Alimlər qlobal istiləşmənin xərçəngin artmasına səbəb ola biləcəyini deyirlər. Buzlaqların və qarların əriməsi səbəbindən şiş böyüməsinə səbəb olan maddələr havaya və okean sularına qarışır. Sonra isə qida zəncirinə və oradan da insan orqanizminə daxil olaraq xərçəng, ürək xəstəliklərinə və sonsuzluğa yol açır.
Alimlərin xəbərdarlıqları qlobal istiləşmə, iqlim dəyişikliyi və davamlı üzvi çirkləndirici (DÜÇ) toksinlər arasındakı əlaqəyə dair beynəlxalq araşdırmadan sonra edilib. Mütəxəssislər müəyyən ediblər ki, orta temperaturun artması və digər ekstremal iqlim dəyişiklikləri bütün dünyada insanların DÜÇ-ə məruz qalmasını artırır. DÜÇ illər ərzində buzlaqlarda toplanıb qalır.
BMT-nin Ətraf Mühitin Mühafizəsi Proqramının üzvü Donald Kuperin fikrincə, çox az miqdarda DÜÇ qida zəncirinə qida–istehlakçı əlaqəsi vasitəsilə daxil olacaq. Onlar zaman keçdikcə, daha çox yığılmağa meyillidirlər. Qida zəncirinin sonunda isə insan var. Bəzən ana südündə və qanında da DÜÇ tapılır.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”

