“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası”

post-img

Azərbaycan Dillər Universitetində təhsil həyatımız üçün tarixi bir gün yaşanıb. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda keçirilən beynəlxalq elmi konfransda müxtəlif dövlətlərin ali təhsil müəssisələrindən tanınmış alimlər, rektorlar, ictimai-siyasi xadimlər, ziyalılar iştirak ediblər. 

Konfrans elmi əməkdaşlıq, bey­nəlxalq münasibətlər, tolerantlıq və multikultural ab-hava baxımından xü­susilə əhəmiyyətli olub. Bu önəmin bir səbəbi də Azərbaycanın dünyaya bir daha tolerant və multikultural bir dövlət kimi tanınması idi. Bu münasibətlə xa­rici ölkələrdən gələn elm adamlarının, nüfuzlu ziyalıların “Heydər Əliyev: mul­tikulturalizm və tolerantlıq ideologiyası” adlı beynəlxalq elmi konfransın təşkili ilə bağlı və həmçinin orada səsləndirdikləri fikirlərini təqdim edirik:

Çeçenistan Dövlət Pedaqoji Uni­versitetinin rektoru İsmayıl Bayxa­nov:

– Azərbaycan Dillər Universiteti ta­rixi ənənələri və elmi nailiyyətləri olan ali təhsil müəssisəsidir. Azərbaycan Dillər Universitetini 75 illik yubiley münasibə­tilə təbrik edir, universitet rəhbərliyinə və kollektivinə ən səmimi arzularımı çatdı­rıram. Konfransa dəvətə görə universi­tet rəhbərliyinə, hörmətli rektor Kamal Abdullaya öz minnətdarlığımı bildirmək istəyirəm. Bu konfrans mötəbər bir elmi tədbirdir. Ulu öndər Heydər Əliyevin adı­na layiq bir konfransdır. Bildirmək istə­yirəm ki, Heydər Əliyev nəinki Azərbay­can xalqının böyük oğlu idi, o, həm də dünyanın ən güclü siyasi liderlərindən biri idi. Heydər Əliyev çeçen xalqının qəlbində dərin sevgi və hörmət qazanıb.

Çeçen xalqı Azərbaycan Prezidenti cənab İlham Əliyevə də dərin hörmət bəsləyir. Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələri var. Bu münasi­bətlər ölkə rəhbərləri səviyyəsində yük­sələn xətlə inkişaf etməkdədir.

Biz Azərbaycan Dillər Universiteti ilə elmi əməkdaşlığın başlanğıcında­yıq. İnanıram ki, əlaqələrimiz daha da inkişaf edəcək və gələcəkdə yeni elmi perspektivlərin yaranmasına şərait ya­ranacaq. 

Türk Dünyası Araşdırmaları İnsti­tutunun yaradıcısı, professor Fikrət Türkmən: 

–Çox vacib və gözəl konfrans oldu. Universitetin rektorunu və bütün kol­lektivi ürəkdən təbrik edirəm. Bu il, eyni zamanda, Azərbaycan Dillər Uni­versitetinin 75 illik yubileyidir. Çox əlamətdar bir hadisədir. Bilirsiniz ki, Azərbaycanda Türkiyə–Azərbaycan Universiteti qurulacaq. Bu, çox vacib addımdır. Dəvət edərlərsə, yaşıma bax­mayaraq, gələrəm. Elə bir iş olmalıdır ki, bura cazibə mərkəzi halına gəlsin. Bu universitetdə türk dünyasına könül vermiş, fədakar adamların çalışmasını istərdim. Türkiyə–Azərbaycan universi­tetinin qurulmasının son dərəcə önəmli əhəmiyyəti var. Türk dünyasının bütün istiqamətlərdə gələcək birliyi bu kimi universitetlərə bağlıdır. 

Pakistanın Milli Müasir Dillər Uni­versitetindən professor Muhammad Zubair İqbal:

–Bu konfrans ulu öndər Heydər Əli­yevin multikulturalizm və sülhpərvər ideyalarının əksidir. Biz də sizin kimiyik. Hər zaman sülhün tərafdarıyıq. Azər­baycan Dillər Universitetinin 75 illik yu­bileyi münasibəti ilə sizi səmimi qəlb­dən təbrik edirəm. Gözəl təsadüfdür ki, Heydər Əliyevin 100 illik yubileyi ilə eyni ildədir. Biz də öz universitetimizdə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirəcəyik və sizin əməkdaşları­nızdan da orda görmək istəyərik. Tədbi­rin təşkili əla idi. Belə maraqlı və önəmli konfransın təşkil edənlərə dərin minnət­darlığımı bildirirəm.

İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti:

–Azərbaycan multikulturalizmində sadəcə nəzəri cəhətdən deyil, həm­çinin fərqli millətdən, dindən olan in­sanlar mövcuddur. Mən düşünürəm ki, Heydər Əliyevsiz Azərbaycanı düşün­mək olmaz, əgər, o, olmasaydı, ölkəniz hazırki vəziyyətdə olmazdı. Ölkənizin müstəqilliyi, ərazi bütövlüyü məhz Azər­baycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Universitetin 75 illiyi münasibətilə sizi təbrik edirəm. Çox qürur duyuram. İlk dəfə sizin universi­tetdə nitqimi rus, türk, ingilis dillərindən fərqli olaraq, öz doğma dilimdə – italyan dilində ifadə etdim. Sevinirəm ki, Azər­baycan Dillər Universiteti belə bacarıqlı, savadlı gənclər yetişdirir. Hər şey üçün təşəkkür edirəm.

Maynz Universitetinin professoru Hendrik Buşoten:

– Azərbaycanın 44 günlük Vətən mü­haribəsində qazandığı parlaq Qələbə çox əlamətdardır. Bu isə öz növbəsin­də, multikultural siyasətin əsasını qoyan Heydər Əliyevin uğurlu siyasətinin təza­hürüdür. Həm Heydər Əliyevin 100 illik yubileyi, həm də universitetin 75-ci ildö­nümü üçün sizə ən xoş arzularımı bil­dirirəm. Üç-dörd dəfə Bakıya gəlmişəm. 75 il uzun bir müddətdir, buna görə sizi təbrik edirəm. Azərbaycan üçün çox faydalı universitetdir. İnkişaf edirsiniz. Uğurlarınızın davamını diləyirəm.

Pakistanın Kompüter və İnkişaf Etməkdə Olan Milli Elmlər Universi­tetinin professoru Summaira Sarfraz:

– Əvvəla, mən burada olmaqdan çox xoşbəxtəm. Bu bayramın bir hissəsi ol­maqdan çox həyəcanlıyam. Bu, ulu ön­dər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş maraqlı tədbirlərdən biri­dir. Pakistan və Azərbaycan Dillər Uni­versiteti arasında tələbə mübadilə proq­ramları var. Onların sayəsində tələbələr müəyyən müddətdə burda təhsil almaq şansı əldə edirlər. Bu baxımdan, sizin tələbələrlə bizim tələbələr arasında maraqlı informasiya müzakirələri olur. Ümumiyyətlə, belə tədbirlər dostluq mü­nasibətlərini inkişaf etdirir. Azərbaycan Dillər Universitetini çox sevdim. Həmçi­nin tələbələrinizi də. Tələbələrin çıxışla­rından da aydın olur ki, burada yüksək səviyyədə tədris aparılır. Sonda demək istəyirəm ki, Azərbaycan Dillər Universi­tetinin 75 illiyi münasibəti ilə akademik, rektor Kamal Abdullanı və burada zəh­məti keçən hər kəsi təbrik edirəm. Və mən sizi çox sevirəm.

Belqrad Universiteti Türkologiya kafedrasının müdiri, professor Ema Miljkoviç:

– Mən, həqiqətən, sizin universiteti­nizi çox bəyəndim. Burada əla həmkar­lar, dostlar və fantastik müəllimlərlə ta­nış oldum. Burada təhsil alan tələbələr o qədər enerjilidir ki, həmin müsbət ener­jini mənə də ötürdülər. Mən bunu çox bəyəndim. Bu il Azərbaycan Dillər Uni­versitetinin 75 yaşı olur. Bu münasibətlə də sizi səmimi qəlbdən təbrik edirəm. Uğurlarınız bol olsun. 

Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz:

– Qafqaz Universitetləri Birliyinin sədri olaraq, Azərbaycan Dillər Univer­sitetini 75-ci ildönümü münasibətilə təb­rik edirəm. Rektorunuz Kamal Abdulla təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ziyalı insanlarından biridir. Onun rəhbərliyi altında Azərbaycan Dillər Universiteti daha gözəl layihələr həyata keçirəcək. Necə ki, bu gün multikulturalizm tədbirində dünyanın problemlərinə həll yolları axtaran uni­versitet forumuna gəlmişəm. Dünyanın problemlərinə beynəlxalq anlamda həll yolları axtaran universitet olmaq çox qü­rurverici bir haldır. Çox xoşbəxt oldum. Gözəl 75 illərə. Mən, eyni zamanda, Türkiyə–Azərbaycan Universitetinin qurulmasına da diqqət çəkmək istər­dim. Bu, Türkiyə–Azərbaycan əlaqələri baxımından çox vacibdir. Bu, əslində, iki ölkənin yox, bütün türk dünyasının, Qafqazın Universiteti olacaq.

Rumıniyanın Yas Universiteti Azərbaycan Multikulturalizmi Mərkə­zinin direktoru, filologiya elmləri dok­toru Lyudmila Bejenaru:

– Bu gün çox önəmli bir tarixi ha­disənin şahidləri olduq. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı keçirilən konfrans öz unikallığı və əhəmiyyəti ilə diqqəti cəlb etməyi bacardı. Qeyd etmək istəyirəm ki, bu il həm də ADU-nun 75 illiyi keçirilir. Qədim tarixi köklərə və ənənələrə sahib müasir ali təhsil ocağı olan Azərbaycan Dillər Universitetinin rəhbərliyini və bütün kollektivini yubiley münasibətilə təbrik edir, ən xoş arzularımı bildirirəm. 

“Xalq qəzeti”















Sosial həyat