YAP Gəncə təşkilatının 30 illiyi qeyd edilib

post-img

Gəncədə Yeni Azərbaycan Partiyası şəhər təşkilatınının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilən tədbirdə şəhərin, idarə, müəssisə və təşkilatların, eləcə də partiyanın ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbirdə Dövlət Himni səsləndirilib, Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov təşkilat üzvlərini tarixi gün münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, 1993–cü il 23 iyulda 63 təəssübkeşin iştirakı ilə yaradılan partiyanın Gəncə şəhər təşkilatının 43 min 464 üzvü var. Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiya, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır, təşkilatın sıraları savadlı, vətənpərvər gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir.

Tədbirdə çıxış edənlər bildiriblər ki, təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Ulu Öndər Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstəriblər.
Sonda YAP Gəncə şəhər təşkilatının yaradılmasında və fəaliyyətində göstərdiyi xidmətlərə görə bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olunub.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri











Sosial həyat