Göyçayda  “Aqroturizm və sosial Sahibkarlıq” festivalı keçirilib

post-img

Göyçay şəhərində növbəti dəfə “Aqroturizm və sosial sahibkarlıq” (#GöyçayFest) festivalı baş tutub. Festival Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Region gənclərinin məşğulluğu üçün aqroturizmin təşviqi” layihəsi çərçivəsində reallaşıb.

Tədbirin əsas məqsədi regionda aqroturizm, sosial sahibkarlığın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirməkdir. Həmçinin peşə mərkəzi müdavimləri, gənclər üçün əlavə gəlir gətirən, iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərini inkişaf etdirməkdir.

Festivalda iştirak edən dövlət qurumlarının rəsmiləri və digər qonaqlar regionlarda belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq sosial sahibkarların cəmiyyətə tanıdılmasının və gənclər arasında təbliğ olunmasının vacibliyini qeyd ediblər. Bildirilib ki,  aqroturizm vasitəsilə kəndlərin sosial-iqtisadi inkişafına təkan verilir, yeni iş yerləri yaradılır, sosial-mədəni xidmət sahələrinin və kənd təsərrüfatının inkişafına töhfə verilir.

Festival zamanı kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin satış-sərgiləri təşkil olunub, sosial sahibkarların məhsulları nümayiş etdirilib. 

"Xalq qəzeti"













Sosial həyat