Şəmkirli gənclərin ətraf mühitin qorunmasına töhfələri

post-img

         Şəmkirin tezliklə turizmin mərkəzlərindən birinə çevriləcəyi heç kimdə şübhə yaratmır. Bu inam onunla əlaqədardır ki, Şəmkir öz əsrarəngsiz təbiətinə, tarixi abidələrinə görə zəngin, baxımlı bir rayondur. Digər tərəfdən, rayon rəhbərliyi son vaxtlar bu istiqamətdə mühüm işlərə başlayıb, kompleks tədbirlər planı hazırlayıb, əhali, xüsusilə gənclər arasında izahat-təbliğat işlərini güçləndirib.

         Bir neçə gün əvvəl gənclərin Kür çayı sahilində ekoloji aksiya keçirməsi rayonda hər kəsin diqqətini cəlb etdi. Gənclər Evi Sosial Xidmət Müəssisəsi sosial fəaliyyətlər klubu çərçivəsində keçirilən bu tədbir bir daha sübut etdi ki, Kür sahilinə istirahətə gələn insanlar arasında təbliğat işinə hələ də böyük ehtiyac var.

         Kür çayı sahili boyu baş tutan aksiyada iştirak edən könüllülərə ilk əvvəl ətraf mühitin mühafizəsinin önəmindən danışılmış, sonra isə ətrafda olan məişət tullantıları yığılmış, ərazi təmizlənmişdir.

         Tədbirin əsas məqsədi Kür çayı sahilində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etmək olmuşdur.

         Gənclər qərara alıblar ki, növbəti aksiya zamanı “İstirahət etdin, dincəldin? Elə edin ki, başqası da dincəlsin”, “Bura zibilxana deyil!”, “Kür müqəddəsdir, onu qoru”... və digər bu kimi lövhəciklər hazırlayıb gətirsinlər. Bundan əlavə, artıq sosial şəbəkələrdə, mətbuatda şəmkirli gənclərin təbiəti qorumaqla, Şəmkiri turizm mərkəzinə çevirməklə bağlı maraqlı çağırışları yayılıb ki, əhali də bu təşəbbüsü razılıqla qarşılayır.

 

                       Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 Şəmkir

 

 







Sosial həyat