“Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır”

post-img

“Naxçıvan” Universitetinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli dövlətçilik məsələləri” respublika elmi konfransı keçirilib.
Elmi məclisdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin əziz xatirəsinin silsilə tədbirlərlə muxtar respublikada da yad edildiyini, elmi-praktik konfransların keçirildiyini, böyük rəhbərin irsinin dərindən öyrənildiyini deyib. O bildirib ki, ümummilli liderin həyat və fəaliyyəti hər zaman Azərbaycan xalqına və dövlətinə xidmət etmək olub. 
1990–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının ağır vəziyyətdə olmasından, mənfur qonşularımızın keçmiş Dağlıq Qarabağda olduğu kimi, Naxçıvana da hücumlar təşkil etməsindən danışan Fuad Nəcəfli bu vəziyyətdə Naxçıvan Muxtar Respublikasının xilaskarının məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin olduğunu vurğulayıb. 
 “Dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqil dövlətimizin əsas dayaqlarını təşkil edir”, - deyən səlahiyyətli nümayəndə bu dövrdə Naxçıvanın işğal təhlükəsindən qurtulması, bir sıra mühüm qərarların qəbul olunmasından, ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışının xalqımıza, Azərbaycana uğurlar gətirməsindən geniş danışıb, bu ilin mayın 10-da Şuşadan xalqa müraciəti zamanı ölkə Prezidenti cənab İlham Əliyevin söylədiyi “Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır” ifadəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
Qeyd olunub ki, bu gün Azərbaycanda aparılan siyasət də məhz ulu öndər Heydər Əliyev siyasətidir. Bu siyasət müzəffər Ali Baş Komandan tərəfindən uğurla davam və inkişaf etdirilir. Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dünyanın müxtəlif bölgələrində, dövlətlərində ümumbəşəri irs sayılan abidələrə olduqca diqqət və qayğı göstərilməkdədir. Bu, əlavə olaraq Azərbaycana beynəlxalq arenada geniş imkanlar yaradır. Bundan yüz illər ötsə də, Azərbaycan xalqı ümummilli liderimizin irsini, fəaliyyətini, həyatını heç zaman unutmayacaq.
“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev fenomenal şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, uzaqgörən, praqmatik siyasətindən bəhs edib. Azərbaycanın bugünkü uğurlarının təməlində Heydər Əliyev ideyalarının və siyasətinin dayandığını bildirən Hafiz Paşayev diqqətə çatdırıb ki, əgər ulu öndər olmasaydı, biz firavan, azad, müstəqil Azərbaycanın bugünkü vəziyyətini görə bilməzdik. 
Daha sonra “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov və Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə çıxış ediblər. 
Konfrans “ADA” Universiteti və “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsert proqramı ilə yekunlaşıb.


Səbuhi HƏSƏNOV, “Xalq qəzeti”



Sosial həyat