Dövlət Arxivinin Şirvan filialında şair Qəşəm Nəcəfzadə ilə görüş

post-img

Açıq havada təşkil olunmuş görüşdə Hacıqabul, Sabirabad və İmişli rayon Dövlət Arxivlərinin direktorları, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, idarə və müəssisə rəhbərləri,  şəhər ziyalıları, Şirvan şəhər Peşə liseyinin tələbələri və 18 saylı məktəbin şagirdləri iştirak ediblər.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, şəhidlərimizin əziz xatirəsi anılıb. Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədova tədbiri açıq elan edərək, qonaqları salamlayıb. Beynəlxalq Arxivlər Gününə təsadüf edən tədbirdə Beynəlxalq Arxivlər Şurasının (BAŞ) yaradılmasından bəhs edən natiq qeyd etdi ki, arxivlər insan fəaliyyətinin sənədli məhsuludur. Bu səbəbdən də demokratiyanın, fərdlərin, insanların şəxsiyyətinin və insan haqlarının təməlini qoyduğu keçmiş hadisələrin şahididir. BAŞ-ın məqsədinin birlik, arxivlərin və arxivçi peşəsinin təbliğ olduğunu diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyasının Şirvan təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək arxivçiləri təbrik edib. Bu peşənin məsuliyyətli və çətin olduğunu vurğulayıb. Qəşəm Nəcəfzadənin Şirvanda oxucularla görüşə gəlməsini yüksək dəyərləndirərək qeyd edib ki, belə görüşlər daha geniş auditoriya qarşısında keçirilməlidir.

Şirvan şəhər 18 saylı məktəbin direktoru İsmayıl Yusifov çıxış edərək maraqlı xatirələr bölüşüb.  Şirvan Tarix və Diyarşünaslıq Muzeyinin müdiri Aynur İbrahimli də öz növbəsində maraqlı sualı və qiraəti ilə çıxış edib. Peşə liseyinin direktoru Elnur Novruzov arxiv tarixindən söhbət açıb. Şairin gəlişinin bayrama bayram qatdığını, bu görüşün mənəvi qida verdiyini deyib. Digər çıxış edənlər arxivçilərə xoş arzularını çatdırıb. Qəşəm Nəcəfzadə ilə təşkil olunan görüşə görə minətdarlıq ifadə olunub. 

Şair, publisist Qəşəm Nəcəfzadə tədbir boyu şeirlər səsləndirib, kitablarını imzalayaraq qonaqlara təqdim edib. Filial direktoru Nəsibə xanım İmişli rayon Dövlət Arxivnin direktoru Elşən Hüseynovla birgə Qəşəm Nəcəfzadənin atasının ailə tərkibi haqqında aşkarladıqları arxiv sənədlərindən çıxarışı şairə təqdim ediblər. 

İştirakçılar, həmçinin filialda mühafizə olunan daimi saxlanma müddətli sənədlərdən təşkil olunmuş “Arxivlər, yaddaş və irsdir” adlı sərgiyə baxış keçiriblər. Sərgi materialları Şirvan şəhərinin tarixini əks etdirən, əhalisinin doğum və ölüm aktlarının qeyd olunduğu sənədlər, Şirvan şəhərində vaxtilə fəaliyyət göstərən kolxozların kitabları, şəxsi mənşəli fondlar olan Akif Abbasovun, Eldar Qəmərlinin, xüsusilə də Şirvan şəhidlərinin sənədləri ilə tanış oldular. 

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Elm