Gəncənin “Torqovı”sında yeni abadlıq işləri görülür

post-img

Gəncədə Cavadxan küçəsini çoxları Bakının “Torqovı” küçəsinə bənzədir. Bu küçədə də tarixi memarlıq abidələri, qədim tikililər, Gəncə memarlıq ənənələrinə uyğun binalar, ticarət, ictimai iaşə obyektləri çoxdur. Küçədə günün istənilən vaxtı çox sayda yerli sakin və şəhərin qonaqlarını görmək mümkündür. Burada istirahət etmək, gəzişmək adamların bir növ xobbisinə çevrilib. Hazırda Cavadxan küçəsində geniş abadlıq-quruculuq işləri aparılır və onun daha gözəl, abad olması üçün işlər görülür.

   Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov küçədə aparılan genişmiqyaslı abadlıq, quruculuq, təmir və bərpa işləri ilə yerində tanış olub. Şəhər rəhbərinə bildirilib ki, Cavadxan küçəsində yerləşən evlərin fasadları, novdanları yuyularaq təmizlənib. Daş döşəmələrin təmirə ehtiyacı olan hissələri yenilənib, işıq dirəklərində olan köhnə plafonlar yeni, müasir LED lampalarla əvəzlənib, yeraltı keçidlərdə təmizlik işləri görülüb. Burada olan buta formalı oturacaqlar yenidən boyanıb, güldanlara mövsümü güllər əkilib, eyni zamanda, fəvvarələr təmir olunub. 

 Şəhər rəhbəri tapşırıq və tövsiyələrini verib.

Sakinlərlə söhbət edən N.Bayramov onların da fikirlərini, təkliflərini öyrənib və onların dəyərləndiriləcəyini bildirib.

Qeyd edək ki, aparılan abadlıq, təmir-bərpa və tikinti işləri Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən həyata keçirilir. 

 

                    Hamlet Qasımov, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 





Sosial həyat