Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə müvafiq Komissiya tərəfindən ərazidə kompleks monitorinqlər davam etdirilir.
Komissiyadan AZƏRTAC-a bildirilib ki, hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, tibbi sağlamlıq nöqteyi-nəzərindən xəstəliklərin statistikası və dinamikası təhlil edilir, tibbi müayinələr keçirilir. Pay torpaqlarında və örüş sahələrində məhsuldarlığa, mal-qaraya neqativ təsirlər öyrənilir, su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.
Aparılan kompleks monitorinqlərin nəticələri təhlil olunacaq və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə komissiya yaradılıb, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.