Daşkənddə TÜRKSOY-un 30 illiyi ilə bağlı tədbirlər keçirilir.
Paytaxtdakı Dövlət Tərbiqi İncəsənət Muzeyində Türk dünyası rəssamlarının və sənətkarlarının “Türk dünyası” adlı sərgisi keçirilib.
Tədbirdə Özbəkistanın mədəniyyət və turizm naziri Azadbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər türkdilli dövlətlərin mədəniyyət nazirləri, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, rəssamlar, sənətkarlar iştirak edib.
Muzeyin həyətində keçirilən sərgidə Özbəkistanla yanaşı Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanın rəssamlarının və tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilib, hər ölkənin milli mətbəxinə dair guşəyə baxış keçirilib. Mətbəx guşəsində Azərbaycan, Özbəkistan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistanın milli mətbəxinə aid yeməklər təqdim edilib.
Sərgini Azadbek Nazarbekov açaraq TÜRKSOY-un 30 illiyi tədbirlərinin Özbəkistanda da keçirilməsindən məmnun olduğunu bildirib, qurumum üzvü kimi Özbəkistanın da Türk dünyasının mədəniyyət sahəsinin inkişafına böyük töhfələr verdiyini vurğulayıb. Nazir deyib ki, bundan sonra da Özbəkistan Türk dünyasının bir parçası olaraq keçirilən bu kimi tədbirlərdə fəal iştirak edəcək.
Sultan Rayev bildirib ki, TÜRKSOY yarandığı gündən Türk dünyası arasında əlaqələrin genişləndirilməsi istiqamətində çoxlu layihə həyata keçirib.
Baş katib deyib ki, bundan sonra da Türk dünyası arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi davam etdiriləcək.
Sonra qonaqlar həyətdəki sərgiyə və muzeyin eksönatlarına baxıblar.
Qulu Kəngərli
Daşkənd