Ağdama qayıdacağımız gün uzaqda deyil...

post-img

Qarabağ həsrəti 44 günlük Vətən müharibəsindəki qələbəmiz sayəsində sona çatdı. Biz tarixi uğur qazanaraq düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi, kəndlərimizi yağılardan təmizləyərək ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Bundan sonra azad olunan ərazilərdə infrastrukturun qurulması, strateji obeyktlərin tikintisi həyata keçirilməyə başlandı, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına səfər etmək imkanı qazandılar. Onlardan biri də Xəzəngül Alışovadır. Xəzəngül xanım deyir: – Ağdama gedəcəyim günü səbirsizliklə gözləyirdim. Əvvəlcədən hazırlıq görmüşdüm. Şəhid həyat yoldaşımın məzarı üzərinə sərmək üçün bayraq və gül almış, şəklini böyütmüşdüm...
Axşam çox narahat yatdım, tez-tez yuxudan ayılıb saata baxır, “birdən yatıb qalar, avtobusa geçikərəm”, – deyə narahatlıq keçirdim.
...Artıq qaynım qapıdadır. Övladlarımı əzizləyib maşına əyləşirəm. Uşaqlar mənə çoxlu şəkil və video çəkməyi dönə-dönə tapşırırlar.  “Mütləq çəkəcəyəm, narahat olmayın”, – deyirəm... Əlimdə əlacım olsa, Ağdamın hər daşını, hər qarışını çəkib həkk edərdim telefonumun yaddaşına. 
Avtobusla yol uzun, xatirələrsə  çox... Gedirik illərlə həsrətini çəkdiyimiz doğma Ağdama. Qayıdırıq ağ atlı oğlanların, ağ duvaqlı qızların yurdu, illərdir adından ağ sözünü çıxarıb, “Qarabağın qara taleyi” adlandırdığımız Ağdama, bədxah addımlar köksündə yaralar açmış Vətənə.
...Yolumuzun üstündə olan dağıdılmış, viran qoyulmuş kəndlərə ürək ağrısı ilə tamaşa edirəm. “Bura Göytəpə kəndidir”, – bələdçi deyir. Ayağa qalxıb pəncərədən boylanıram. –Nə kənd, kənd hanı! – deyə soruşuram... Kəndi xatırladacaq heç nə saxlanılmayıb. Erməni faşizmi bu yurd yerini, sözün əsl mənasında, yer üzündən silib.  
Bələdçi daha sonra yaşayış məskənlərinin adlarını sadalamağa davam edir. Tərnöyüd adını çəkən zaman həmin kəndin sakini, bizimlə yol yoldaşı olan oğlan yerindən qəfil sıçrayaraq: “Baxın, o ev, bizim evimizdir!” – deyir. Çox həyəcanlıdır, sevincindən bir yerdə dura bilmir. Sonra bizimlə birlikdə səfər edən polisə, bələdçiyə və sürücüyə baxaraq “icazə verin yaxına gedim”, – deyir.  Amma təhlükəsizlik səbəbindən razılıq verilmir.
Avtobus Seyidlər məhəlləsinə yaxınlaşanda məni həyəcan bürüyür, yerimdə rahat otura bilmirəm, ətrafı diqqətlə nəzərdən keçirəm. Evimiz Cümə məscidindən cəmi 10 dəqiqəlik məsafədədir. Amma yerini tapa bilmirəm. Sonra həyat yoldaşımın maşın təmiri üçün qazdığı çuxuru axtarıram, bəlkə onun sayəsində evimizin yerini müəyyənləşdirə bildim. Bütün cəhdlərim nəticəsiz qalır... 
...Ağdam Şəhidlər xiyabanını ziyarət etdik. Şəhid məzarları dağıdılmış, yerlərində çuxurlar qalmışdı. Bunları gördükcə adamın ürəyi parçalanır. Milli Qəhrəman Allahverdi Bağırovun məzarı da buradadır. Elə həmin məzarın səmti ilə bəzi qəbirlərin yeri tapılaraq bərpa olunub.
Təhlükəsizlik səbəbindən həyat yoldaşımın dəfn olunduğu “Uzundərə” qəbiristanlığına gedə bilmədik. Bu, necə də ağır hissdir, illərlə həsrətində olduğun şəhid məzarının lap yaxınlığında olasan, ancaq ziyarət edə bilməyəsən?! Bunu, bu hissi yaşayanlar yaxşı bilir. “Atamoğlan, qadan alım, bizi bağışla, səni ziyarət edə bilmədim. Gətirdiyim gülləri şəhid qəbirlərinin üzərinə düzüb dua etdim, onlara Allahdan rəhmət diləyib ruhları qarşısında baş əydim”, – düşüncələrimlə buradan uzaqlaşdım. 
...Həyat yoldaşımın məzarını ziyarət edə bilməməyim məni çox kədərləndirdi. Onun şəhid olduğu gün kino lenti kimi gözümün qarşısından keçdi. İyulun 21-i idi, səhər tezdən atışma düşdü. Bu hadisədən bir gün sonra bizim hərbçilər Əsgərana hücum edəcəkdilər. Bu məqsədlə Şirin Mirzəyevin taborundan Ərşadın dəstəsi Seyidli məktəbinin həyətinə toplaşmışdı. Düşmənin atdığı mərmi onların toplaşdığı yerə düşmüşdü, 24 nəfər şəhid olmuşdu. Yaralananlardan biri isə həyat yoldaşım idi... O, yaralı olsa da, döyüş yoldaşlarını “Villis” maşınında xəstəxanaya çatırıb, onların həyatını xilas edə bildi, özü isə şəhid oldu.


Pünhan ƏFƏNDİYEV, 
“Xalq qəzeti”nin 
bölgə müxbiri

Sosial həyat