Qədim yunanlar bu fikirdə idilər ki, dünyanı irəli aparan, insanı hər gün addım-addım tərəqqiyə və kamilliyə qovuşduran alimlərdir. Ona görə də bəşəriyyət dünyanın irəliləyişi, insanların mənəvi cəhətdən zənginləşməsi üçün alimlərə borcludur. Bugünkü həyatımızda da insanın rahat yaşayışının təmin edilməsi, onun maddi-mənəvi zənginliklərə sahib olması, məhz alim zehninin, fədakar zəhmətinin nəticəsidir. Elm və alimlər müasir bəşər həyatının ayrılmaz bir hissəsidir.
Elmin müxtəlif inkişaf mərhələlərində əldə olunan bütün nailiyyətlər yüksək mənəvi-əxlaqi keyfiyyətləri və dərin intellekti özündə birləşdirən şəxsiyyət fenomeni ilə bağlıdır. Nə yaxşı ki, zəngin ənənələri olan Azərbaycan elmində belə parlaq alim-şəxsiyyətlər kifayət qədərdir. Onların sırasında görkəmli filoloq-ədəbiyyatşünas, bacarıqlı təhsil təşkilatçısı, fəal ictimai xadim olan professor Ədibə xanım Paşayevanın da adı vardır.
Ədibə Paşayeva XX əsr Azərbaycan humanitar-elmi və ədəbi düşüncəsinin görkəmli nümayəndəsi, tanınmış yazıçı, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açmışdır. Mir Cəlal ədəbiyyat tariximizin böyük ədəbi siması, Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında əvəzedilməz xidmətlər göstərmiş bir alim olmaqla yanaşı, yüksək mənəvi-əxlaqi dəyərlər daşıyıcısı olan bir şəxsiyyət kimi tarixdə qalmışdır.
Bu gün Ədibə xanım Mir Cəlal ocağının nüfuzlu təmsilçilərindən biri, yazıçı övladı olaraq bu ailənin mənəvi və intellektual ənənələrini ləyaqətlə davam etdirir. Ədibə xanım insanlara münasibətdə yüksək mədəniyyət, ləyaqət, təmənnasızlıq və xeyirxahlıq kimi keyfiyyətləri yaşatmaqla Mir Cəlal ocağının mənəvi cazibəsini bir daha nümayiş etdirir. Onun elmə, təhsilə və yüksək mənəvi dəyərlərə səmimi bağlılığı bu cazibəni bir az da artırır.
Əsərləri böyük oxucu sevgisi qazanmış məşhur yazıçının, görkəmli ədəbiyyatşünas alim və nüfuzlu pedaqoqun ailəsində dünyaya gəlmiş Ədibə xanım alim zəhmətinin nə olduğunu yaxşı bilirdi. O, hələ uşaqlıqdan atasının qələmindən çıxan bədii əsərlərin, elmi araşdırmaların hansı ağır zəhmət hesabına başa gəldiyini görürdü. Ona görə də elm onun şüurlu seçimi idi.
Uşaqlığı çox çətin illərə düşmüşdü. 1943–1953-cü illərdə, müharibənin insanları minbir məşəqqətlə üz-üzə qoyduğu zamanlarda keçən şagirdlik dövründə kitablardakı, müəllimlərin izahlarındakı dərslərdən əlavə, onu bir ömür boyu izləyəcək böyük həyat dərsi də almışdı. Bu dərsin aşıladığı əsas keyfiyyətlər dürüstlük, vicdan, ədalət, məsuliyyət, xeyirxahlıq, məqsədyönlülük idi. Ona görə də gecə-gündüz oxuyurdu. Bir göz qırpımında keçən tələbəlik həyatından mümkün qədər səmərəli istifadə etməyə çalışırdı.
Ədibə Paşayevanın həyat və fəaliyyəti Bakı Dövlət Universiteti ilə ayrılmaz surətdə bağlıdır. BDU-nun məzunu olan Ədibə xanım ali təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə elə öz universitetində başlayıb. 1969-cu ildən 1979-cu ilə qədər burada Rus ədəbiyyatı kafedrasının müəllimi, 1979-cu ildən baş müəllimi, 1988-ci ildən Xarici tələbələr üçün rus dili kafedrasının, 2004-cü ildən BDU-da Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri vəzifələrində çalışıb. Linqvodidaktika, rus ədəbiyyatı tarixini tədqiq edən Ədibə xanım bu illərdə bir neçə kitabını nəşr etdirib.
Professor Ə.Paşayeva hazırda BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri kimi səmərəli elmi-pedaqoji fəaliyyət göstərir. “Əməkdar müəllim” Ədibə xanım filologiya fakültəsinin aparıcı alim-pedaqoqlarından biri kimi bütün müəllimlərin və tələbələrin sevimlisidir.
Ədibə Paşayevanın ömür yolu məna və dəyəri ilə seçilir. Aldığı yüksək kübar tərbiyə ilə həyatını elmdə və təhsildə görən Ədibə xanım daim elmi axtarışlarda olmuşdur. Seçdiyi rus dili ixtisasının dərindən tədris olunması, Puşkinin, Dostoyevskinin, Çexovun, Tolstoyun dilinin gənclərə öyrədilməsi üçün ən müasir metodikalar təklif etmişdir. Bu mənada onun “Rus dili” (Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin xarici tələbələri üçün dərs vəsaiti), “Rus dili dialoqlarda” (dərs vəsaiti), “Rus dili monoloqlarda” (dərs vəsaiti), “Rus dili” (humanitar fakültələrdə oxuyan tələbələr üçün dərs vəsaiti) və digər əsərləri Azərbaycanda rus dili tədrisinin müasir səviyyədə təşkili sahəsində müstəsna rol oynamışdır.
Həyatını elmə və təhsilə bağlamış Ədibə xanımı elmi ictimaiyyət gözəl alim, novator pedaqoq, qayğıkeş və nəcib insan kimi tanıyır. Onun yaradıcılıq enerjisi və fəal vətəndaş mövqeyi Azərbaycan gəncliyi üçün örnəkdir. Ədibə xanımın müdrikliyi, kübarlığı, insanlara münasibətdə xeyirxahlığı və nikbinliyi yüksəldiyi mənəvi zirvənin təməlidir. Onu tanıyan hər kəs Vətənə təmənnasız xidmətinin, bu yolda fədakarlığının, yüksək elminin və təşkilatçılıq bacarığının şahididir. Məhz bu ümdə keyfiyyətlərinə görə Ədibə Paşayeva cəmiyyətdə dərin ehtiram qazanan nadir şəxsiyyətlərdəndir.
Bu gün sosial təsisat olaraq ailənin çox həssas mərhələyə qədəm qoyduğu müasir cəmiyyətdə Ədibə xanımın milli və ümumbəşəri dəyərlərin daşıyıcısı olan ailəsi gözəl bir örnəkdir. Onun tərbiyəsini almış və ölkəmizin layiqli vətəndaşları olan övladları milli dövlət quruculuğunda, cəmiyyətin sosial-mədəni həyatında, elmin, təhsilin inkişafında yaxından iştirak edirlər.
Milli mentalitetimizdə xanımlığın olduqca özəl bir mövqeyi vardır. Ədibə xanım Paşayeva öz mənalı həyatı, nümunəvi fəaliyyəti ilə sübut etmişdir ki, milli düşüncədə xanıma ayrılan dəyəri ailəyə dayaq olmaq dəyəri ilə vəhdətdə birləşdirmək mümkündür. Bu mənada Ədibə xanım bir çoxlarına, o cümlədən müasir gəncliyə örnək olacaq şəxsiyyətdir.
Ədibə xanımın ömür yolu elmə, mədəniyyətə, mahiyyət etibarilə milli düşüncəyə xidmətin ən böyük nümunələrindən biridir. Belə parlaq və təmənnasız xidmət onun şəxsiyyətini mənəvi ucalığa qaldırmışdır. Bu mənəvi ucalığın zirvəsinə yüksəlmiş Ədibə xanım Paşayeva bu günlərdə ömrünün 80 illik mərhələsinə qədəm qoyur. Belə bir əlamətdar gündə Ədibə xanımı səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, onun bu yubileyi intellektdən, zəhmətdən, Vətən sevgisindən yoğrulmuş elmi, pedaqoji və ictimai fəaliyyətinin yeni, daha parlaq və məhsuldar mərhələsinin başlanğıcı olsun.
İmdad BAYRAMOV,
Bakı Dövlət Universiteti psixologiya kafedrasının dosenti, psixologiya elmləri doktoru