“İnsan alveri ilə mübarizədə dini icmaların rolu” mövzusunda dəyirmi masa keçirilib

post-img

İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təşəbbüsü ilə “İnsan alveri ilə mübarizədə dini icmaların rolu” mövzusunda  dəyirmi masa keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müsəlman və qeyri-müsəlman dini icma nümayəndələrinin iştirakı ilə baş tutan tədbiri DQİDK-nın sədr müavini Sahib Nağıyev açaraq mövzunun əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, insan alveri və ona qarşı mübarizə mühüm aktuallıq kəsb edən mürəkkəb məsələdir.  Müasir dövrdə baş verən proseslər kontekstində din xadimlərinin, dini icma sədrlərinin insan hüquqlarının qorunmasına, insan alverinə qarşı mübarizəyə  töhfə vermək imkanları genişdir və bu baxımdan onların üzərinə böyük məsuliyyət düşür. S.Nağıyev, eyni zamanda din xadimlərinin bu prosesə daha aktiv cəlb olunması istiqamətində addımlar atılacağını da vurğulayıb.

DQİDK-nın Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova isə çıxışında insan alveri ilə mübarizənin dini-mənəvi aspektlərinə toxunub. Qeyd edib ki, məcburi əmək, cinsi istismar,  qadın və uşaq hüquqlarının pozulması, köləlik kimi halları ehtiva edən insan alverinə qarşı bütün səmavi dinlərin, o cümlədən İslamın mövqeyi olduqca sərtdir. Qadın və uşaqların hüquqlarının qorunması, insanların bərabərliyi, təhsilə verilən önəm və bu kimi digər çağırışlar İslam dininin təməl prinsiplərini təşkil edir. Şöbə müdiri, həmçinin Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirlərini vurğulayaraq din xadimlərinin moizə və xütbələrində mütəmadi olaraq sözügedən mənfi halların yolverilməzliyi barədə mövzulara toxunduqlarını bildirib.

Təşəbbüslərinin reallaşmasına verdiyi dəstəyə görə Dövlət Komitəsinə təşəkkürünü bildirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi barədə danışıb. Vurğulayıb ki, dövlətlə yanaşı, QHT-lər tərəfindən insan alveri qurbanlarının normal həyat tərzinə qaytarılması - reinteqrasiyası çərçivəsində onlara hüquqi yardım göstərilməsi, psixoloji reabilitasiyası üçün və s. tədbirlər görülür. M.Zeynalova sözügedən prosesdə QHT və dini icmaların birgə əməkdaşlığının, din xadimlərinin mənəvi dəstəyinin vacibliyini xüsusi olaraq diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyinin   şöbə rəisləri Ramil Kazımov və Rəşad Muradov Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təsdiq edilən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” və qanunvericilik aktları barədə danışıblar. Həmçinin din xadimlərinin erkən nikah hallarına qarşı mübarizədə aktivlik nümayiş etdirmələrinin vacibliyini vurğulayıblar.

BMqt-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Anar İsgəndərov isə təmsil etdiyi qurum tərəfindən beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizə sahəsində aparılan layihələr barədə məlumat verərək icmaların bu prosesdə iştirakı haqqında dünya təcrübəsindən nümunələr gətirib.

QHT-lərə Dövlət dəstəyi Agentliyinin müşahidə Şurasının üzvü Zaur İbrahimli insan alverinə qarşı mübarizə prosesində QHT-lərin rolu barədə danışaraq din xadimləri ilə əməkdaşlığın  gücləndirilməsi üçün bir sıra təkliflər səsləndirib.

Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə, Ümidli Gələcək təşkilatının sədri Kəmalə Aşumova, Qadın Təşəbüsü və Sosial Problemlərin həllinə Yardım İB-nin sədri Zenfira Mustafayevanın çıxışlarından sonra dəyirmi masa diskussiyalarla davam edib.

"Xalq qəzeti"

Sosial həyat