Tələbat və imkanları önə çəkən proqram

post-img

Bügünlərdə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nı muxtar respublikanın əhalisi 30 ildən artıq müddətdə blokada şəraitində yaşayan qədim diyarın növbəti inkişaf təlabatından yaranan və ötən müdətdə gerçəkləşdirilmiş genişmiqyaslı dövlət dəstəyinin davamlılığını təmin edən önəmli tarixi sənəd kimi qarşılayıb. 

Sərəncamda qeyd olunur ki, 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proq­ramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. Bu çərçi­vədə görülmüş işlər qarşıdakı illərdə də muxtar respublikanın inkişafı üçün geniş imkanlar yaratmışdır. Xüsusilə, mövcud imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlve­rişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsin­də ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması is­tiqamətlərində işlərin yeni keyfiyyət mər­hələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir. 

İndiki dövlət proqramı ilə tanışlıqdan məlum olur ki, yeni sənəd əvvəlki illərdə­kindən daha əhatəli və gələcəyə yönəlik mühüm prioritetləri özündə birləşdirən, daha mükəmməl layihələr kompleksidir. Bu proqramın hazırlanması üçün cari ilin əvvəllərindən muxtar respublikada bir çox sahələr ciddi təhlil olunub, möv­cud vəziyyət yerində araşdırılaraq qiy­mətləndirilib və bütün bunların əsasında məqsədyönlü hədəflər müəyyənləşdirilib. 

Proqramın mükəməlliyini təmin edən amillərdən biri gələcək hədəflərin müəy­yənləşməsində GZİT (Güclü və zəif tərəf­lər, imkanlar və təhlükələr) təhlilindən istifadə olunmasıdır. Məhz bu araşdırma nəticəsində müəyyən olunub ki, döv­lət xidmətlərinə əlçatanlıq səviyyəsinin aşağı olması, əlverişli biznes mühitini formalaşdıran zəruri təşviqlərin azlığı, maliyyəyə çıxış imkanlarının məhdud­luğu, regionun enerji təchizatı və kom­munikasiya xətlərinin aşağı səviyyədə diversifikasiya olunması, elektrik xətlə­rinin istismar müddətinin başa çatması, kənd təsərrüfatı və digər sahələr üzrə infrastruktur və su təminatı sistemində çatışmazlıqlar, ölkənin digər əraziləri ilə birbaşa quru nəqliyyat əlaqəsinin olma­ması mövcud imkanlardan maksimum istifadəni məhdudlaşdırır.

Diqqət etsək görərik ki, zəif tərəflər­də əsas ağırlıq iqtisadi istiqamətlər üzrə­dir və regionun ölkənin digər əraziləri ilə nəqliyyat-kommunikasiya imkanlarının məhdudluğu istisna olmaqla (bu prob­lemin həlli yerli idarəetmənin səlahiyyə­tindən asılı deyil), digər istiqamətlər üzrə “zəifliklər”, həm də bu sahədə indiyədək həll olunmayan problemlərin mövcudlu­ğundan xəbər verir. 

Təhlükəli vəziyyətin yaranmasında isə indiyədək muxtar respublikada büdcə transferləri payının yüksək olması, ixrac bazarlarının coğrafi diversifikasiyasının məhdudluğu, istehsal olunan məhsulla­rın beynəlxalq bazarlarda rəqabət üstün­lüyünün itirilməsi təhlükəsi, qlobal iqlim dəyişikliyi təsirləri, xüsusilə, əkinəyararlı torpaq sahələrinin səhralaşması və deq­radasiyası, əhalinin digər regionlara və xarici ölkələrə miqrasiyası əsas götürülüb. 

Real vəziyyətin dəyişdirilməsində, yəni, proqramda icrası nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsində muxtar respublikanın “imkanları” və “güclü tərəf­ləri” də müəyyənləşdirilərək nəzərdən keçirilir. Güclü tərəf kimi muxtar diyarın təbii ehtiyatları və xammal bazası, bərpa olunan enerji potensialı (günəş və külək enerjisi), sahibkarlığın inkişafına, ixracın stimullaşdırılmasına və əlverişli investisi­ya mühitinin yaradılmasına dövlət dəstə­yi, beynəlxalq hava limanı, xarici ticarət üçün əlverişli iqtisadi-coğrafi mövqedə yerləşməsi əsas götürülür. 

Potensial imkanlar kimi isə Naxçıva­nın mühüm enerji və nəqliyyat dəhlizlə­rinə yaxınlığı, xüsusilə, Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizlə logistik bağlantı­sı, rəqabətqabiliyyətli turizm potensialı, ixracyönlü sənaye sahələrinin inkişafı perspektivləri, enerji təchizatı və kommu­nikasiya xətlərinin dayanıqlığının artırıl­ması və sair göstərilir. 

Ümumilikdə, yeni dövlət proqramında qarşıya qoyulan əsas prioritetlər muxtar respublikada əlverişli biznes mühitinin, o cümlədən azad iqtisadi zonanın yara­dılması, ticarətin, ixracyönlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, infrastruktur təmi­natının, sosial sektorun, insan kapitalının inkişafını təmin etmək, həmçinin elektrik enerjisi istehsalının və ixracının artırıl­ması, institusional inkişafın, ətraf mühitin mühafizəsinin gücləndirilməsinin təmin edilməsidir. 

Beləliklə, yeni qəbul edilmiş döv­lət proqramını indiyədək qəbul edilmiş sənədlərdən fərqləndirən odur ki, əvvəl, əsasən, infrastruktur quruculuğu əsas rol oynayırdısa, yeni proqramda daha çox müxtəlif istiqamətlər üzrə iqtisadi və sosial hədəflərə nail olunması qarşıya məqsəd qoyulub. Önəmli məqamlardan biri də odur ki, yeni proqramda görüləcək işlərlə bağlı regionun spesifik xüsusiyyət­ləri nəzərə alınmaqla, həm də beynəlxalq təcrübədə təsdiqini tapmış ən yaxşı təc­rübələrin tətbiqi də nəzərdən keçirilir. Xüsusilə, dövlət proqramı hazırlanarkən davamlı inkişaf prinsipləri, o cümlədən BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gün­dəliyi” ilə müəyyən olunan Dayanıqlı İnkişaf Məqsədləri, həmçinin mütərəqqi beynəlxalq təcrübə və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi potensi­alı və ehtiyaclara əsaslanan çağırışlar nəzərə alınıb. 

Proqramın icrasında hədəflərə uy­ğun olaraq dayanıqlı iqtisadi artımın dəstəklənməsi, layiqli məşğulluq imkan­larının yaradılması, bölgə əhalisi üçün əlçatan, etibarlı və müasir enerji xidmət­ləri, insan rifahını dəstəkləyən keyfiyyət­li və möhkəm infrastrukturun qurulma­sı həm də 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinə nail olunması üçün atılacaq addımlardır.

S.HƏSƏNOV, “Xalq qəzeti”

Sosial həyat