Azərbaycan 2001-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzvüdür. 4 il öncə, iyun ayında Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının 110-cu sessiyası Bakıda keçirilib. Tədbirdə dünyanın 37 ölkəsindən və 5 beynəlxalq təşkilatdan nümayəndələr iştirak ediblər. Bu faktlar Azərbaycanın dünya turizminə sürətli inteqrasiyasının göstəricisidir.
Ölkəmizin güclü turizm potensialı olan dilbər guşələrindən biri də Lerik rayonudur. Düz 90 il əvvəl unudulmaz şairimiz Mikayıl Müşfiq Leriki gəzib və təəssüratlarını duyğulu misralara çevirib:
Hər tərəf yaşıllıq, hər tərəf orman,
Dağların başında seyrək bir duman.
Ardında süzülür günün baxışı-
Dərədə bir çayın məxmur axışı.
Başqa səfası var hələ Lerikin...
Bölgənin Bülüdül və Zərinqala kimi təbii istirahət zonaları çox məşhurdur. Əlçatmaz Kömürgöy zirvəsi dəniz səviyyəsindən 2 min 492 metr, Qızyurdu isə 2 min 433 metr yüksəklikdə göyləri dəlir. Meşələrin palıd, vələs, dəmirağac, azat, nil ağacları canlı təbiət abidələridir.
Lənkərandan üzüyuxarı qalxdıqca yolboyu neçə-neçə turist məkanı ilə rastlaşırıq. Adı ingilis dilindən tərcümədə “Ruhun dincəldiyi yer” anlamına gələn “Relaks” istirahət mərkəzində ilin bütün fəsillərində dincəlmək üçün şərait var. Müasir turizm məkanları kimi formalaşan digər mərkəzlərin adlarının isə Azərbaycan leksikonuna aid olması qançəkərlik doğurur: "Təbəssüm”, "Çənlibel”, "Meşəbəyi”, "Ağgöl”, "Qala”, "Həyat”, "Xəyal”, "Cənub”, "Dağ çayı” ...
Həm adı, həm də xidmət səviyyəsi, sözün həqiqi mənasında, təbəssüm yaradan “Təbəssüm” ailəvi istirahət mərkəzində dincəlmək xüsusilə xoşdur. Lerik adlı yaşıl tacın ecazkar bir naxışıdır “Təbəssüm”. Hər dəfə bura gələndə Efesli Heraklitin bir kəlamını xatırlayıram: “Müdriklik təbiətlə həmahəng dolanmaqdadır”. Doğrudan da, “Təbəssüm”də adam təbiətlə bağrıbadaş olur, onun müdriklik aurasına düşür. Orada çəkilən şəkillər hazır foto-açıqçalıq olur. Hər foto əlvan bir rəsm əsərinə bənzəyir.
Yerli sahibkar Akif Əliyev “Təbəssüm”ü əvvəlcə kafe kimi açmışdı. Sonra Birinci regional inkişaf proqramında “Təbəssüm”ün 50 yerlik turizm-əyləncə mərkəzi kimi genişləndirilməsi nəzərdə tutuldu.
Mərkəzin sahibi Akif Əliyevin dedikləri:
– Möhtərəm Prezidentimizlə buradakı ilk görüşümüzü heç zaman unutmaram. O vaxt dövlətimizin başçısı tövsiyə etdi ki, turizmi genişləndirib beynəlxalq səviyyəyə çatdıraq. Bu, bizi ruhlandırdı, xeyli iş gördük. Daha sonra, 2011-ci ildə Bakıda keçirilən beynəlxalq turizm sərgisində dövlət başçımız bizim “Təbəssüm”ə aid guşəyə yaxınlaşaraq uğurlarımızla tanış oldu, dəyərli məsləhətini verdi. Mərkəzi daha böyük həvəslə qurub-yaratdıq, ərsəyə gətirdik. Təəssüf ki, sonralar müəyyən maneələr də oldu, amma biz dayanmadıq, irəli getməyə çalışdıq. Elə keçən il nə qədər iş görmüşük, buradakı dəmir körpünü dəyişərək, memarlıq abidəsi kimi qurmuşuq. İnanırıq ki, bizə daha güclü dəstək veriləcək və biznes-planlarımızı tam reallaşdıra biləcəyik.
“Təbəssüm”də ötən ilə qədər 22 yer var idi, indi 30-a çatıb. Eyni vaxtda nahar etmək üçün yerlərin sayı artıq 154-dür. İki yeni körpü tikilib. Mətbəx müasirləşdirilib. Xidmət personalının sayı da artaraq 21 nəfərə çatıb.
Xatırlayırıq ki, fevral ayında qardaş Türkiyədə zəlzələ baş verən zaman “Təbəssüm”ün rəhbərliyi sosial şəbəkə vasitəsilə belə bir elan vermişdi: “9 kottecimiz var. Məktəb yaşlı 30 uşaq və ya 7 ailə gəlib burada məskunlaşa bilər”. Doğrudur, gələn olmadı, amma bu çağırışın özü leriklilərin həmrəylik, xeyirxahlıq amalına sadiqliyindən xəbər verir. Yeri gəlmişkən, “Təbəssüm”də şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə də diqqət və qayğı ilə yanaşılır. Dəfələrlə “Təbəssüm”də bir süfrə arxasına toplaşmış şəhid ana və bacıları cəmiyyətin onlara sayğı və qayğısını görüblər, məmnunluq duyublar. Kollektiv onların qullugunda durmağı özünə şərəf sayıb...
“Təbəssüm”ü gəzərkən bir boş yerin belə olmadığını gördük. Buranın təbii şəraiti, xidmət səviyyəsi elədir ki, bir gəlib görən bir də gəlmək istəyir. Turistlərdən, xarici qonaqlardan başqa, Lənkəran, Masallı, Cəlilabad və digər yerlərdən “Təbəssüm”ə bir neçə saatlıq istirahətə gələnlər də yetərli qədərdir. Hamı buradan məmnun qayıdır. Həm “qüdrətdən səngərli-qalalı dağlar”, kölgəli meşələr, axar-baxarlı çay vadisi, təmiz hava, həm də Cənub mətbəxinin təkrarsız təamları hər kəsi heyran qoyur.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”