Latın Amerikası ölkələrində yaşayan icmamız Azərbaycanla sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımı sərt şəkildə pisləyən bəyanatla çıxış edib.
Azərbaycan icmasının ətraf mühitin mühafizəsi üzrə beynəlxalq təşkilatlara ünvanlanan bəyanatında bildirilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi Latın Amerikasındakı soydaşlarımızda dərin narahatlıq hissi doğurub.
Bu zavodun inşası Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması kimi dəyərləndirilib. Qeyd edilib ki, həmin müddəalara əsasən, Ermənistan öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalıdır.
Ermənistanın beynəlxalq və ekoloji hüquq normalarını mütəmadi olaraq pozduğuna diqqət cəlb edilib. Bir müddət əvvəl Azərbaycan tərəfinin Metsamor Atom Elektrik Stansiyası ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Ermənistanın Espo Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olduğu, qonşu ölkənin iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərdiyi kimi faktlar xatırladılıb.
Latın Amerikası azərbaycanlıları beynəlxalq ictimaiyyəti öz qanunsuz əməlləri ilə Azərbaycanın və regionun ekoloji mühiti üçün təhlükə törədən Ermənistana güclü təzyiq göstərməyə çağırıb.
Anar Əli,
“Xalq qəzeti”