyə qaçış üzrə zona birincisi idi. Üç il rayonun “Vətənin müdafiəsinə ha­zıram” poliatlon çoxnövçülüyü koman­dasının üzvü olub. Həm də qaydasız döyüş üzrə Azərbaycan çempionatla­rında iştirak edib. Çox sayda təltifləri vardı.

2018-20-ci illərdə həqiqi hərbi xid­mətdə olan Nihad 6 ay idi ki, tərxis edilib kəndə qayıtmışdı. 2020-ci ilin avqustundan isə yenidən orduya qa­yıdaraq, müddətdən artıq xidmətə başlamışdı. 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi başlananda baş əsgər kimi kəşfiyyat bölüyündə Suqovuşan və Ta­lış kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Ağdərə dö­yüşlərində snayperlə vurulub. Doqquz gündən sonra, oktyabrın 18-də nəşi döyüş meydanından çıxarılıb. Oktyab­rın 24-də Qax ictimaiyyəti şəhid oğlunu İlisuda torpağa tapşırıb. Nihad Abba­sov “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüş­çü” medalları ilə təltif edilmişdir. 

2023-cü il iyulun 25-də – Nihadın 23 yaşında Jalə ananın qonağı çox idi. Uzaqdan-yaxından gələnlər onun xa­tirəsini anıb, igidliyindən söz açıblar.

Evin sonbeşiyi Bilal həqiqi hərbi xidmətini Murovdağda yerinə yetirir­di. Müharibə başlananda “Koroğlu” postunda olub. “Cabir” və “Sekret” postlarına təminat aparanda düz qar­şısına mina mərmisi düşür, ancaq xoşbəxtlikdən partlamayıb. Ölümlə ilk dəfə üz-üzə, göz-gözə dayanan Bilal hələ də o dəhşət dolu anı unutmayıb. Pulemyotçu – tuşlayıcı olan Bilal ilk dəfə o an müharibənin ölüm kabusu ol­duğunu dərk edib. Lakin Vətən sevgisi­ni can sevgisindən uca və müqəddəs sayan gənc əsgərimiz qorxu hissini birdəfəlik unudaraq, son günə qədər döyüşlərdə iştirak edib. Bilal o günləri belə xatırlayır:

– Əslən astaralı olan komandiri­miz, baş leytenant Elşad Məmmədov çox vətənpərvər və igid hərbçi idi. O, həm də bizim hər birimizin böyük qar­daşı olub. Müharibə dövrünün qay­da-qanunlarına alışmağı bizə o öy­rətmişdi. Bizim bölüyün uşaqları Elşad Məmmədovu tək komandir kimi deyil, həm də böyük qardaş kimi çox istə­yirdi. O, Murovdağda posta çıxandan təxris olunanadək bizim komandirimiz olub. Biz ondan çox şey öyrənirdik. Elə bir-birimiz üçün canımızı fəda etməyi də. Əsgər yoldaşlarım – İmran Da­daşov (Astara), Elşad Mirzəzadə (İmiş­li), Babaşah Qəribov (Şamaxı), Rəhim Gülüşov (Sabirabad), Emil Ağasiyev (Quba) həm də döyüş dostlarım olub­lar. Bu gün də əlaqələrimiz var. Bizim dostluğumuz Murovdağın ən yüksək zirvəsində möhkəmlənib. Qarı əridib su əvəzinə içdiyimiz, güllə, mərmi yağışı altında bir-birimizə arxa-dayaq olduğu­muz o çətin günlərdə sınaqdan çıxmış dostluğumuz var. Düşmənə birlikdə sinə gərmişik. Birlikdə ölümün üzünə gülmüşük.

...Son vaxtlar tez-tez evimizi, kəndi­mizi yuxuda görürdüm. Fürsət düşən­də qardaşlarımla zəngləşərdim. Çox­dan idi Nihadı görmürdüm. Mən əsgər gedəndə Nihad hələ ordudan təxris olunmamışdı. Bilirdim ki, üçümüz də döyüşdəyik. Nihadla avqust ayında da­nışmışdıq, məni görməyə gələcəkdi...

Müharibə zamanı 72 saatlıq atəş­kəs verilmişdi ki, döyüş xəttindən şə­hidlərimizi, yaralılarımızı çıxaraq. Bö­lük komandiri məni çağırdı və mülayim bir səslə, gedirsən hamama dedi. Ha­mam postun taburunda idi. Qərargah rəisi ilə hərbi hissəyə getdik. Məni qə­rargah bölüyünə yerləşdirdilər. Axşama yaxın evə zəng vurdum. Onda anam, heç nə olmamış kimi, mənə dedi ki, atan komissarlığa müraciət edib. Ca­vanşiri ordudan təxris ediblər, səni də məzuniyyətə göndərəcəklər. Nədənsə, anam mənimlə çox qısa danışdı. Niha­dı soruşdum. O, gələ bilmir, deyib tele­fonu dayıma verdi. Doğrusu, bir az pərt oldum. Axı anam həmişə mənimlə çox danışardı. Amma heç ağlıma gəlmirdi ki, nə isə ola bilər.

Gecə yatan yerdən məni qaldırıb: “Məzuniyyətə gedirsən”,– dedilər. Məni Gəncəyə, ilk vaxtlar olduğum hərbi hissəyə gətirdilər. Gördüm atam, əmim oğlanları, atamın dostu da buradadır. Soruşdum ki, siz burada nə edirsiniz? Dedilər, səni qarşılamağa gəlmişik. Amma onda içimə bir qorxu doldu: Nə isə olub?!

Kəndə gecə saat 2-də çatdıq. Bizim döngədə xeyli insan vardı. Maşından düşəndə ayaqlarım əsirdi: Görəsən nə olub?! Məni ilk qarşılayan böyük qar­daşım Cavanşir oldu. O, məni bərk-bərk qucaqlayıb qulağıma: Nihad şəhid olub, dediyi an özümdən getmişəm. …İki gün özümü bilməmişəm. Ayılanda anamı başımın üstündə ağlayan gör­düm.

– Oğul, məcbur idim. Qardaşının şəhid olması xəbərini sənə verə bil­məzdim. Məni bağışla. Qardaşın Tanrı­nın yanında, Şəhidlik zirvəsindədir. Biz güclü olmalıyıq. İndi az qala hər evdə bu acı yaşanır. Təki bu müharibə qələ­bəmizlə bitsin. Torpaq uğrunda oğulla­rımız qurban gedir. Qoy, Nihadın ruhu şad olsun! Mən onunla fəxr edirəm.

– Anamın bu qüruru mənə toxtaqlıq verdi. Müharibə isə hələ davam edirdi. Bir neçə gündən sonra mən yenidən hərbi hissəmə qayıtdım. Qardaşımın və bütün şəhidlərimizin qanını yerdə qoymamaq üçün silahımı əlimə aldım.

Qələbə xəbərini Sarıqayada eşit­dim. Noyabrın 8-nə keçən gecə post­dan çıxıb Kəlbəcərə, Qaragölə getdik. Xidmətim davam edirdi. Fevralın 13-də yenidən məzuniyyətə buraxıldım. On­günlük məzuniyyətdən sonra hərbi his­səyə qayıtdım. 2021-ci ilin iyul ayında xidmətim başa çatdı. Hazırda Fövqəla­də Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qax bölməsində işləyirəm. “Kəlbəcərin azad olunma­sına görə” və “Vətən müharibəsi işti­rakçısı” medalları, Müdafiə Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişəm.

...Bu günlər Mövlüd Abbasovun evində bir başqa həyəcan var. Ailənin böyük oğlu Cavanşirin toy tədarükü idi. Toy günü yaxınlaşdıqca Mövlüd atanın da, Jalə ananın da ürəyindən bir ağrı keçir: Kaş Nihad da qardaşının bu xoş günündə onun yanında olaydı...

Evə gəlin gəlir. Bizlərdə belə deyər­lər: Ayağı sayalı olsun, gəlinin. Oğullu, qızlı olsunlar. Amin!

Tofiq Bayram demişkən:

“Vağzalı” çalınır, anam ağlayır,

Dünyada hər ana öz anam kimi.

Bircə toy günündə ağlayaydı kaş!

Jalə ana, belə oğullar böyüdüb, boya-başa çatdırdığınız üçün sizə min­nətdarıq. Cavanşirin toy günü mübarək olsun! O gün olsun, Bilalın toy boxçası­nı aparasan. Allah xoşbəxt eləsin!

Xavər ƏFƏNDİYEVA,
“Şəlalə” qəzetinin redaktoru



Sosial həyat