Vüsal günü köç edənlər az idimi, Zülfüqar?

post-img

 O qədər də yaxın  tanışlığımız olmasa da,  yaxşı bilirdim ki, ədəbiyyata, sözə, sənətə kökdən bağlı adam idin. Vüsal dəmində bu fani dünyadan köç etməyinin əsl səbəblərindən biri də məhz fiziki  və ya tibbi problem yox,  sevginin nə olduğunu çoxlarından yaxşı dərk etməyin oldu. Elə sən də yaxşı bilirdin ki, tarix boyu ədəbi əsərlərdəki “yar” ifadəsi təkcə ayrılıqda bir  fərdə – hansısa sevgiliyə deyil, Yaradana və Vətənə də şamil edilib. Anadolu türklərinin “Əlin karda olsun, dilin yarda” ( yəni əlin işdə olsun, ürəyin Allahda!”) –deyimini kim bilmirdi ki? 

Sən bu Vətən sevginlə, yurda bağlılığınla, əcdad məzarına sədaqətinlə, vüsala çatan kimi yeni dünya seçməyinlə, otuz illik ölümlərini  bir tərəfə qoyaraq, həqiqi   ölümünlə sübut etdin ki, Əslisinə yetişən Kərəmin “Yanıram, Əsli, yanıram!” –harayı əfsanə deyilmiş. Sən Məhəmməd Füzulinin Məcnunun dilindən dediyi 

“Ya Rəbb,  yetir məni yar olan diyarə, 

Şəm et məni ol məzari yarə!” 

– diləyinin nə demək olduğunu göstərdin. Sən sözün həqiqi mənasında Kəlbəcər üçün şam oldun. 

Kəlbəcər də daxil olmaqla, işğaldakı bütün torpaqlarımızı bizə qaytaran şəhidlərin ruhu inciməsin, fikrimcə, elə sən də şəhid oldun. Əlinə silah götürməsən də, ürəyinə tanklar ağırlığında Vətən dərdi götürməsəydin vüsal günü dünyanı dəyişərdinmi?  Dünən həmkarlarından biri dedi ki, Zülfüqarın Kəlbəcərdə minaya düşərək şəhid olmuş Məhərrəm İbrahimov və  Sirac Abışovla nə fərqi var ki? Digər həmkarımız isə cavab verdi ki, fərq ancaq yaşlarındadır. 

Bir neçə il qabaq kəlbəcərli həmkarımız Məhəmməd Nərimanoğlu (Sadıqov) xəstəxanada yatanda mən yığcam bir yazı qələmə almış və onu redaksiyaya belə sərlövhə təqdim eləmişdim: “Diaqnozu Kəlbəcər həsrəti”. İndi yəqin ki,  mütəxəssislər sənin haqqında yazacaqlar : “Ölümün səbəbi Kəlbəcər vüsalı”. 

Ruhun şad olsun, dəyərli həmkar! Ürəyinin böyüklüyü səni Kəlbəcərin də tarixinə yazdı, Vətən sevgisinin də.  

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti

Sosial həyat