AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə Əməkdar elm xadimi, filologiya elmləri doktoru, “Şöhrət” ordenli professor Xəlil Yusiflinin (1935 – 2022) anadan olmasının 88-ci ildönümü qeyd edilib və alimin yenicə çapdan çıxmış “Nizami və Şərq intibahı” monoqrafiyasinin təqdimati olub.
Əvvəlcə görkəmli nizamişünasın ömür yolu və elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Xəlil Yusiflinin Azərbaycan elminin şərəfini yüksəldən şəxsiyyətlərdən olduğunu, onun adının yalnız ölkəmizdə deyil, dünya miqyasında da tanındığını, həmişə hörmət və rəğbətlə çəkildiyini, əsərlərinin ən mötəbər mənbələr kimi qəbul edildiyini bildirib.
Akademik F.Əliyev həmçinin alimin vaxtılə rus dilində çıxmış sanballı əsərlərindən olan “Nizami Gəncəvi və şərq intibahı” kitabının AMEA Gəncə Bölməsi tərəfindən ana dilimizdə nəşr edilmiş variantını da təqdim edib.
Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Professor Xəlil Yusifli və Azərbaycan nizamişünaslığı”, Gəncə Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Afaq Yusifli “Xəlil Yusiflinin tədqiqatlarında intibah mövzusu və Nizami Gəncəvi”, AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov “Nizami Gəncəvi yaradıcılığında Azərbaycan tarixi”, Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Səba Namazova “Xəlil Yusifli və klassik Azərbaycan ədəbiyyatı”, Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru, dosent İmran Qasımov “Professor Xəlil Yusifli ilə bağlı yaddaqalan anlar” mövzusunda çıxış ediblər. Digər məruzələr də maraqla qarşılanıb.
Görüşdə iştirak edən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova, yazıçı İnqilab İsaq, Gəncə Dövlət Universitetinin professoru Yadigar Əliyev, AMEA Gəncə Bölməsinin Elmi katibi Elnur Həsənov çıxış edərək, görkəmli alimin elmi və pedoqoji fəaliyyətindən danışıblar, eləcə də Xəlil Yusiflinin yüksək mənəvi və insani xüsusiyyətlərini özündə əks etdirən xatirələrini bölüşüblər.
Alimin övladları - oğlu Toğrul Yusifli və qızı Afaq Yusifli atalarının xatirəsinə və elmi irsinə daim xüsusi diqqətə görə AMEA Gəncə Bölməsi və onun rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbir haqqında açıqlama verən bölmənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov demişdir ki, görüşün yekununda akademik Fuad Əliyev AMEA Gəncə Bölməsi tərəfindən görkəmli alimin irsinin öyrənilməsi, eləcə də onun əsərlərinin yeni nəşrləri istiqamətində aparılan işlərin daim diqqətdə saxlanılacağını qeyd edib.
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri