“Qala”da qal – istirahətdən razı qal

post-img

Ünvan: İsmayıllı, Xanagah

İsmayıllı rayonunda, Xanagah kəndinin yaxınlığında yerləşən “Castle” (“Qala”) istirahət mərkəzi yeni yaranmış turizm obyekti olsa da, artıq xeyli tanınıb. Bunun başlıca səbəbi təbiətin qoynunda qərar tutması ilə bərabər, turistlərə və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsidir.

Cari turizm mövsümü başlanan kimi, “Castle”də həyat qaynamağa başlayıb. Mərkəzin 3 mərtəbədən ibarət otelində, ümumilikdə, 23 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bundan əlavə, oteldə 2 konfrans zalı, 1 restoran, hovuz və SPA komleksi mövcuddur. Bu il əlavə olaraq otelin ərazisində 9 “A-frame” tipli gölətrafı kottec də quraşdırılıb. 

Mərkəzin direktoru Asif Əliyev söhbət zamanı dedi:

– Bu cür müasir obyektlərin istifadəyə verilərək fəaliyyət göstərməsi Azərbaycanın mirvarisi hesab edilən İsmayıllının turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynayır. Bu, həm də yeni iş yerlərinin açılması deməkdir. Təkcə bizim obyektdə 50 nəfər rayon sakini işlə təmin edilib. Həm xidmət şəbəkəsini genişləndirməyə, həm də qonaqların qulluğunda yüksək səviyyədə dayanmağa çalışırıq. 

İstirahət mərkəzində özümüz də şahidi olduq ki, burada günlərin şən və maraqlı keçməsi üçün tez-tez əyləncə saatları, tanınmış müğənnilərin konsertləri, idman yarışları təşkil edilir. Açıq və örtülü hovuzlar, SPA, saunalar da adamların xidmətindədir.  

“Castle”də dincələn xarici turistlər həm İsmayıllının təbii gözəlliyinə valeh olur, həm də ürəkləri istəyən kimi dincələrək yüksək xidmətdən, sözün əsl mənasında, zövq alırlar. Onların özəl təəssüratlarını təqdim edirik.

Barbara Znaydzilauskayte, Litvanın paytaxtı Vilnüs şəhərinin sakini: 

– Bundan əvvəl də Azərbaycana səfərlərim olub. Qax rayonunda istirahətdən zövq almışam. Oradakı İçəri bazarı gəzdiyim ecazkar anlar hələ də yadımdadır. Qaxda olduğu kimi, İsmayıllıda da ətrafın təbii gözəllikləri – dağlar, meşələr, buz bulaqlar, təmiz hava, insanların mehribanlığı, xidmətin yüksək səviyyədə təşkili məni son dərəcə məmnun edib. “Castle”nin rəhbərliyinə və xidmət personalına təşəkkürümü bildirirəm. İmkan olsa, yenə də misilsiz Odlar diyarınıza gələcəyəm.

Marina Balabanova, Ukraynanın Nikolayev şəhər sakini:

– Hazırda mənim vətənimdə müharibə gedir. Burada siz azərbaycanlılardan gördüyüm həssas münasibət, diqqət və qayğı məni son dərəcə təsirləndirib. İnanın ki, yarı canım Ukraynada olsa da, burada hər kəs mənə həyan olmağa, dərdimi az-çox ovutmağa çalışır. Bakının, Gəncənin şəhər kimi gözəllikləri öz yerində, burada – təbiətin ruhoxşayan, əsrarəngiz qoynunda olmaq özü bir aləmdir. İnanıram ki, yaradılan şərait təkcə mənim deyil, bütün qonaqların xoşuna gəlir. Rayonun digər gəzməli və görməli yerlərinə ekskursiyalar xüsusilə yaddaqalan olur.

“Castle”də Azərbaycanın ayrı-ayrı rayonlarından istirahətə gələn vətəndaşlarımız da məmnuniyyətlə dincəlirlər. Onların arasında ailəlikcə buraya gələnlər də çoxdur. Böyüklərin tilovla balıq tutması, uşaqların əylənməsi üçün də hər cür imkan yaradılıb. 

Əfqan Hüseynov, Göygöl rayonu Balçılı kənd sakini:

– Mən ölkəmizin ayrı-ayrı guşələrində bu cür nümunəvi istirahət məkanlarının olması ilə fəxr edirəm. İsmayıllı Azərbaycanın dilbər guşələrindəndir. Artıq 2-ci dəfədir ki, istirahət üçün buranı seçirik. Çünki ötən dəfə buralar anamın çox xoşuna gəlmişdi. Yeniliklərin olması da fərəh doğurur. Bu, o deməkdir ki, mərkəzin kollektivi nail olunanlarla kifayətlənmir, buranı daha da gözəlləşdirmək üçün səylər göstərir. Məsələn, ötən il bu rahat kotteclər yox idi. Yeniliklər qonaqların, eləcə də xarici turistlərin istirahətinin rəngarəngliyinə xidmət edir.

Məsəl var, deyilir ki, çox gəzən çox oxuyandan artıq bilər. İsmayıllıdakı “Castle”də müşahidə etdiklərimiz göstərdi ki, qonaqlar ölkəmizin müxtəlif guşələri ilə bağlı zəngin bilgilər əldə edir, üstəlik də buradan ən xoş təəssüratlarla gedirlər.

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 





Sosial həyat