Erməniləri əzəli torpaqlarımıza yerləşdirən, Qərbi Azərbaycanda Ermənistan adlı respublika yaradan, sonra da onların əli ilə azərbaycanlıları doğma torpaqlarından qovduran rus imperiyası eyni taleyi axısqa türklərinə də yaşadıb.
Əvvəcə işqal edilən ərazilərə Ərzurumdan erməniləri köçürdülər, 1830-1920-ci illərdə Axısqa türkləri zaman-zaman çoxəsrlik vətənlərindən didərgin salındı, qalanları isə 1944-cü ildə Orta Asiya çöllərinə surgün edildilər. Qırılanlar qırıldı, qalanlarsa Özbəkistan ərazisində məskunlaşdılar . 1989-cu ildə burada da yenidən qətliama məruz qalan Axısqa türkləri hazırda dünyanın 10 ölkəsinə səpələniblər.
Nazir Əhmədlinin tərtib və təqdim etdiyi “Axısqa (Axalsıx) qəzası Xertvis nahiyəsinin kameral təsviri” kitabına 80 ilə yaxındır ki, sürgün edilərək, həsrət qaldıqları Vətən torpağı üçün yorulmadan mübarizə aparan Axısqa türklərinin Axısqa (Axalsıx) qəzasının Xertvis (Xırtız) nahiyəsi üzrə 1850-ci ildə tərtib edilmiş kameral təsvir də daxil edilmişdir.
Vaxtilə Azərbaycana da gələn Axısqa türklərinin Saatlı, Sabirabad, Xaçmaz və Quba rayonlarında məskunlaşmışlar. Saatlıda “Adıgün” və “Varxan”, Sabirabad rayonunda isə “Axısqa” adında kolxoz təşkil etmişlər. Tarixi faktlar da sübut edir ki, 1958-1961-ci illərdə Azərbaycana 10 mindən çox Axısqa türkü köçmüşdür.
Keçmiş Sovetlər Birliyində isə elliklə sürgün olunanlardan yalnız Axısqa türklərinə vətənə dönməyə içazə verilmədi. Rəsmi sənədlərdə Axısqa türkləri elliklə sürgün edilmiş xalq statusundan çıxarıldı. Krım türklərinin dönüşü başlayanda Moskva Axısqa türklərinin vətənə dönmələrini geçikdirdi, Sovetlər Birliyi dağılandan sonra isə onların dədə-baba torpaqlarında yerləşdirilməsi müstəqilliyini elan etmiş Gürcüstan Respublikasının üzərinə düşdü. Rəsmi sənədlərdə Gürcüstan bu qayıdışa etiraz etmədi, amma ölkənin iqtisadi zəifliyini bəhanə gətirərək onların mənzil və sosial şəraitinin təmin edilə bilməyəcəyini bildirdilər. Axısqadan sürgün edilənlərin türk olmadıqlarını, Osmanlı hakimiyyətinin assimilyasiya siyasəti nəticəsində türkləşmiş gürcü olduqlarını təbliğ etməyə başladılar. Hətta bu fikirlə razlaşmış olanları da ata-baba yurdlarına deyil, gürcülərin daha sıx yaşadıqları ərazilərdə yerləşdirdilər.
Tarixi sənədlər isə gürçü millətçilərinin təbliğatını və yeritdikləri siyasəti təsdiqləmir, hətta bunu inkar edən onlarca arxiv materilları var. Bu sırada Nazir Əhmədlinin tərtib və təqdim etdiyi “Axısqa (Axalsıx) qəzası Xertvis nahiyəsinin kameral təsviri” kitabının da xüsusi yeri var.
Tədqiqatçı alim Əli Şamil kitaba yazdığı ön sözdə bildirir ki, sənədlər əsl həqiqəti ortaya qoyur – məlum olur ki, rus işğalından 22 il sonra da Xırtız nahiyəsində yaşayan əhalinin böyük əksəriyyəti Axısqa türkləri olmuşdur. “Axısqa türklərinin kameral təsvirini beynəlxalq təşkilatların, Rusiya hökumətinin qarşısına qoyaraq deməliyik: dinc əhaliyə zülüm verən, onları sürgünə göndərən Rusiya hökuməti olub. Rusiya hökuməti də axısqalılara vurduğu maddi ziyanı ödəməli və onları necə olursa-osun, dədə-baba torpaqlarına qaytarmalıdır”.
N. QƏDİMOĞLU, “Xalq qəzeti”